Məhkəmə qərarları › İş №e-2(011)-473/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-473/2024

19.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-473/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının abonent hesabına yazılmış 2073,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil xüsusi mülkiyyətində olmaqla iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Cavabdeh X1 tərəfindən ünvana 2001-ci il tarixli, ÇİN istehsalı olan olan, Elster tipli, G-2,5 markalı, ******* saylı mexaniki sayğac quraşdırılmışdır. Həmin ünvan **********20070 saylı abonent kodu ilə cavabdeh X1 tərəfindən qazla təmin olunur. İddiaçı tərəfindən istifadə etdiyi qazın dəyəri vaxtaşırı ödənilib və həmişə həmin ünvan qazla təmin olunub. Sayğacın 20 ildən çox müddət ərzində istismar edilməsinə baxmayaraq cavabdeh X1 tərəfindən sayğaca heç bir zaman texniki baxış keçirilməmiş və yenisi ilə əvəz olunmamışdır. Bu hal öz növbəsində sayğacda texniki problemin yaranmasına əsas verir. 19 aprel 2023-cü il tarixində cavabdehin əməkdaşları ünvana gələrək sayğacın mexaniki göstəricisinin oxunmaması səbəbdən sayğacı qaz xəttindən ayırdılar və yerinə Zenner tipli, G-4 markalı, **********605 saylı yeni smart sayğac quraşdırdılar. Bu zaman cavabdehin əməkdaşları ******* saylı akt tərtib edərək, yuxarda göstərilənləri akta əks etdirdirib imza etdiriblər. Yeni sayğacın kartını təqdim edərək kartı aktiv etdirənədək, az miqdarda, limit üzrə sayğacın qaz buraxacağını və kartın necə aktiv edilməsi barədə məlumatı bildirərək əvvəlki sayğacı özləri ilə aparmışdırlar. İddiaçı tərəfindən aktın və sayğacın şəkliləri telefon vasitəsi ilə çəkilərək çap edilmişdir. Asan Kommunal vasitəsi ilə kart aktiv edilmiş və mənzilin qaz istifadəsi bərpa olunmuşdur. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. 29 aprel 2023-cü il tarixində cavabdehin əməkdaşları tərəfindən Akt və ona əlavə edilmiş sənədlər təqdim edilmişdir. Lakin aktı qəbul etməkdən iddiaçı imtina etmiş və bu zaman akt və ona əlavə edilmiş sənədlərin surətləri onun tərəfindən götürülmüşdür. Bununla da ona məlum olmuşdur ki, Cavabdeh 19 aprel 2023-cü il tarixli qaz sayğacının yoxlanması barədə tərtib olunmuş MSK-14-2-2/3-5- 4129-1 saylı akt ilə, iddiaçının iştirakı və xəbəri olmadan, 19 aprel 2023-cü il tarixində götürülmüş sayğaca 17 aprel 2023 -cü il tarixdə baxış keçirilmişdir. Lakin sayğaca 17 aprel 2023-cü il tarixdə baxış keçirilməsi tamamıilə ağ yalandır. Belə ki, həmin zaman sayğac heç yerindən çıxarılmamışdır. Bundan əlavə olaraq həmin aktın yoxlamanın nəticəsi yerində göstərilir ki, güya, “Sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsi gövdəyə birləşən hissədən kənar təsir nəticəsində əzilib. Sayğacın hesablayıcı mexaniziminin iş prinsipinə maneə törədilməsi mümkündür. Hesablama mexaniziminin dişli çarxları öz oxundan çıxıb. Sayğac istismara yararsızdır”. Lakin sayğacın foto şəkillərindən açıq aydın şəkildə göründüyü kimi bu hal sayğac götürülən zaman aşkar edilməmiş və sayğacın yenisi ilə dəyişdirilməsi zamanı tərtib edilmiş ******* saylı, 19 aprel 2023-cü il tarixli aktda göstərilməmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03844624 saylı, 25 aprel 2023-cü il tarixli akt tərtib olunmasında iddiaçı iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır. Bu akt ilə 17280 kub təbii qaz həcmində dəymiş ziyan hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən şifahi qaydada bildirilmişdir ki, 17280 kub 0,12 manata vurulmaqla ona 2073.6 manat pul borc kimi yazılacaq. Sayğac çıxarılan zaman X2 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan cavabdeh tərəfindən aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi hesablanan 2073,60 manat borc X1 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan üzrə sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “MSK 14-2-2/3-5-4129-1 saylı rəyinə əsasən “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdəyə birləşən hissədən kənar təsir nəticəsində əzilib. Hesablama mexanizminin dişli çarxları öz oxundan çıxıb. Sayğac istismara yararsızdır” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan MSK 14-2-2/3-5-4129-1 nömrəli Aktdan görünür ki, ******* nömrəli sayğac üzrə yoxlamanın nəticəsi kimi ““Sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsi gövdəyə birləşən hissədən kənar təsir nəticəsində əzilib. Sayğacın hesablayıcı mexaniziminin iş prinsipinə maneə törədilməsi mümkündür. Hesablama mexaniziminin dişli çarxları öz oxundan çıxıb. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********20070 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 04/2023-cü il tarixi üzrə 2073,60 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, iddiaçıya məxsus ünvan üzrə sayğac yenisi ilə əvəz edilmişdir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “MSK 14-2-2/3-5-4129-1 saylı rəyinə əsasən “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi gövdəyə birləşən hissədən kənar təsir nəticəsində əzilib. Hesablama mexanizminin dişli çarxları öz oxundan çıxıb. Sayğac istismara yararsızdır” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin iddiaçının **********20070 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 04/2023-cü il tarixi üzrə 2073,60 manat borc yazılmışdır, hazırda həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 2073,60 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********20070) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2073,60 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla 40,73 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********20070 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik borc silinsin. Cavabdehndən 40 (qırx) manat 73 (yetmiş üç) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar