Məhkəmə qərarları › İş №e-2(011)-527/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-527/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-527/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin, 26 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin ev xx.xx.2005-ci il tarixdə vəfat etmiş X3 məxsus olmuş və vərəsəlik hüququ əsasında oğlu İddiaçı keçmişdir. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli, 2-1425/2004 saylı qətnaməsi əsasında pozulmuşdur. Bundan sonra şəxslər yenidən müəyyən müddət birlikdə yaşasalar da, 2013-cü ildən hazırki günədək tamamilə ayrı şəkildə yaşamaqdadırlar. Ortaq övladları olan Cavabdeh1 və X9 anaları ilə birlikdə yaşamaqdadır. Cavabdehlər hazırda ünvan 1 ünvanında yaşasalar da iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Hal-hazırda cavabdehlərin onun evində qeydiyyatda olması, iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı, öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanını da məhdudlaşdırır. Belə ki, iddiaçı yenidən ailə qurmuşdur və xx.xx.2016-cı il təvəllüdlü Cəmilə adlı bir qızı vardır. İşin hallarından da görünür ki, Cavabdeh2 "xxxx" MMMC tərəfindən tikilmiş mənzili vardır və onlar 2013-cü ilin mart ayından etibarən həmin mənzildə yaşayırlar. Hazırda iddiaçı sözügedən mənzilə xüsusi mülkiyyət hüququ əsasında sahib olsa da, həmin mənzildən istədiyi kimi istifadə edə bilmir və mülkiyyət hüquqları pozulur. Həmçinin hazırkı vəziyyətdə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmaları onların hüquqlarına hər hansı bir zərər yetirməyəcəkdir. Belə ki, iddiaçı onlara ədalətli şəkildə kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsinə razıdır. İlkin iddia tələbi üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin, 26 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 9000 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında etiraf edərək bildirmişlər ki, onlar 2013-cü ildən etibarən həmin evdə yaşamırlar. Həmçinin Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi, ev 76, giriş 4B ünvanında yerləşən 13 saylı mənzil ona məxsusdur və qohumu tərəfindən hədiyyə edilmişdir. Sonrakı məhkəmə iclaslarında da cavabdehlərin həmin mənzildə uzun müddətdir (2013-cü ildən etibarən) yaşamaması faktı öz təsdiqini tapmışdır. Cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin 26 saylı mənzildə yaşamamasına dair etirafı məhz onların həmin yaşayış sahəsinə olan ehtiyacının olmaması mənasına gəlməkdədir. Həmçinin Cavabdeh2 özünə məxsus mənzilinin də olması onu göstərir ki, onun mənzildə yaşamaq üçün hər hansı ehtiyacı yoxdur. Qeyd olunanlara əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin, 26 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 ödənilmədən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun atasıdır. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzili cavabdehin mülkiyyətindədir. xx.xx.1995-ci il tarixdə anadan olandan hazıradək həmin mənzildə qeydiyyatda olmaqla son vaxtlaradək orada yaşamışdır. Hazırda cavabdeh onu qeydiyyatda olaraq yaşadığı mənzilə buraxmır. Dəfələrlə həmin mənzilə köçüb yaşamağa cəhd etsə də, cavabdeh buna imkan vermir. Cavabdehin qanunsuz hərəkətləri ucbatından o, yaşadığı mənzildən istifadə edə bilmir və hüquqlarından məhrum olunmuşdur. Cavabdeh uzun müddət yaşayaraq qeydiyyatda olduğu mənzilə onu buraxmayaraq orada yaşamağına imkan vermədiyinə görə həmin hallar aradan qaldırılmalı və həmin mənzilə məhkəmə qaydasında köçürülməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh İddiaçı Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzilindən istifadəsinə yaratdığı maneələrin qanunsuz hesab edilməklə onun həmin mənzilə köçürülməyi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzilindən maneəsiz və sərbəst istifadə etməyi üçün mənzilin giriş qapısının açarlarının verilməsinin (və ya sürət çıxarılması üçün təqdim edilməsi) cavabdeh İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbini müdafiə etməklə yanaşı, qarşılıqlı iddia tələbinə etiraz edərək, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh2 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. Sonra onar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qətnaməsi ilə boşansalar da, yenidən onun təkidi ilə barışmış və xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur. Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun tanınmasına dair iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2004-cü il tarixli 2-1074/200 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hazırda qızı Nigar keçmiş arvadı Səbinə ilə yaşayır, oğlu Rüfət isə anası ilə münasibəti pozulduğu üçün kirayədə qalır. Belə ki, bir müddət əvvəl anası Səbinə yeni ailə qurmaq istəyirdi və bu barədə ona məlumat vermişdir. Həmin ərəfədə Rüfət ona bildirmişdir ki, anası bir oğlanla gedib-gəlir və bu məsələ Rüfəti narahat edir, lakin sonradan məlum olmuşdur ki, həmin adam fırıldaqçı çıxıb və bu məsələ bağlanmışdır. İddiaçı eyni zamanda bildirmişdir ki, oğlu Rüfət talassemiya xəstəsidir və bununla bağlı müavinət alır. Rüfət xəstəliyi ilə bağlı həkimin təyin etdiyi müayinələrə də vaxtlı-vaxtında getmir, tüfeyli həyat yaşayır, içki aludəçisidir. Rüfət dəfələrlə oğurluq etmiş, polisi vurmuş və o, ata kimi həmişə onun arxasında olmuşdur. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı onun övladlarının hüququnu tapdalayıb. İddiaçı bu illər ərzində onlara yalan vədlər verib. Hal-hazırda mübahisəli mənzildə iddiaçı yaşayır. Cavabdeh2 oğlu Cavabdeh1 1998-ci ildən, özünün isə 2004-cü ildən məhkəmə yolu ilə həmin mənzilə qeydiyyata düşdüyünü, hazırda isə atası tərəfindən ona bağışlanılan mənzildə qızı Nigarla yaşadığını, oğlu Rüfətin isə yaşayış sahəsinə ehtiyacı olduğunu bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 öz iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, özü İİİ qrup əlildir, valideynləri boşandıqdan sonra bir müddət anası ilə yaşasa da, anası ilə münasibətləri pozulduğu üçün artıq bir müddətdir kirayədə qalır və yaşayış sahəsinə ehtiyacı var. Məhkəmə iclası barədə ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ilkin iddia tələbi üzrə iddiaçının çıxışını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində istifadədə olan 0.15268 ha torpaq sahəsində yerləşən 92 nömrəli, 9 mərtəbəli binada yerləşən ümumi sahəsi 28.88 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2006-ci il tarixdə 126 nömrəli reyestr kitabının 11116 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 147984 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22 oktyabr 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 avqust 2000-ci ildə təsdiq edilən və reyetsrdə 2 “v”-172 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22 oktyabr 2005-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi İddiaçıdur, miras əmlak Bakı şəhəri, General Mehmandarov küçəsi, ev 92, 26 saylı mənzildir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli 2-1425/04 nömrəli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh2 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və Cavabdeh2 arasında xx.xx.1994-cü ildə Bakı şəhəri, “Səadət Sarayında” 2037 sayla qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X9 və X8 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan X11, X16 və X13 tərəfindən imzalanmış, notarial qaydada təsdiq olunmuş 17 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2, Cavabdeh1 və X9 2014-cü il tarixindən ünvan 2 ünvanında yaşamırlar. İş materiallarında olan "xxxx" MMMC-nin 13 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 5 Cavabdeh2 məxsusdur. Cavabdeh2 13 saylı mənzildə oğlu Cavabdeh1 və qızı X9 ilə birlikdə təxminən 2013-cü ilin mart ayından hal-hazırkı vaxta kimi yaşayır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş 10 iyul 2019cu il tarixli, **********8 nömrəli arayışdan görünür ki, Cavabdeh1 018271 nömrəli müavinət işi üzrə İİİ qrup əlilliyə görə ömürlük 110 manat məbləğində müavinət təyin olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli 09 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 92 ünvanında yerləşən ərazidə 2 otaqlı mənzillərin təmirini nəzərə almaqla hazırkı kirayə bazar qiyməti 500-550 manat arasında qiymətləndirilir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X17 arasında 22 iyun 2013-cü il tarixdə nikah bağlanmış və 1017 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2004-cü il tarixli 2- 1074/200 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X4 və İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 92 saylı evin 26 saylı mənzilindəki yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. İş materiallarında olan Xətai rayon Mənzil Təsərrüfat Birliyinin 96 saylı MKİS tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli 47 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, General Mehmandarov küçəsi, 92 saylı evin 26 saylı mənzilində xx.xx.2004-cü ildən, Cavabdeh1 xx.xx.1999-cu ildən və X9 xx.xx.2008-ci il tarixdən qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında analoji mübahisəyə münasibət bildirən Plenum qeyd etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Binəqədi rayon məhkəməsinin Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd edilməsini nəzərdə tutan xx.xx.2005-ci il tarixli qətnaməsi Konstitusiyanın 13, 29, 71,147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, mülki işdə olan sübutlarla müəyyən edilir ki, ünvan 2 İddiaçı anası X2 mülkiyyətində olmuş, o, 22 oktyabr 2005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mübahisəli mənzil İddiaçı mülkiyyətinə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçmişdir. ünvan 2 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2006-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 doğulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli 2-1425/04 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. Lakin nikahın pozulmasına baxmayaraq onlar barışmış və xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur. Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun tanınmasına dair iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2004-cü il tarixli 2-1074/200 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 Bakı şəhəri, General Mehmandarov küçəsi, 92 saylı evin 26 saylı mənzilində xx.xx.2004-cü ildən, Cavabdeh1 xx.xx.1999-cu ildən və X9 xx.xx.2008-ci il tarixdən qeydiyyatda olmuşlar. İlkin iddia tələbi üzrə cavabdehlər 1995-2013-cü illər ərzində mübahisəli mənzildə, 2013-cü ilin mart ayından ünvan 5 ünvanında yerləşən Cavabdeh2 məxsus olan mənzilə köçmüşlər. Hazırda həmin mənzildə Cavabdeh2 övladı X9 ilə birlikdə yaşayır, oğlu Cavabdeh1 ilə münasibətləri yaxşı olmadığına görə Rüfət kirayədə qalır və atasına məxsus mənzilə ehtiyacı olduğu üçün həmin mənzilə köçürülməsini tələb edir. İddiaçı iddia qaldırdıqda ilkin olaraq cavabdehlərin 9000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini tələb etsə də, sonradan iddia tələbini dəyişdirmiş, cavabdehlərin mübahisəli mənzilə kompensasiyasız istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və X9 artıq uzun müddətdir ki, ilkin iddia tələbi üzrə iddiaçının mülkiyyətində olan mənzildən köçdüyü və uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 76, giriş 4”B”, 13 saylı mənzildə yaşadıqları üçün onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları ilkin iddia tələbi üzrə iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və X7 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Bununla yanaşı məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olaraq hazırda yaşayış sahəsinə ehtiyacı olduğu üçün onun istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməli, qarşılıqlı iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməli, mənzilin giriş açarları (və ya surəti) Cavabdeh1 təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və X7 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülsün. ünvan 2 ünvanında yerləşən mənzilin giriş açarları (və ya surəti) Cavabdeh1 təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar