Məhkəmə qərarları › İş №e-2(011)-5574/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5574/2022

30.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5574/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, keçid 1, sahə 24 ünvanda yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********10002) hesablanmış 975 manat borcun silinməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manatın, etibarnamə üçün ödənilmiş 17,50 manat dövlət rüsumunun və 1000 manat dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, keçid 1, sahə 24 ünvanda yerləşən fərdi yaşayış evinə 2012-ci ildə qaz çəkilmişdir. 2022-ci ilin yanvar ayında karta pul yükləyəndə məlum olmuşdur ki, borc çıxılır. Cavabdehin 104 çağrı mərkəzinə zəng etmiş və ordan bildirmişdirlər ki, 975 manat borcu var. Sonradan məsələni dəqiqləşdirmək üçün Azəriqaza getmiş və ordan sənəd vermişlər ki, xx.xx.2018-ci ildə iştirakı olmadan qaz sayğacını söküb aparıblar. Laboratoriyada rəy verilib ki, güya sayğaca müdaxilə etmişdir. Bundan sonra 2021-ci ilin noyabr ayından ondan hər ay qaz təchizatı kartına yüklədiyi puldan borc silinirmişdir. Fiziki şəxs olan istehlakçı olaraq qaz sayğacının düzgün işləməsinə, işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Belə ki, “Qazdan istifadə qaydaları”nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə olduğu halda qaz sayğacının düzgün işləməməsi ilə əlaqədar olaraq nə üçün artıq pul vəsaiti idi. Mənzildə quraşdırılan qaz sayğacına ödənişlər smartkartla ödənilir. Nə qədər smartkarta ödəniş edirəsə o qədər də qazdan istifadə edə bilir. Yəni onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış, qaz sayğacının düzgün işləməsinə görə məsuliyyət daşımır. Qaz sayğacı zədələndiyi və ya dövlət standartlarına uyğun olmadığı hallarda həmin sayğaca baxış keçirilməsi və onun sökülərək ekspertizaya aparılması zamanı mütləq akt tərtib olunmalı idi. Lakin iştirakı olmadan akt tərtib edilib. Üstəlik həmin aktı ona verilməyib, özü gedib onun bir surətini almışdır. Belə ki, “Qazdan istifadə qaydaları”nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdeh tərəfindən verilmiş akta əsasən qaz sayğacının plastmas borusu deşilibdir. Lakin buna görə o cavabdeh deyil. Həm də sağyacı götürəndə iştriak etməmişdir. Ona görə də cavabdehin hərəkətləri qanunsuz hesab olunmalıdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ciddi psixoloji və nevroloji sarsıntılar keçirmiş, özünü çox pis hiss etmişdir. Bu səbəbdən də həkim müayinəsinə getmiş və müalicə almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 tələbi qəbul etməyib tətbiq edilmiş cərimənin qanunvericiliyin tələblərinə uyğun olduğunu göstərdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflrin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş X1 xx.xx.2018-ci il tarixli, ******* saylı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə” aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, keçid 1, sahə 24 ünvanda yerləşən fərdi yaşayış evində G-4 markalı 1202AQ**********5 nömrəli qaz sayğacı çıxarılmış, “sayğacın daxili döşəmədsində dəlik var” qeydi edilməklə yeni sayğac quraşdırılmışdır. X1 xx.xx.2018-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, keçid 1, sahə 24 ünvanda yerləşən fərdi yaşayış evində əvəzləndirilmiş G-4 markalı 1202AQ**********5 nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilidiyi v müəyyən edilmiş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. X1 Bakı RQSD-nin xx.xx.2018-ci il tarixli "Dəymiş ziyamın bərpasına dair" tələbnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, keçid 1, sahə 24 ünvanda yerləşən fərdi yaşayış evi 9720 m3 qaz itkisi hesablanmış və ödənilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə tələb olunan qaz sərfiyyatına görə borc 972 manat təşkil edir. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, etibarnamənin verilməsinə görə iddiaçı tərəfindən 17,25 manat haqq ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən hazırki iş üzrə hüquqi yardım göstərilməsi üçün “Femida” Vəkil Bürosunun hesabına 100 manat ödənilmişdir. Qeyd etmək lazımdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Beləliklə, məhkəmə araşdırılmış sübutlara əsasən İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, keçid 1, sahə 24 ünvanda yerləşən fərdi yaşayış evi ünvanına 2018-ci ilin oktyabr ayında quraşdırılmış sayğaca müdaxilə olunmasına görə 972 manat məbləğində cərimənin hesablanmasını, həmin cərimənin əsaslandırılmasına dair heç bir sübutun təqdim olunmamasını, nəticə etibarı ilə istehlakçı olaraq iddiaçının hüquqlarının pozulmasını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız hesablanmış cərimənin silinməsi hissəsində təmin edilməli, bununla yanaşı, mənəvi zərərin dəyməsi hissəsində iddia tələbinin kifayət qədər əsaslandırılmamasını, həmçinin, digər hissədə iddia tələbinin təmin olunmasını nəzərə alaraq mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, keçid 1, sahə 24 ünvanda yerləşən fərdi yaşayış evi ünvanına (abonent kodu: **********10002) hesablanmış 972 (doqquz yetmiş iki) manat borcun silinməsi öhdəliyii Cavabdehnə həvalə edilsin. Cavabdehndən hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (bir yüz) manat və etibarnamə üçün ödənilmiş 17,50 (on yeddi manat 50 qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar