Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-477/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğvi və əsassız olaraq borc kimi yazılmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “aktın ləğvi və əsassız olaraq borc kimi yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316, ev 1B-də yerləşən 98 nömrəli mənzilə (abonent kodu **********00980) əssazsız olaraq yazılmış xx.xx.2022-ci il tarixli ******* aktın ləğv edilməsinə və həmin akta əsasən hesablanmış 1.762,56 manat cərimənin Cavabdeh tərəfindən silinməsi, həmçinin məhkəmədə iddiaçını təmsil etməsi üçün vəkil xərcləri üçün ödənilmiş 400 manat pul vəsaitinin Cavabdeh İB-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində ipoteka yolu ilə "xxxx" ASC vasitəsi ilə X3 adına olan və Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316, ev 1B-də yerləşən 98 nömrəli mənzili alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evin açarları ev sahibinin xahişi ilə 2 ay sonra xx.xx.2022-ci il tarixində X3 etibarnamə üzrə nümayəndəsi olan atası X2, iddiaçının tanışı olan Fərəczadə Aynanın şahidliyi ilə iddiaçıya verilmişdir. İddiaçı kommunal xətlərin qeyri qanuni yolla çəkildiyini düşünərək, xx.xx.2022-ci il tarixində aldığı evə köçmədən öncə bu vəziyyəti düzəltmək məqsədi ilə Cavabdeh İB-yə yazılı müraciət etməyə çalışmışdır. Lakin Cavabdeh İB-nin əməkdaşları iddiaçının yazılı müraciətini qeydiyyata almağa ehtiyyac olmadığını, şifahi olaraq müraciətini nəzərə aldıqlarını və bununla baglı məsələni həll edəcəklərini bildirmişlər. Bundan sonra özünü Cavabdeh İB-nin Xətai Rayon Qİİ-nin əməkdaşı kimi təqdim edən Bədəlov Qorxmaz adlı şəxs mənzildəki sayğaca baxış keçirərək, sayğaca bağlı olmayan əlavə xətt və sayğacın plombunun zədəli olmasını aşkar etmiş, telefonu ilə şəklini çəkmişdir. Bu hadisədən sonra iddiaçı bir həftə ərzində heç bir məlumat ala bilmədiyi üçün təkrar olaraq qaynar xətt ilə şifahi şikayət etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində Bədəlov Qorxmaz və özünü rəis kimi təqdim edən Tofiq adlı şəxs mənzilə gəlmiş, yenidən telefon vasitəsi ilə sayğaca bağlı olmayan əlavə xətt və sayğacın video görüntüsünü çəkib və əlavə olaraq 1.000 manatdan yuxarı məbləğdə cərimə yazılacağını bildirmişdir. Daha sonra iddiaçının məlumatı olmuşdur ki, həmin qaz xəttinə dair Akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixində iddiaçı Bakı Reqional Qazın Satış Departamentinə getmiş və həmin Aktın surəti iddiaçıya təqdim edilmişdir. Həmin xx.xx.2022-ci il tarixli ******* saylı Akta əsasən iddiaçıya 1.762,56 manat məbləğində cərimə yazmışlar. İddiaçı hesab edir ki, həmin akt və cərimə qanunsuz və əsassız olduğundan həmin akt ləğv olunmalıdır, hesablanmış cərimə məbləği isə silinməlidir. İddiaçının mülkiyyətində olan mənzilin abonent kodunun nömrəsi **********00980-dır. Qeyd edilən mənzili aldıqdan sonra iddiaçı həmin mənzildə yaşamamış və qeyri-qanuni qaz xəttindən istifadə etməmişdir. Qeyd olunan akt qanunsuz, əsassız və qərəzli olaraq tartib edilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316, ev 1B-də yerləşən 98 nömrəli mənzilə (abonent kodu **********00980) əssazsız olaraq yazılmış xx.xx.2022-ci il tarixli ******* aktın ləğv edilməsinə və həmin akta əsasən hesablanmış 1.762,56 manat cərimənin Cavabdeh tərəfindən silinməsi, İddiaçı ilə yeni abunə müqaviləsinin bağlanması və yeni qaz sayğacının qoyulması vəzifəsinin cavabdehə həvalə edilməsi, həmçinin məhkəmədə iddiaçını təmsil etməsi üçün vəkil xərcləri üçün ödənilmiş 400 manat pul vəsaitinin Cavabdeh İB-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316, ev 1B-də yerləşən 98 nömrəli mənzilə (abonent kodu **********00980) əssazsız olaraq yazılmış xx.xx.2022-ci il tarixli ******* aktın ləğv edilməsi, həmin akta əsasən hesablanmış 1.762,56 manat cərimənin Cavabdeh tərəfindən silinməsi, İddiaçı məhkəmədə təmsil etməsi üçün vəkil xərcləri üçün ödənilmiş 400 manat pul vəsaitinin Cavabdeh İB-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, verdiyi izahatında bildirmişdir ki, sözügedən mənzil 09 iyun 2022-ci il tarixində alğı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı həmin ünvanda təmir işləri görmüş, evə köçmək ərəfəsində qaz xətlərində problem olduğunu görüb Cavabdeh İB-yə müraciət etmişdir. Cavabdehin nümayəndəsi sözügedən ünvana gələrək iddiaçı akt tərtib etmiş və iddiaçıya cərimə yazmışlar. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçı 09 iyun 2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316, ev 1B-də yerləşən 98 nömrəli mənzili alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin ünvanda quraşdırılmış **********00980 nömrəli qaz sayğacı mənzilin keçmiş sakini X1 adına olmuşdur. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilə cəmi 1.762,56 manat borcu yaranmışdır və həmin borc məbləği cavabdeh tərəfindən iddiaçıdan tələb edilir. Məhkəmə qeyd olunan ünvanda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə hallarının olub-olmamasını aydınlaşdırmaq məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim olunmuş Bakı şəhəri, Xətai rayonu, X8, məhəllə 2316, mənzil 98 ünvanında olan qaz sayğacına bərkidilməyən (müdaxilə olunmaqla) əlavə qaz xəttinin olması müşahidə olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, məhəllə 2316, ev 1B-də yerləşən 98 nömrəli mənzili 09 iyun 2022-ci il tarixində alğı-satqı müqaviləsi əsasında almışdır və həmin mənzildə yaşayır. Mənzildə quraşdırılmış qaz sayğacı mənzilin keçmiş sakini X1 adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkilinin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı mənzili aldıqdan sonra orada təmir-tikinti işləri aparmış, mənzilə köçmək ərəfəsində kommunal xətlərdə problem olmasından şübhələnərək Cavabdeh İB-yə müraciət etmişdir. Cavabdehin əməkdaşları həmin ünvana gələrək sayğaca baxış keçirmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilmiş və akt tərtib edərək iddiçıya cərimə yazılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzildə yerləşən qaz sayğacına qanunsuz qoşulma halı öz təsdiqini tapsa da, həmin qoşulmanın məhz iddiaçı tərəfindən həyata keçirilməsi halı sübuta yetirilmədən, cavabdeh də bu halı aydınlaşdırmadan iddiaçıya əsassız olaraq cərimə yazmışdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək akt tərtib edilsə də, məhz iddiaçı tərəfindən qazın talanması məsələsi araşdırılmadan və bu fakt öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Məhkəmə qeyd edir ki, keçirilmiş ekspertiza nəticəsində həmin ünvanda kənar xətt aşkar edilsə belə, kənar xəttin iddiaçı tərəfindən istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Mənzilin iddiaçı tərəfindən alınması, özünün cavabdeh təşkilata müraciət etməsi, onun səyləri nəticəsində qanunsuz qoşulma faktının aşkara çıxarılması nəzərə alınmalı, Cavabdeh İB tərəfindən qanunsuz qoşulmanın məhz iddiaçı tərəfindən həyata keçirilməsi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etməsi halı öz təsdiqini tapmamaışdır, bununla da, iddiaçı qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə məhkəmə xərclərinə də öz qətnaməsində qiymət verməlidir. Məhkəmə iddia tələbinin 400 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, 29 oktyabr 2022-ci il tarixdə İddiaçı tərəfindən Kredo Vəkil Bürosunun hesabına 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 400 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 manat müəyyən edilmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 37.63 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 110 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, nə qədər ki, iddiaçıya məxsus ünvanda yerləşən sayğaca iddiaçı tərəfindən qanunsuz qoşulma halı öz təsdiqini tapmır, məhkəmə hesab edir ki, abonentə yazılmış cərimə borcu əsassız hesab edilərək silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı istifadəsində olan **********00980 saylı abunə koduna hesablanmış 1.762,56 manat məbləğində borc silinməli, hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməli, Cavabdehndən 37.63 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 110 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00980 saylı abunə koduna hesablanmış 1.762,56 (bir min yeddi yüz altmış iki manat əlli altı qəpik) manat məbləğində borc silinsin. İddiaçı hüquqi xidmətə görə ödədiyi 400 (dörd yüz) manat pul vəsaiti Cavabdehndən alınaraq iddiaçıya ödənilsin. Cavabdehndən 37.63 (otuz yeddi manat altmış üç qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 110 (bir yüz on) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-477/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-477/2023
21.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver