Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-498/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı yaşadığı ünvanda yerləşən evi qazla təmin edilmiş, istifadə etdiyi sərfiyyata uyğun qazın dəyərini **********04350 nömrəli hesaba ödəmişdir. Qaz sayğacı da həyətdə yox, yolda quraşdırılmşdır. Həmin qaz hesabı əvvəl X1 adına olmuş, daha sonra 2023-cü ilin may ayından etibarən müqavilə onunla bağlanıldığından qaz hesabı onun adına keçmişdir. Qaz idarəsinin nümayəndələri evə gələrək sayğacı xx.xx.2022-ci il tarixdə açmış və onun əvəzində yeni sayğac quraşdırılmışdır. Sayğac açılan zaman onun plombları yerində olmuş, ona hər hansı müdaxilə olmamışdır. Qaz idarəsinin nümayəndələri də sayğaca müdaxilə olması barədə aktda qeydiyyat aparmamışlar. 2023-cü ilin aprel ayında isə cavabdehin nümayəndələri əvvəlki tarixdə açılmış sayğacın dəyərini ödənilməsini tələb etmiş, əks halda evin qaz verilişini dayandıracaqlarını bildirmişdir. Daha sonra isə qaz pulu keçirərkən poçt şöbəsi ona hesabında əlavə 1555.20 manat borc olduğunu bildirmişdir. Bununla əlaqədar Qaz İdarəsi ilə əlaqə saxlayarkən bildirildi ki, 2022-ci ilin avqust ayında açılan sayğaca Bakıdan müdaxilə rəyi gəldiyindən ona cərimə yazılmışdıır. Bu barədə xx.xx.2023-cü ildə onun xəbəri olmadan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş, həmin akt əsasında cavabdeh X2 X4 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 12960 kub metr qaz sərfi və 0.12 qəpikdən olmaqla 1555.20 manat cərimə yazılmışdır və həmin borcun ödənilməsi ondan tələb edilmişdir. Cavabdeh təşkilat tərəfindən 12960 kub metr itirilmiş təbii qaz və həmin miqdarda təbii qazın dəyəri olan 1555.20 manat onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən isə hər hansı məlumatı yoxdur. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına ayda 2 dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş ona təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyəri həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricisinə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Eyni zamanda sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq, yəni ayda ən azı 2 dəfə baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq olsa belə, qısa müdddət ərzində 12960 kubmetr miqdarında təbii qazın itirilməsi inandırıcı deyil. Əgər sayğacda hər hansı bir qüsur olsaydı, bunun olmasını dərhal aşkar edərdi. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İstehlakçı İddiaçı barəsində xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu qeyd edilmişdir. Akta əsasən iddiaçıya 1555.2 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun ( 01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı barəsində tərtib edilmiş akt əsasında 1555.2 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB-i tərəfindən hesablanmış borcdan 1555.2 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə xərcinə daxil olan 35,55 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Ağdaş MQKS, ünvan 1i ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********04350) xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-498/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-498/2025
08.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver