Məhkəmə qərarları › İş №e-2(011)-4569/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4569/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4569/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin mülkiyyətinə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mersedes-Benz S350” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının mülkiyyətinə keçirmək üçün Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC ilə 01 avqust 2013-cü il tarixdə 1562M/13/B saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 36 ay müddətinə “Mersedes-Benz S350” minik markalı, buraxılış ili 2006, qara metal rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə götürmüşdür. Bundan sonra "xxxx" Lizinq Şirkəti QSC İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 01 avqust 2013-cü il tarixdə 1562M/13/B saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilərək lizinq obyekti olan “Mersedes-Benz S250” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılmasını xahiş etmiş, iddia təmin olunaraq qətnamə çıxarılmışdır. Qətnamə 20 noyabr 2017-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. "xxxx" Lizinq Şirkəti QSC sonradan fəaliyyətini Cavabdeh MMC kimi davam etdirmişdir. Bundan sonra iddiaçı tərəfindən Cavabdeh MMCyə qarşı 52.828,88 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia qaldırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iddia tələbi ilə iddia qismən təmin edilərək 34.500 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını cavabdeh ilə aralarında bağlanmış daxili maliyyə lizinqi müqaviləsi təşkil edir. İş materiallarından görünür ki, "xxxx" Lizinq Şirkəti QSC ilə İddiaçı arasında 01 avqust 2013-cü il tarixdə 1562M/13/B saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı 36 ay müddətinə “Mercedes Benz S350” minik markalı, buraxılış ili 2006, qara metal rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə götürmüşdür. Müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən "xxxx" Lizinq Şirkəti QSC İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli, 2(001)-13217/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC ilə cavabdeh İddiaçı arasında 01 avqust 2013-cü il tarixdə bağlanmış 1562M/13/B saylı daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyekti olan 2006-cı il buraxılışlı, “Mercedes Benz S350” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara metal rəngli avtomobilin cavabdehlər İddiaçı və X1 alınaraq mülkiyyətçi "xxxx" Lizinq Şirkəti QSC-nə qaytarılması qət edilmişdir. Daha sonra İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(005)-322/2020 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən 34.500 ABŞ dolları məbləğində pul və 15 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)- 738/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(005)- 322/2020 saylı qətnaməsi dəyişdirilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30.000 manat müəyyən edilmiş, “Mercedes Benz S350” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması qət edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-134/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)- 738/2021 saylı qətnaməsi Mercedes Benz S350” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması hissələrində ləğv edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbinə daha öncəki məhkəmə qərarları ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya təmin edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, iddiaçının tərəflər arasında mövcud olan müqaviləyə əsasən öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq lizinq predmeti adına rəsmiləşdirilməmişdir. Yuxarıda istinad olunan məhkəmə qətnamələri ilə avtomobilin iddiaçının adına keçə bilməməsi səbəbindən ona avtomobilin dəyərinin bir hissəsi qədərində müəyyən məbləğ tutulmuşdur. İddiaçı hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etməkdə haqlı deyildir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddiasında haqlı olsaydı belə, hazırkı iddia tələbi üzrə cavab verməli olan tərəf Cavabdeh MMC deyildir. Belə ki, hər hansı əmlakın mülkiyyətə keçirilməsinin rəsmiləşdirilməsi dövlət orqanları tərəfindən həyata keçirilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilmiş halları və qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığını nəzərə alaraq, hesab edir ki hazırkı iş üzrə iddiaçının iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı - “Mersedes-Benz S350” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının mülkiyyətinə keçirmək üçün Cavabdeh MMC-yə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar