Məhkəmə qərarları › İş №e-2(011)-5403/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5403/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5403/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1600 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 36 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli RAZ********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C180 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində “Chevrolet Aveo” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon DYP inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. “Chevrolet Aveo” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1600 manat ödənişi verilmişdir. “İcbari sığortalar haqqında" AR Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə verindən vavınmıs olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini onu idarə etməyə hüququnun olmadığını göstərmiş və iddia tələbinin hüquqi əsası kimi “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-ci maddəsinə (icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.) istinad etmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehdən 1600 manat pul vəsaitinin və 36 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında hadisə yerindən qaçmadığını, AR İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunduğunu və cəriməni ödədiyini, iddia tələbinin əsassız olduğunu göstərdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus “Mercedes Benz C180 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli RAZ********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon DYP-nin əməkdaşı X1 “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2022-ci il tarixli arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində, xx.xx.2022-ci il tarixdə, saat 14:56-da təsdiq edilərək sistemə daxil edilmiş etibarnamə əsasında idarə etdiyi X3 məxsus “Mercedes Benz C180 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Chevrolet Aveo” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq ona zərər vurulmuşdur. Bakı şəhəri Xətai rayon DYP-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, ışlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortacının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfındən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 23.1.6-cı maddəsinə görə sığortaçı sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh "xxxx" ASC-də xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, X3 məxsus “Mercedes Benz C180 minik” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək X2 idarə etdiyi “Chevrolet Aveo” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurması müəyyən edilmişdir. Bununla yanaşı, iddia ərizəsində iddiaçı hadisə baş verdikdən sonra cavabdehin hadisə yerini tərk etdiyini, tələbinin dəqiqləşdirilməsinə dair ərizədə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsini iddia etsə də, məhkəmə baxışı zamanı cavabdehin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməklə xətaların törədilməsinə görə məsuliyyət nəzərdə tutan normaların mövcud olmasına baxmayaraq, iş materiallarında olan inzibati txəta haqqında protokolun və inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, cavabdeh həmin inzibatı xətanın törədilməsinə görə məsuliyyətə cəlb edilməmişdir. Beləliklə də, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında ödənilmiş sığorta məbləğini tələb etmək hüququnun yaranması əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 1600 manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar