Məhkəmə qərarları › İş №e-2(011)-5372/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5372/2024

04.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5372/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********340) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2024-cü il tarixinə 570 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana xx.xx.2022-ci il tarixində İSS-15 markalı, 21776318 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 570 manat borcun tutularaq (abonent kodu:**********340) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********340:1626608 olan abonent kartının surətindən görünür ki, Cavabdeh (ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130, mənzil 34) ilə İddiaçı ASC arasında bağlanmış 01 avqust 2008-ci il tarixli müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir və nəticədə abonentin 570 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan məlum olur ki, abonent Cavabdeh İddiaçı ASC-yə ödənilməmiş borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, onun iddia ərizəsində qeyd edilən mənzillə, yəni Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130, mənzil 34 ünvanı ilə heç bir bağlılığı yoxdur. Belə ki, cavabdehin keçmiş həyat yoldaşı X6 pula ehtiyacı olduğu üçün 30 yanvar 2018-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130, mənzil 34 ünvanında yerləşən mənzili X4 alqı-satqı müqaviləsi ilə satmış və həmin tarixdən mənzili alıcıya təhvil vermişlər. Yəni həmin mənzil artıq 6 ildir ki, onun mülkiyyətində və istifadəsində deyildir. Cavabdeh isə mülkiyyətində və istifadəsində olmayan mənzilin ödənişləri üçün isə məsuliyyət daşımır. Bu səbəbdən də iddiaçının həmin ödənişi nə üçün cavabdehdən tələb etməsi aydın deyil. Eyni zamanda, AR İN yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin arayışına əsasən cavabdehin ümumiyyətlə Respublika ərazisində heç bir daşınmaz əmlakı qalmamışdır. Cavabdehin keçmiş həyat yoldaşı müxtəlif vasitələrlə ona məxsus əmlakları əlindən almışdır. Göründüyü kimi İddiaçı ASC yanlış cavabdehi seçmiş, əsl cavabdehi məhkəməyə bildirməmiş və həqiqəti məhkəmədən gizlətmişdir. Cavabdeh ona qarşı olan əsassız iddianın rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməyini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan satıcı Cavabdeh ilə alıcı X5 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli 30 yanvar 2018-ci il tarixdə Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130, mənzil 34 ünvanında yerləşən ümumi sahəsi 65.7 kv/m yaşayış sahəsi 38.7 kv/m, yardımçı sahəsi 27 kv/m olan 2 otaqlı mənzili 105000 manat məbləğinə alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın dövlət reyestrindən tərəfindən Cavabdeh verilmiş 12 iyun 2024cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 03 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01 avqust 2008-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130, mənzil 34 ünvanı üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə müqavilə bağlanmışdır. Qeyd olunan mənzil cavabdeh tərəfindən 30 yanvar 2018-ci il tarixdə AN-İ seriyalı, ******* nömrəli 30 yanvar 2018-ci il tarixdə Daşınmaz Əmlakın Alqısatqı müqaviləsi üzrə X1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın dövlət reyestrindən tərəfindən Cavabdeh verilmiş 12 iyun 2024cü il tarixli arayışın surətindən müəyyən edilir ki, Cavabdeh adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 03 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda abonent kodu **********340:1626608 olan abonent kartından müəyyən edilir ki, 2021-2022-ci illər üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişlər olunmuşdur. Hazırda iddiaçı cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 570 manat borcun ödənilməsini tələb etsə də, iddiaçı sözügedən mübahisəli ünvanın və hesablanmış borcun cavabdehə məxsus olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar