Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5429/2021 11.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən nisyə satış müqaviləsi üzrə 600 manat məbləğində əsas borcun, 180 manat cərimə borcu olmaqla 780 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 07.10.2017 tarixli XQDK00526saylı Nisyə satış müqaviləsinə əsasən iddiaçı borcluya 879,00 manat məbləğinə məişət məhsulunu kreditlə - nisyə satılmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 100 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Həmin Müqavilənin 0.3-cü bəndinə görə, “Alıcı” (Borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət etdi və məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07.10.2017-ci il tarixli, XQDK00526 saylı “Nisyə satış müqaviləsi” bağlanılmış, müqaviləyə əsasən alıcı satıcıdan 879 manat dəyərində soyuducu almış, malın dəyərini 279 manat məbləğində ilkin ödəniş etməklə, 7 ay müddətinə, hər ay 117 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə qeyd edilən mallar cavabdehə təhvil verilmişdir. Mülki iş materiallarında əlavə edilmiş 02.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 07.10.2017-ci il tarixli, XQDK00526 saylı “Nisyə satış müqaviləsi” üzrə əsas borca görə 600 manat, cərimə borcuna görə 180 manat məbləğində borcu var. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş 07.10.2017-ci il tarixində edildiyinə baxmayaraq, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə 17.06.2021-ci il tarixində müraciət etmişdir. Bununla da iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış 07.10.2017-ci il tarixli, XQDK00526 saylı “Nisyə satış müqaviləsi” üzrə borcun tutulması ilə bağlı hazırkı mübahisəyə 3 illik iddia müddəti tətbiq edilməklə, İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən nisyə satış müqaviləsi üzrə 600 manat məbləğində əsas borcun, 180 manat cərimə borcu olmaqla 780 manat borcun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia qalan hissələrdə təmin edilmədiyindən, iddia ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissədə də iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən nisyə satış müqaviləsi üzrə 600 manat məbləğində əsas borcun, 180 manat cərimə borcu olmaqla 780 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5429/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5429/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver