Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4996/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyun 2020-ci il tarixdən cavabdehlə faktiki olaraq müqavilə münasibətində olduqları üçün həmin tarixdən etibarən onunla cavabdeh arasında abunə müqaviləsinin bağlanmış hesab edilməsi, 29 may 2021-ci il tarixdə cavabdeh təqdim edilən borc bildirişində olan su sərfiyyatı 31 yanvar 2021-ci il tarixədək 70x0.50=35 manat, 01 fevral 2021-ci il tarixdən isə yeni tariflə 32x1=32 manat, cəmi 67 manat dəyərində hesablanaraq cavabdeh tərəfindən yeni borc bildirişinin təqdim edilməsi, əlavə hesablanmış 34 manat borc məbləğinin cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə iddiaçının arasında bağlanmış, 16 mart 2020-ci il tarixli notarial müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.24 kv.m, çıxarış üzrə isə 78.2 kv.m olan 2 otaqlı mənzil sahəsi mülkiyyətçi tərəfindən iddiaçıya satmaq öhdəliyi verilməklə kirayəyə verilmişdir. Həmin müqavilə əsasında DƏDRX tərəfindən verilmiş elektron çıxarışla kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı sözügedən mənzil sahəsinə 19 iyun 2020-ci il tarixdən köçmüşdür və indiyədək ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin yerləşdiyi “Xətai Park” yaşayış kompleksi "xxxx" MTK tərəfindən tikilsə də, o, sakinlərə kommunal xidmət göstərilməsi üçün onun tərəfindən ayrıca “X1” MMC yaradılmışdır. “X1” MMC ilə iddiaçının arasında 20 iyul 2020-ci il tarixli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Binanın bütün su sayğacları "xxxx" MTK ilə Cavabdeh ASC arasında bağlanılan abunə müqavilələrinə əsasən quraşdırılmışdır. Bu səbəbdən abunə müqavilələri sakinlərin adına deyildir. “X1” MMC-yə dəfələrlə iddiaçı və digər sakinlər tərəfindən müraciət edilərək su sayğaclarının abunə kodlarının cavabdehdən tələb edilməsi və sakinlərə təqdim edilməsi xahiş edilmişdir. Lakin “X1” MMC-nin məsul şəxslərinin bildirdiyinə görə abunə kodlarının təqdim edilməsi üçün bütün tədbirlər görülsə də, abunə kodları cavabdehin Xətai rayon Sukanal İdarəsi tərəfindən təqdim edilməmişdir. 29 may 2021-ci il tarixdə cavabdeh tərəfindən təqdim edilən bildirişdə əsassız olaraq 101 manat borc tələb edilmişdir. Nəticədə əsassız olaraq 34 manat artıq su borcu yazılmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, su sərfiyyatı üzrə hesablanmış 101 manat borcun 34 manat hissəsinin əsassız olaraq yeni tariflə hesablandığı üçün silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, “X1” MMC ilə iddiaçının arasında 20 iyul 2020ci il tarixli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə bir tərəf istehlakçını su ilə təhciz etməyi, digəri isə bunun müqabilində nəzərdə tutulmuş ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə bir ay ərzində istifadə edilmiş suyun haqqı ödənilmədikdə cavabdehə su təhcizatını dayandırmaq hüququ verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 19 iyun 2010-ci il tarixdən ünvan 2 ünvanda yaşamağa başlamışdır. İddiaçının yaşadığı ünvana cavabdeh tərəfindən abunə kodu verilmədiyi üçün iddiaçı sərf etdiyi suyun dəyərini ödəmək imkanından məhrum olmuşdur. İddiaçı dəfələrlə cavabdeh müəssisəyə müraciət etməsinə baxmayaraq onun yaşadığı ünvana abonent kodu verilməmişdir. 28 iyun 2021-ci il tarixdə iddiaçının yaşadığı ünvan üzrə ona hesab faktura təqdim edilmiş və qeyd edilən fakturaya əsasən iddiaçının 101 manat borcu olduğuna istinad edilmişdir. İddiaçı qeyd edilən məbləğlə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Məhkəm iclasında iddiaçının verdiyi izahatlardan müəyyən edilmişdir ki, təqdim edilən hesab faktura iddiaçı tərəfindən qismən qəbul edilmiş və cavabdeh təşkilata 67 manat borcunun olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2021-ci il tarixdə çəkilmiş fotoşəkildən görünür ki, iddiaçının mənzilinə məxsus sayğacın üzərindəki su sərfiyyatı 70 m3 təşkil etmişdir. Cavabdeh təşkilatın Xətai rayon Sukanal idarəsi tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən iddiaçının 101 manat borcu olduğu qeyd edilmişdir. Borcun yaranma tarixi 18 mart 2012-ci ildən 29 may 2021-ci il qeyd edilmişdir. Eyni qəbzin məzmunundan görünür ki 1 nəfər üçün aylıq istehlak norması 5 m3 nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı proseslərdə iştirak etmiş cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən faktura üzrə borcun hansı qaydada hesablanması və hansı düstura əsasən hesablanması qaydası barədə məhkəməyə hərhansı subut təqdim edilməmişdir. Azərbaycan Respublikası Tarif şurasının 30 yanvar 2021-ci il tarixli qərarına əsasən su və tullantı sularının axıdılmasına görə xidmət haqqı 0.50 manatdan 1 manata artırılmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, iddiaçının sərfiyyatını təşkil edən 102 m3 hesablanma qaydası aşağıdakı üzrə aparılmalıdır: 70 m 3(2020-ci ilin iyun ayından 30 yanvar 2021-ci ilə dək)×0.50=35 manat 32 m 3 (31 yanvar 2021-ci il tarixdən 29 may 2021-ci ilə tdək) ×1=32 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Belə ki, “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilata su sərfiyyatı ilə bağlı borcu 67 manat təşkil edir. Odur ki iddia tələbi təmin edilməli və iddiaçının abonent hesabına artıq yazılmış 34 manat abonentin hesabından silinməlidir. Məhkəmə yuxarıda qeyd olunan sübutlara qiymət verərək, hesab edir ki, cavabdeh iddiaçının abonent hesbaına yazılmış borcun qanuniliyini və əsaslılığını məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddiaçının iddia tələbi təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 20 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 101 (yüz bir) manat borcun 34 (otuz dörd) manat hissəsi silinsin. Cavabdeh ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4996/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4996/2021
02.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver