Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5156/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun "xxxx" MMC-yə ödənilməmiş 309 manat əsas borc, 29 manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğinin, cəmi 368 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh ümumi dəyəri 339 manat olan 1 ədəd mal almışdır və alınan malın dəyəri hissə-hissə ödəmək şərti ilə 12 ay ərzində tam ödənilməlidir. Eyni zamanda, müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün şirkət qarşısında gecikmiş borcu yaranmışdır. Cavabdehin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixinə olan əsas borcu 309 manat, cərimə (dəbbə pulu) borcu isə 29 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə üzrə satılan malın qiyməti 339 manat təşkil edir, alıcı bu müqaviləni imzalamaqla malın qiymətinin vaxtında satıcıya Ödəniş cədvəlinə əsasən tam olaraq ödənilməsini öhdəsinə götürür (Müqavilənin 4.1-ci bəndi). Bu müqavilə üzrə satılan mallar 1 saylı Əlavədə göstərilir (Müqavilənin 8.1-ci bəndi). Bu müqavilə üzrə ödənişlər, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə-Ödəniş cədvəlinə əsasən alıcı tərəfindən ödənilir (Müqavilənin 4.2-ci bəndi). Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir (Müqavilənin 5.4-cü bəndi). İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Smartfon Samsung A12 32GB Red markalı telefonun cəmi qiyməti 339 manat təşkil edir, müqavilə üzrə ödəmə müddəti 12 ay, hər ay üçün aylıq ödəniş 29 manat (yalnız sonuncu ayın ödənişi xx.xx.2023-cü il tarixli ödəniş 20 manat) ilkin ödənişin məbləği 0 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsinə 2 saylı Əlavədən, yəni təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* saylı Nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq Smartfon Samsung A12 32GB Red markalı telefonu qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 309 manat əsas borc, 29 manat dəbbə pulu olmaqla, ümumilikdə 338 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC, Cavabdeh xx.xx.2025-ci il tarixində müqavilə üzrə borcunu 3 gün müddətində ödəməsinə dair pretenziya məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə - müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya 309 manat əsas borcu, 29 manat dəbbə pulu borcu vardır. Cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alğı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə 309 manat ödənilməmiş əsas borc, 29 manat dəbbə pulu olmaqla, ümumilikdə 338 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilən 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən 309 manat ödənilməmiş əsas borc, 29 manat cərimə borcu olmaqla, ümumilikdə 338 (üç yüz otuz səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5156/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5156/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver