Məhkəmə qərarları › İş №e-2(011)-48/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-48/2023

25.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-48/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehlər, X1 və Cavabdeh2 Ziyaddin qızının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh, həmçinin Nəzəni Eyyubovanın nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 Ziyaddin qızına qarşı “yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi və yerləşkənin altındakı torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. ünvan 1 ünvanında yerləşən 5b saylı fərdi yaşayış evi İddiaçı4 (mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır), 5v saylı fərdi yaşayış evi İddiaçı1 (mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır), 5a saylı fərdi yaşayış evi İddiaçı3 (mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır) və 5q saylı fərdi yaşayış evi (bundan sonra birlikdə – Fərdi yaşayış evləri) İddiaçı2 (mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır) məxsusdur.

2. Fərdi yaşayış evlərinin qonşuluğunda yerləşən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi 14 C saylı qeyri-yaşayış binası (bundan sonra – Qeyri-yaşayış binası) əvvəl cavabdeh Nazəni Eyyubovanın (mülkiyyət hüququ xx.xx.2021-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır) mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi ilə o, 7230,6 kv.m-dən ibarət həmin Qeyri-yaşayış sahəsini tam olaraq oğlu, digər Cavabdeh1 bağışlamışdır. Daha sonra, xx.xx.2022-ci il tarixli bağışlama nüqaviləsi ilə Qeyri-yaşayış binasının, xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən, təsnifat üzrə 1-ci mərtəbədə yerləşən 200 kv.m-dən ibarət 15 saylı “xidmət sahəsi” Cavabdeh1 tərəfindən üçüncü cavabdeh olan Cavabdeh2 bağışlanmış və sonuncunun mülkiyyət hüququ da xx.xx.2023cü il tarixdə dövllət qeydiyyatına alınmışdır.

3. İddiaçılara məxsus Fərdi yaşayış evlərinə gediş-gəliş yolu evlərə dair verilmiş texniki pasportlarda nəzərdə tutulmamışdır. Fərdi yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə yeganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, Qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçılar mülkiyyətlərində olan Fərdi yaşayış evlərindən əsas yola çıxışı təmin edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan Qeyriyaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı sahənin altında olan torpaq sahəsinin zəbt edilməsinin və 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması, iddiaçıların əsas yola çıxışını bağlamaqla mülkiyyətlərindən istifadəyə maneə yaradılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq Nazəni Eyyubovdan hər bir iddiaçıya 12000 manat pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 isə hər bir iddiaçıya 1500 manat məbləğində vəsaitin müştərək qaydada ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddiaçılar iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişlər ki, Fərdi yaşayış evləri aypara şəklində bir birilə qonşuluqda yerləşir. Qonşular qeyd edilən fərdi yaşayış evlərini əldə etdikləri zaman evlərin ümumi istifadədə olan yola çıxışı əvvəl dördmərtəbli olan, sonradan iki mərtəbənin artırılması nəticəsində hazırda altımərtəbəli olan qeyri-yaşayış sahəsində olan arkanın altındakı torpaq sahəsindən keçməklə olmuşdur. Hər bir evin qapısından əvvəlcə ümumi istifadədə olan boş topraq sahəsinə çıxış və oradan da qeyd edilən binanın altında yerləşən ümumi istifadədə olan torpaq üzərində yerləşən arka vasitəsilə ümumi yola cəmi bir çıxış olubdur. Bu 4 qonşunun fərdi yaşayış evlərinə dair Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş texniki pasportlarda mövcud olan “Torpağın planı”nda da fərdi yaşayış evlərinin yola çıxışının həmin arkanın altında yerləşən torpaq sahəsindən olduğu öz əksini tapıb. Lakin hazırda iddiaçıların ümumi yola çıxışını təmin edən cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi istifadədə olan torpaq cavabdehlər tərəfindən zəbt edilərək, arka cavabdeh tərəfindən tikilərək bağlanıb və iddiaçıların ümumi istifadədə olan yola çıxışı kəsilib. Qonşuların cavabdehdən onların ümumi istifadədə olan yola çıxışını təmin edən torpağın zəbt edilməsi ilə nəticələnin arkanın tikintisinin dayandırılması və tikilinin sökülməsi ilə bağlı tələbləri nəticəsiz qalıb. Lakin cavabdehlərin iddiaçıların öz əmlaklarına keçməsi üçün müəyyən edilmiş sahəni bağlaması nəticəsində iddiaçılar öz əmlaklarından istifadə etmək hüquqlarından məhrum olmuşdur. İddiaçılar bu müddət ərzində əmlakından istifadə edə bilməmələri nəticəsində onların əlindən çıxmış faydanı ən azı 54,000 manat həcmində qiymətləndirirlər. Hər biri öz əmlakını aylıq ən azı 500 yüz manata icarəyə verə bilərdilər ki, cavabdehlərin yolu bağlaması nəticəsində onlar bu hüquqlarını reallaşdıra bilməyiblər. Nazəni Eyyubova xx.xx.2021-ci il tarixdən 15 saylı keçid sahəsinin müəyyən edildiyi qeyriyaşayış sahəsinin mülkiyyətçisi olub, həmin tarixdən bu günədək (aprel 2023) hər bir iddiaçının əldən çıxmış fayda məbləği 13,500 manat edir. Bu məbləğin 12,000 manatı Nazəni Eyyubovanın mülkiyyətçi olduğu müddət üçün onun tərəfindən, 1500 manatı isə Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətçi olduğu müddət üçün onlar tərəfindən müştərək qaydada ödənilməlidir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehlər X1 və Cavabdeh2 Ziyaddin qızının vəkili və nümayəndəsi Aslan Mikayılov, həmçinin cavabdeh və Nazəni Eyyubovanın nümayəndəsi Cavabdeh1 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

10. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

20. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır

21. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, şərti olaraq iddia iki tələbi iki hissədən ibarətdir: birinci tələb – 15 saylı sahənin bağlanmasına səbəb olmuş dəmir qurğu (qapının) qanunsuz tikili hesab edilərək cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsindən qonşuların əsas yola çıxışını təmin etmək; ikinci tələb – iddiaçıların mənzillərindən istifadəyə cavabehlər tərəfindən maneə yaradılması nəticəsində əldən çıxmış fayda formasında onlara dəymiş maddi zərərin əvəzinin ödənilməsi.

22. İddiaçıların birinci tələbi mahiyyətcə, mülkiyyətlərində olan daşınmaz əmlaklara gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdehlərin mülkiyyətinə müdaxiləni (mülkiyyəti olan qapının sökülməsi və yola çıxışın təmin edilməsi), yaxud mülkiyyətin məhdudlaşdırılmasını təşkil edir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühəndis texniki ekspertizasının 10/5359 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı yerləşkə (arka) olaraq qeyd olunan sahənin cavabdehin (Nazəni Eyyubova) mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli 04/3904 inventar nömrəli “Texniki pasport”da öz əksini tapan 15 nömrəli “xidmət sahəsi” olduğu müəyyən olunur. Həmçinin, rəydə göstərilir ki, xx.xx.2018-ci il tarixli 04/3904 inventar nömrəli “Texniki pasport”da göstərilən qeyri-yaşayış sahəsinə aid olan 15 nömrəli “xidmət sahəsi”nin sahəsi (daxili sahə) 200 m2-dir və həmin sahə texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsinə daxildir. Həmçinin, qeyd olunur ki, 15 nömrəli “xidmət sahəsi”nin tikinti altı sahəsi (divarların altı nəzərə alınmaqla) 205 m2-dir. Qeyriyaşayış sahəsinin ümumi tikintialtı sahəsinin 1149,7 m2 olduğunu nəzərə alaraq, 15 nömrəli “xidmət sahəsi”nin altındakı torpaq sahəsi nəzərə alınmadan qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin ölçüsü 944,6 m2 müəyyən edilir.

23. Həmçinin, Qeyri-yaşayış sahəsinin mübahisəli olan 15 nömrəli “xidmət sahəsi”nə məhkəmə tərəfindən, ekspertin də iştirakı ilə yerində müayinə zamanı ekspert xx.xx.2018-ci il tarixli 04/3904 nömrəli texniki pasportda 15 nömrəli “xidmət sahəsi”nin (yerləşkən (arka)) iddiaçıların da sökülməsini tələb etdikləri qapı olan tərəfdən giriş hissəsinin əslində bağlı olaraq layihələndirilməsini bildirdi.

24. Məhkəmə qeyd edir ki, yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Qanunla müəyyən edilmiş istisnalardan başqa, hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi isə yalnız mülkiyyətçinin razılığı və iradəsi ilə mümkün ola bilər.

25. Lakin mülkiyyət hüququnun ən üstün hüquqlardan biri olması və yüksək qanuni təminat verilməsi onun hüdudsuz olması anlamına da gələ bilməz. İstər milli, istərsə də beynəlxalq qanunvericilik mülkiyyət hüquqnun məhdudlaşdırılmasının, ona müdaxilə edilməsinin əsaslarını da nəzərdə tutur ki, bu qanuni əsaslar yuxarıda həm Mülki Məcəllənin 152.5, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir.

26. Qanunvericilik müəyyən edir ki, mülkiyyətə müdaxilə üçün hüquqi əsas olmalı, müdaxilə ictimai, yaxud fərdi maraqlara xidmət etməli və mütənasiblik (maraqlar arasında ədalətli balansın təmin olunması) meyarlarına cavab verməlidir.

27. Məhkəmə hesab edir ki, müdaxilənin qanunauyğun (hüquqi əsasın) olması həm müdaxiləni tələb edən tərəfin, həm də müdaxiləyə məruz qalan tərəfin mülkiyyət hüquqlarının qanuni olub-olmamasının araşdırılmasını tələb edir.

28. İddiaçıların Fərdi yaşayış evlərinə dair mülkiyyət hüquqlarının olması işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən edilir ki, yuxarıda göstərilən ünvanda yerləşən 5b saylı fərdi yaşayış evinə İddiaçı4 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə, 5v saylı fərdi yaşayış evinə İddiaçı1 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə, 5a saylı fərdi yaşayış evinə İddiaçı3 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə və 5q saylı fərdi yaşayış evinə İddiaçı2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

29. Eyni zamanda, cavabdehlərin mülkiyyət hüquqlarının qanuni olması da işin mübahisəsiz halıdır. Yenə də, iş materialları ilə müəyyən edilir ki, Qeyri-yaşayış binası cavabdeh Nazəni Eyyubovun mülkiyətinə keçməzdən əvvəl xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olmuş, sonradan həmin çıxarış itdiyi üçün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-3489/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı əsasında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun faktiki ölçülərinə uyğun xx.xx.2018-ci il tarixdə Bayram Eyyubova yeni çıxarış verilmişdir. Bayram Eyyubovun vəfatından sonra Qeyri-yaşayış binası qanun üzrə vərəsəlik qaydasında arvadı olan cavabdeh Nazəni Eyyubovanın mülkiyyətinə keçmiş (digər vərəsələr paylarını Nazəni Eyyubovaya bağışlamışlar), onun Qeyri-yaşayış binası üzərindəki mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmaqla ona bu barədə Dövlət Reyestri Xidməti tərəfindən çıxarıış verilmişdir. Sonradan Qeyri-yaşayış binası Nazəni Eyyubov tərəfindən Cavabdeh1 bağışlanmış, daha sonra isə sonuncu tərəfindən Qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan 15 saylı xidməti sahə Cavabdeh2 bağışlanmışdır.

30. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçıların hər birinin onlara məxsus Fərdi yaşayış evlərinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə hər birinin Qeyriyaşayış sahəsinə mülkiyyət hüquqları vardır. Bu konteksdə, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri haqlı görünə bilər, çünki iddiaçılara məxsus fərdi yaşayış evlərinin əsas yola gediş-gəlişin texniki pasportda nəzərdə tutulmadığı məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyində göstərilsə də, məhkəmənin sorğusuna cavabında AR İİN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab mətubunda qeyd edilmişdir ki, iddiaçıların yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun (S=970 kv.m) əsas yoldan gediş-gəlişi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədəndir (200 kv.m.). Göründüyü kimi, iddiaçıların fərdi yaşayış evləri barədə mülkiyyət hüquqlarından istifadə etmələrinin təmin edilməsi üçün (gediş-gəliş yolunun açılması məqsədilə) Cavabdeh2 aid Qeyri-yaşayış sahəsinin 200 kv.m.-dən ibarət 15 saylı “xidmət sahəsi”nə dair onun mülkiyyət hüquqlarına müdaxilənin qanuni əsası ehtimal edilə bilər. Eyni zamanda, bu iddiaçıların fərdi maraqlarına uyğundur.

31. Lakin məhkəmə hesab edir ki, Qeyri-yaşayış sahəsinin 200 kv.m.-dən ibarət 15 saylı “xidmət sahəsi”ndə quraşdırlmış dəmir qurğunun (qapının) qanunsuz tikili hesab edilərək sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsindən iddiaçıların əsas yola çıxışının təmin edilməsi tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına ziddir. Belə ki, iddiaçıların fərdi yaşayış evlərinə gediş-gəliş yolunun təmin edilməsi cavabdehlərin mülkiyyətində olan hər hansı qurğunun (qapının) qanunusuz hesab edilməklə sökülməsi və 15 saylı “xidmət sahəsi”nin altındakı torpaq sahəsinin əvəzsiz olaraq iddiaçıların istifadəsinə verilməsi yolu ilə deyil, başqa bir qanuni əsasla, servitut yolu ilə daha məqbuldur. Mülki Məcəllədə qeyd edilir ki, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (maddə 255.1 və 255.4)-cü maddələri).

32. Digər bir tərəfdən, iş materialları ilə müəyyən edilir ki, 15 saylı “xidmət sahəsi”nin altında olan torpaq sahəsi zəbt edilmiş torpaq sahəsi deyil, cavabdehlərin qanuni istifadəsindədir, həmçinin 15 saylı “xidmət sahəsi”nin girişinə quraşdırılmış qurğu (qapı) da qanunsuz “tikili” deyil. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixdə Nazəni Eyyubova verilmiş Çıxarışa əsasən Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin istifadədə, tikinti altı sahənin isə 1149,7 kv.m. olması göstərilmişdir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyində də qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş Texniki pasportuda göstərilən qeyri-yaşayış sahəsinə aid olan 15 nömrəli “xidmət sahəsi”nin sahəsi (daxili sahə) 200 m2-dir və həmin sahə texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsinə daxildir.

33. 15 saylı “xidmət sahəsi”nin girişinə quraşdırılmış qurğunun (qapının) da qanunsuz “tikili” hesab edilməsi üçün hüquqi əsas yoxdur, belə ki, yenə də işdə olan istər xx.xx.2014-cü il tarixdə, istərsə də, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuşdur. Digər bir tərəfdən, Qeyri-yaşayış sahəsi Cavabdeh1la Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. Mülkiyyətçinin isə öz mülkiyyətindən istədiyi kimi isitfadə etməsi, bu hüquq digər şəxslərin maraqlarına toxunduğu halda isə pozuntunun aradan qaldırılmasının hüquqi əsasları yuxarıda ətraflı şərh edilmişdir.

34. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların birinci tələbi təmin edilməməlidir.

35. Məhkəmə hesab edir ki, iddiaçıların ikinci tələbi də əsassızdır.

36. İddiaçılar bu tələblərini Mülki Məcəllənin 21-ci maddəsi ilə əsaslandıraraq onlara əldən çıxmış fayda formasında maddi zərər vurulduğunu bildirirlər.

37. Mülki Məcəllənin 21-ci maddəsində zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Digər bir tərəfdən, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsində də tələb və etirazlarının əsası kimi isitnad etdikləri halları sübut etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur.

38. Məhkəmə qeyd edir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət (MPM-nin 5.1-ci maddəsi) etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Lakin iddiaçılar cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılarnın özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar