Məhkəmə qərarları › İş №e-2(011)-5182/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5182/2024

07.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5182/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “payçı kimi tanınma barədə ümumi yığıncağın qərarının verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı “payçı kimi tanınma barədə ümumi yığıncağın qərarının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbində göstərmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixində X9 ilə rəsmi nikah bağlamışdır. Bu nikahdan onların 3 övladı - xx.xx.2009-cu il tarixində X14, xx.xx.2012-ci il tarixində X4 və xx.xx.2014-cü il tarixində X15 anadan olmuşdur. Cavabdeh MTK tərəfindən xx.xx.2023-cü il tarxli, 72/23 məktubuna əsasən ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı ümumi dəyəri 78840 manat olan 53 saylı mənzilin (bundan sonra mübahisəli mənzil) cəmi 39960 manat hissəsi X9 tərəfindən ödənilmişdir. X9 (mirasqoyan) 1 mart 2021-ci il tarixində ölmüşdür. Mirasqoyanın ölümündən sonra onun 6 vərəsəsi arvadı – İddiaçı, 3 övladı, atası- X7, anası-X2 qalmışdır, vəsiyyətnamə yoxdur. X5 ölümündən sonra iddiaçı mübahisəli mənzildən qalan borcu yəni, 38800 manat ödəmişdir. Cavabdeh MTK xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 130 A saylı binanın 7-ci mərtəbəsində "58,4 "m² - dan ibarət olan bir otaqlı mənzilin dəyəri X10 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. Mübahisəli mənzil nikah dövründə əldə edildiyindən nikah döründə ödənilmiş hissə ər-arvadın birgə mülkiyyətindədir. Ərin ümumi əmlakdan payı ümumi dəyəri 78640 manat olan həmin mənzilin cəmi 39960 manat hissəsi mərhum-X10 tərəfindən ödənilmiş vəsaitin 1/2 hissəsindən ibarətdir. Həmin hissə 6 vərəsə arasında bərabər bölünməlidir. Beləliklə, ümumi dəyəri 78640 manat olan həmin mənzilin 39960 manat hissəsi aşağıdakı qaydada bölünür: İddiaçıya 7/12 (6/12+1/12), övladlarına 3\12, ataya 1/12, anaya 1/12 hissə miras əmlak qalır. İddiaçı ümumi birgə mülkiyyətdən cavabdehlərə düşən hissəsinin (2/12) dəyərini (6600 manatı) ödəməklə həmin mənzilə tam mülkiyyət hüququnun tanınmasını dəfələrlə cavabdehlərə bildirsə də, cavabdehlər bunu qəbul etmirlər. Cavabdehlər maneə yaratdığından iddiaçı və himayəsində olan 3 övladı mübahisəli mənzildən istifadə edə bilmir, həmin mənzilə köçə bilmir, təmir edə bilmir, çıxarış ala bilmir. Hazırda paylarının müəyyən edilməsinə və evin müəyyən hissəsi mülkiyyətlərində olsa da mənzildən istifadə edə bilmir. Cavabdeh MTK-ya dəfələrlə müraciət etsələr də, payçı kimi kooperativə qəbul etmir, yalnız həmin mənzilə görə ödənilmiş 39960 manat pul vəsatinin 2/12 hissədə pay hüququ olan X7, anası-X1 razılığı olduğu təqdirdə payçı kimi iddiaçını qəbul edərək çıxarış alınması üçün əsas olan ümumi yığıncağın qərarını və sair sənədləri verə biləcəklərini bildirmişlər. İddiaçı göstərilənləri nəzərə alaraq, onun ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin payçısı kimi tanınması və payçı qismində tanınma barədə ümumi yığıncağın protokolunun vermə öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil hər iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 331492 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Şirinova (Əmirullayeva) Əsmər Feyzəddin 27 sentyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 859 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Quba rayon İİ Nügədi icra nümayəndəliyi İİ Nügədi kəndi tərəfindən verilmiş AZ-İİ seriyalı, 521038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 06 iyun 2009-cu il tarixdə Quba rayonunda anadan olmuşdur, atası X10, anası isə İddiaçıdır. İş materiallarında olan Quba rayon İİ Nügədi icra nümayəndəliyi İİ Nügədi kəndi tərəfindən verilmiş AZ-İİ seriyalı, 909564 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 may 2012-ci il tarixdə Quba rayonunda anadan olmuşdur, atası X10, anası isə İddiaçıdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 291490 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 08 yanvar 2014-cü il tarixdə Quba rayonunda anadan olmuşdur, atası X10, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ nömrəli, 160942 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 dekabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli 03/22- Hi nömrəli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. 130 A saylı binanın 7-ci mərtəbəsində "58,4 "m² dan ibarət olan bir otaqlı mənzilin dəyəri X10 tərəfindən tam ödənilmişdir və "xxxx" MTKya borcu yoxdur. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 19 mart 2023-cü il tarixli Qanun üzrə X13 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X6 vərəsələri: arvadı - İddiaçı, oğlu - X14, qızı – X15, qızı – X3r və onların hər biri miras əmlakdan 1/12 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 14 fevral 2023-cü il tarixli, 72/23-Hİ nömrəli məktubuna əsasən ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı ümumi dəyəri 78840 manat olan 53 saylı mənzilin cəmi 39960 manat hissəsi mərhum – X10 tərəfindən ödənilmiş vəsaitdən ibarətdir. Miras əmlakın 2/12 hissəsinə X13 şəhadətnamə verilməmişdir, daşınmaz əmlakın ½ hissəsinə arvadı – İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 111-ci maddəsində kooperativin fəaliyyətinə aid bütün mühüm məsələlərin onun üzvlərinin ümumi yığıncağı tərəfindən həll edilməsi müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 109-3-cü maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Mülki Məcəllənin 111.3.3-cü maddəsində kooperativin ali idarəetmə orqanı olan onun üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri sırasında kooperativ üzvlərini qəbul etmək və çıxarmaq səlahiyyəti göstərilmişdir. Mülki qanunvericiliyin göstərilən normalarında kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativin digər idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, imperativ qaydada kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, kooperativə üzvlük münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, yaşayış sahəsinə subyektiv hüququn yaranması üçün kooperativə üzv qəbul edilməsi barədə müvafiq sənədlə yanaşı, digər hüquqi faktların məcmusunun yaranmasını tələb edir. Bu hüquqi faktlara kooperativ üzvünün payının ödənilməsi, konkret yaşayış sahəsinin kooperativ üzvünə təqdim edilməsi və s. aiddir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (Maddə 139.1) Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. (Maddə 139-1.1.6) Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. (maddə 144-1.5) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 27 sentyabr 2007-ci il tarixdə X9 ilə rəsmi nikah bağlamışdır. Bu nikahdan onların 3 övladı - xx.xx.2009-cu il tarixində X14, xx.xx.2012-ci il tarixində X4 və xx.xx.2014-cü il tarixində X15 anadan olmuşdur. Mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət, ümumi dəyəri 78840 manat mənzil birgə nikah dövründə X10 tərəfindən alınmış, mənzilin dəyərinin 39960 manat hissəsi X10 tərəfindən ödənilmişdir. X10 vəkil fəaliyyəti göstərmiş və 23 dekabr 2020-ci il tarixdə qətlə yetirilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 19 mart 2023-cü il tarixli Qanun üzrə X13 şəhadətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X6 vərəsələri: arvadı - İddiaçı, oğlu - X14, qızı – X15, qızı – X3r və onların hər biri miras əmlakdan 1/12 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 14 fevral 2023-cü il tarixli, 72/23-Hİ nömrəli məktubuna əsasən ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı ümumi dəyəri 78840 manat olan 53 saylı mənzilin cəmi 39960 manat hissəsi mərhum – X10 tərəfindən ödənilmiş vəsaitdən ibarətdir. Miras əmlakın 2/12 hissəsinə X13 şəhadətnamə verilməmişdir, daşınmaz əmlakın ½ hissəsinə arvadı – İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir və mənzilin dəyərindən qlıq qalan borc iddiaçı tərəfindən tam ödənilmişdir və həmin mənzilə görə "xxxx" MTK-ya borc yoxdur. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, mərhum X6 vərəsəsi arvadı - İddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edilərək, mənzilin ödənilməyən hissəsi – 38880 manat pul vəsaiti ödənildiyindən, iddiaçı həmin mənzilin payçısı kimi tanınmalıdır. Bununla yanaşı iddiaçının “payçı qismində tanınma barədə ümumi yığıncağın protokolunun vermə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslandırımadığından təmin edilməməlidir. Həmçinin iddiaçının nəzərinə çatdırılmalıdır ki, Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında 1-ci binanın 7-ci mərtəbəsində 58.4 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin payçısı kimi tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar