Məhkəmə qərarları › İş №e-2(011)-4789/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4789/2022

19.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4789/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqununa xitam verilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.000 manat kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə nikahını 13 oktyabr 2009-cu il tarixdə Bakı nikah evində rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikahdan 02 avqust 2010-cu il təvəllüdlü Kənan və 13 sentyabr 2013-cü il təvəllüdlü Orxan anadan olmuşdur. Tərəflərin arasındakı nikah qeydi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi pozulduğundan və onunla hər hansı bağlılığı qalmadığından xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzilində cavabdehin qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzili 24 noyabr 2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Onların arasındakı nikah 2009-cu ilin oktyabr ayında rəsmiləşdirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(011)-5298/2021 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı həmin mənzildə yaşamasa da, orada qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə cavabdeh ilə iddiaçının nikaha daxil olması ilə bağlı hüquq münasibətlərinin 2009-cu ildən yaranmasına istinad edərək məhkəmə hesab edir ki, sözügedən münasibətlərinin tənzimləməsi üçün 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən mübahisəli evin hüquqi vəziyyətini nəzərə alıb hesab edir ki, hazırkı mülki iş üzrə cavabdeh iddiaçının keçmiş arvadı olaraq Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olmadığından, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzilindən iddiaçı ilə birlikdə istifadə hüququna malik deyildir. Odur ki, cavabdehin birgə nikah dövründə həmin mənzilə istifadə hüquqları olsa da, nikah rəsmi qaydada pozulduqdan sonra cavabdehin istifadə hüquqları itirilmişdir. Cavabdehin hal-hazırda həmin mənzilə istifadə hüququ mövcud olmadığından hazırkı iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə cavabdehin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdehin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdən qanuni əsaslarla istifadə hüququnun əmələ gəlməməsinə istinad edilməklə iddia tələbi rədd edilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı- Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə iddia tələbi rədd edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945/46-cı məhəllədə yerləşən 66 saylı evin 87 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar