Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5643/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2, onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzilə payının müəyyən edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. 26 Bakı Komissarları (indiki Səbail) rayonu X7 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 86 saylı evin 166 saylı mənzili (bundan sonra – Mənzil) X3 3 nəfər ailə tərkibi (özü və iki oğlu) ilə birlikdə köçmək üçün verilmiş, həmçiin bununla bağlı ona xx.xx.1980-ci il tarixli, 184543 nömrəli order verilmişdir. Cavabdeh2 Şamama Rəhimovanın birinci nikahından doğulmuş övladıdır.
2. Şamama Rəhimova ikinci dəfə iddiaçı ilə xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuş və onların nikahı eyni tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 73 nömrə ilə qeydə alınmışdır.
3. Şamama Rəhimova xx.xx.2001-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
4. Cavabdeh2la Mübaris Xəlilov arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Mənzil Mübaris Xəlilova satılmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-558 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Mesüyib qızının iddiaçıya qarşı hazırkı mübajisə predmeti olan Mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair iddiaları təmin edilmişdir.
6. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı cavabdehlərdən onun xeyrinə kompensasiya tutulmaqla istifadə hüququna xitam verilməsi, əks təqdirdə, həmin mübahisəli mənzildən onun payı müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 01 iyul 1948-ci ildə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuşdur. 15 mart 1994-cü ildə xx.xx.1959-cu il təvəllüdlü X5 ilə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Nikah xx.xx.1994-cü ildə Qaradağ rayonu VVAQ şöbəsində bağlanmışdır. Həmin vaxtdan o, X5 ilə birlikdə Mənzildə yaşamağa və Şamama Rəhimova ilə birgə təsərrüfat aparmağa başladmışdır. Həyat yoldaşı Şamama Rəhimova 2001-ci ildə Xətai Rayon Məhkəməsinə idddia ərizəsi ilə müraciət edərək cavabdehlərin və azyaşlı uşaqlarının Mənzildən çıxıb Rusiya Federasiyasına getməklə Rusiyada yaşamalarını və uzun müddət Mənzilində yaşamamalarım, bütün əşyalarını həmin mənzildən çıxarıb özləri ilə apardıqlarını, lakin həmin mənzildə pasport qeydiyyatında qalmalarını, bununla da onların əvəzinə kommunal xərclərini ödəmək məcburiyyətində qalmasını və həmin mənzillə bağlı, onların Bakı şəhərində yaşamaması səbəbindən Çıxarış ala bilməməsini əsas gətirərək, Cavabdeh2, Cavabdeh1 Müseyib qızının və azyaşlı uşaqlarının Mənzilindən yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2001-ci il tarixli qətnaməsi ilə cavabdehlərin və onların uşaqlarının Mənzilə yaşayış hüququ itirilmiş hesab edilmişdir. Həyat yoldaşı X5 01 iyul 2001-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. O, həmin mənzildə qeydiyyatda olmadığı üçün 2002-ci ildə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə qarşı iddia qaldıraraq, Mənzilin icarədarı hesab edilməsinə və yaşayış sahəsinə icarə müqaviləsinin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mənzilinə onunla icarə müqaviləsi bağlanması və icarədarı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 332/2002 saylı, 15 aprel 2002-ci il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin olunmuş, onun Mənzilin yaşayış sahəsinə köçürülməsi, iddianın qalan hissədə rədd olunması, qartşılıqlı iddianın təmin olunması, Mənzilə dair Cavabdeh2la icarə müqaviləsi bağlanmasının Xətai rayon İcra Hakimiyyətinə tapşırılması qət edilmişdir. O, həmin evə köçüb, yaşamağına baxmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 558/2006 saylı, 06 fevral 2006-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və X2 iddia tələbi təmin edilmiş, onun Mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 2(103)-421/2009 saylı, 09 fevral 2009-cu il tarixli qətnaməsi ilə tərəfimdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2(102)-1808/2009 saylı, 16 iyun 2009-cu il tarixli qərarı ilə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq, o, həmin mənzildə yaşamaqla pasport qeydiyyatında olmuş və ailə üzvlərilə birlikdə birgə təsərrafat aparmışdır. Eyni zamanda, yaşadığı müddətdə həmin mənzilin təmirinə xərc çəkmiş və mənzilə vicdanlı münasibət bəsləmişdir.
b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
11. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı həmin mənzilə məhkəmə qətnaməsi əsasında qeydiyyata düşmüşdür.
12. Cavabdeh2 vəkili iddia ərizəsinə etiraz edərək bildirdi ki, Mənzil Şamama Rəhimovaya, cavabdehə və cavabdehin vəfat edən qardaşına verilib. İddiaçı ilə Şamama Rəhimova 1997-ci il tarixdə nikaha daxil olduqdan sonra onlar müxtəlif yerlərdə yaşayıblar. İddiaçının mənzilə istifadə hüququ məhkəmə qətnaməsi ilə itirilib. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyib. Mübahisəli mənzil artıq alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirilib.
13. Cavabdeh2 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
14. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
15. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
23. İddianın əsasını cavabdehlər tərəfindən kompensasiya ödənilməklə iddiaçının Mənzilə dair istifadə hüququna xitam verilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, birinci növbədə məhkəmə tərəfindən iddiaçının Mənzildən istifadə hüququnun yaranması və ya hal-hazırda da mövcud olması müəyyənləşdirilməlidir.
24. Məhkəmə hesab edir ki, bu mərhələdə AR MPM-nin 217.2-ci maddəsinin tələbinə uyğun olaraq, tərəflər arasındakı yaranmış mübahisəyə tətbiq edilməli olan hüquq norması tapılmalıdır. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, mübahisəli Mənzil hələ iddiaçının arvadı, Cavabdeh2 anası Şamama Rəhimovanın order əsasında sahibliyində olarkən xx.xx.1994-cü il tarixdə iddiaçı Şamama Rəhimovayla nikaha daxil olmuş və Mənzildə pasport qeydiyyatında olmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin 332/2022 saylı xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə köçürülməsi qərara alınmışdır. Göründüyü kimi 1994-cü ildən etibarən iddiaçının Mənzilə köçüb orada yaşaması məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Lakin, iş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən hazırki iş üzrə iddiaçı üzrlü səbəblər olmadan uzun müddət Mənzildə yaşamadığından onun Mənzildən istifadə hüquqlarının itirilməsi qət edilmişdir.
25. Həmin qətnamədən hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-421/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(102)-1808/2009 nömrəli qərarına əsasən təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının Mənzildən istifadə hüququnun itirilməsi müəyyən edildiyindən, həmin məhkəmə qətnaməsi isə qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olmaması məhkəmə üçün məcburidir və həmin fakt yenidən araşdırılmamalıdır.
27. Qanunvericilikdə itirilmiş istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin əsasları öz əksini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının Mənzilə dair hər hansı hüququ olmadığından hazırki iddia tələbi təmin edilə bilməz.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı