Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5219/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Cavabdeh qarşı kommunal xidmət haqqının tutulması barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi Cavabdeh qarşı cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 4306,77 manat borcun tutularaq və 63,07 manat dövlət rüsumu üzrə xərclərin tutularaq "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 4.306.77 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları ünvan 1 ünvanı üzrə (abonent kodu: **********000) “Abonent kartı”ndan görünür ki, abonent Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə 4306,77 manat məbləğində borcu yaranmışdır. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə ödənilməmiş borcun 7 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 30. Verilən suyun həcminin hesablanması
1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları
1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir: a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər vermək; b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq; ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq.
Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
“Sudan istifadə Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli Qərarı
4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək;
Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçı tərəfindən göstərilən su təchizatı və tullantı suların axıdılması ilə bağlı xidmətlərdən istifadəyə görə həmin xidmətlərin dəyərinin ödənilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödənilməsinə dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən xidmətlərin dəyərini tələb etməkdə haqlıdır. Odur ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 63,07 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borca görə 4306,77 (dörd min üç yüz altı manat yetmiş yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,07 (altmış üç manat yeddi qəpik) manat dövlət rüsumu tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova