Məhkəmə qərarları › İş №e-2(011)-5760/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5760/2022

30.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5760/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh X2 qarşı “debitor ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasinda ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00050) hesablanmış 1642,75 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayonu, Rövşən Hüseynov küçəsi. H.Aslanov y/sahəsi, döngə 3, ev 8 ünvanda onun adına sayğac quraşdırılmışdır. Quraşdırılmış sayğac üzrə abonent kodu **********00050-dir. Sayğac küçədə quraşdırılmaqla, ona hər hansı bir müdaxilə halı baş verməmişdir. Sayğacda plomblar mövcud olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Azəriqaz” İB-nin əməkdaşları sayğacı söküb ona bilərəkdən müdaxilə etməklə, məqsədli formada avqust 2022-ci il tarixi üçün, ona cari borc məbləği kimi 1642,75 manat borc göstəriblər. Hansı ki, sayğacı sökmədən, xəttən ayırmadan, istehlakçının iştirakı ilə sayğacın ekranına baxış keçirilməsi mümkündür. Avqust ayında aktın surətini əldə etmiş, Xətai Rayon Qaz İdarəsindən yeni kart götürərkən, bildirdilər ki, “ASAN Kommunala” yaxınlaşıb kartı aktivləşdirməlidir. xx.xx.2022-ci il tarixdə “ASAN Kommunalda” olarkən bildirildi ki, Qaz İdarəsinə 1642,75 manat borcu vardır. Borc məbləğini etiraf etməyə dair razılığı olarsa, yeni kartı aktivləşdirə bilərlər, əks təqdirdə kartı aktivləşdirmirlər. ASAN Kommunaldan abonent (istehlakçı) hesabından 2013-2022-ci illər dövrünə dair sərfiyyat, ödənişlər və qalıq borclar barədə çıxarış əldə etmiş, ona məlum olmuşdur ki, fevral 2013-cü il tarixdən avqust 2022-ci il tarixə qədər əvvəlcədən kart vasitəsilə ödəniş etməklə, qazdan istifadə etməklə avqust 2022-ci il tarixə qədər heç bir qalıq, yaxud cari borcu olmamışdır. Sayğac aprel 2022-ci il tarixdə mənzilə qaz verilişini dayandırmış, həmin tarixdə 100 manat ödəniş edilmiş və bundan sonra kart vasitəsilə sayğaca ödənişi yüklədikdən sonra sayğac mənzilə qazın buraxılışını təmin etdi. Qazdan istifadə qaydalarına uyğun olaraq istehlakçı olaraq hansı vəzifələri və hüquqları, habelə verilən qazın həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlərin onun tərəfdən hansı formadasa pozulması halı məlum deyil. Qaz təchizatı haqqında qanuna və “Qazdan istifadə qaydaları”nın tələbinə uyğun olaraq cavabdeh təşkilatın küçədə quraşdırdığı plomb ilə təchiz olunmuş qaz sayğacı cavabdeh tərəfindən bütün məhəllədəki sayğacları dəyişdirilmək adı ilə quraşdırıldığı yerdən götürülmüşdür. İyun 2022-ci il tarixdən etibarən ailə üzvləri (faktiki olaraq rayonda yaşadıqları üçün) bölgədə istirahət etməklə, o iş fəaliyyəti ilə əlaqədar gündüzlər evdə olmur. Qeyd olunan tarixdən qazdan istifadə hüququ məhdudlaşdırılıb. 1) Aktın surətini Xətai Rayon Qaz İdarəsindən xx.xx.2022-ci il tarixdə götürmüşdür. Aktı təsdiq və imza etmiş şəxslərin (kimlikləri) ad və soyadları qeyri-müəyyəndir. Akt ümumi formaya şablon olaraq uyğunlaşdırılıb. Akt sonradan tərtib edilib. Çünki sayğacın foto şəkilləri kardonlarla bəzədilib. İştirakı olmadan sayğac açılıb. Aktın məzmunu anlaşılan deyil. Tərtib edilmiş akt Azərbaycan dilinin və bu növ aktlar üçün müəyyən edilmiş standartlara ziddir. 2) Tərtib edilən aktda “sayğac quraşdırılarkən sərf edilən mal-materialların növləri və sayı” qrafasında istifadə olunan mal-materiallar şişirdilmiş formada qeyd edilib. Çünki aktda qeyd olunan mal-materiallar faktiki olaraq yerində işlədilməyib və buna ehtiyac olmayıb (foto şəkilləri təqdim edir). Nəzərə alınmalıdır ki, qaz xətləri və sayğac quraşdırılması üçün zəruri olan sair işlər bir neçə il əvvəl görülüb. Bəzi səlahiyyətli şəxslər sayğac quraşdırarkən istifadə etdikləri mal-materialları şişirdilmiş formada qeyd ediblər. 3) Cavabdeh əməkdaşları mənzilinə gedən qaz borusu üzərində yerləşdirilmiş qaz sayğacını 27 iyul (bəlkə də 21iyul) 2022-ci il tarixdə dəyişdirərkən, bilərəkdən saxtakarlıq ediblər. xx.xx.2022-ci il tarixdə Xətai rayonu ərazisinə xidmət göstərən Azəriqaz” İB-nin İdarəsinin əməkdaşları bildirdilər ki, mənzilinə gedən qaz xətti üzərində quraşdırılmış “smart” markalı sayğacın elektron göstəricisi 33330, mexaniki göstərici 40921 m olub (bax. təqdim olunan aktda mexaniki və elektron göstəricilər pozuntularla saxtalaşdırılıb). AR NK-nin qərarı ilə müəyyən olunmuş qaydalara nəzarət etmək məqsədilə Cavabdeh İB qaz paylayıcısı olaraq, laboratoriya qaydasında sayğacı standartlara uyğun tənzimləyir, plomblayır və texniki baxışı həyata keçirmək məqsədilə işçi qüvvəsi saxlayır, habelə texniki baxış məqsədilə böyük məbləğdə vəsait xərclənir. Cavabdeh İB-nin əməkdaşları birtərəfli qaydada sayğaca müdaxilə edib, sayğacın mexaniki göstəricisini istədiyi şəkildə irəliyə çəkməklə, məqsədli hərəkətlər edərək, hətta müdaxilədən sonra sayğacların şəkillərini çəkirlər ki, guya onlar belə bir hərəkətləri etməyiblər! Azəriqaz” İB-nin əməkdaşları və bəzi rəsmiləri biləbilə il ərzində kart vasitəsilə sayğaca daha çox pul ödəyən abonentlərin maddi imkanını nəzərdən keçirməklə, yaxud başqa qərəzli əməllərini həyata keçirmək üçün “qazdan istifadə” qaydalarına zidd hərəkətlər etməklə, onu abonent-istehlakçı olaraq akt əsasında Cavabdeha borclu göstərirlər. Bu yalnız sadə bir qüsur deyil! Bu daha çox böhtan, başqasının (istehlakçının) şərəf və ləyaqətini alçaltmaq və istehlakçının (başqasının) mənafeyinə zərər vurmaqla əsassız varlanma (AR MM-nin md.1091), həm də məbləğindən asılı olmayaraq açıqaşkar səlahiyyətlərindən sui istifadə etməklə əmlakını talama niyyəti ilə törədilən bir əməldir. Hüquqşünas olaraq belə bir təhqiri və böhtanı qəbul edə bilməz. Cavabdeh İB-nin əməkdaşları köhnə sayğacı söküb, həm də ona məxsus olan “sayğac qoruyucusunu” da söküb aparıblar (Məhəllədə özü sonradan araşdırma apararaq müəyyən etdi ki, hansı mənzildə evdə həmin vaxt abonent olubsa sayğac qoruyucularını götürməyiblər, evdə olmayanların sayğac qutularınıqoruyucularını aparıblar). Hansı ki, qoruyucu qutularını qaz paylayıcı qəsdən quraşdırmır ki, sayğacın plombunu küçədən keçən, yaxud başqa kimsə qırsın və nəticədə bu halda da istehlakçını cərimələmək üçün edilən qərəzli bir hərəkətdir. Nəticədə istehlakçı olaraq məcburən sayğacın qoruyucu qutusunu bazarda almaq məcburiyyətində qalmış olur!!! Tərtib etdikləri aktda hansı məbləğdə və nəyə görə borcun yaranması dəqiq göstərilmir? Hətta sayğacın dəyişdirilməsi səbəbini təhrif olunmuş qaydada aktda göstərirlər. Qaz İdarəsində olarkən əməkdaş bildirdi ki, sayğacın elektron qeydiyyatı ilə mexaniki qeydiyyatında fərq yaranıb. Cavabdeh təşkilatdan götürdüyü hesabdan çıxarışda qeyd olunan serfiyyat və ödənişlərlə əlaqədar aşağıdakı faktlar məlum olur. - 2013-cü ildə sərfıyyat 3498 kub metr, ödəniş 350 manat - borc yoxdur; - 2014-cü ildə sərfıyyat 4690 kub metr, ödəniş 469 manat - borc yoxdur; - 2015-ci ildə sərfıyyat 4500 kub metr, ödəniş 450 manat - borc yoxdur; - 2016-cı ildə sərfıyyat 3800 kub metr, ödəniş 380 manat- borc yoxdur; - 2017-ci ildə sərfıyyat 2710 kub metr, ödəniş 372 manat - borc yoxdur; - 2018-ci ildə sərfıyyat 3970 kub metr, ödəniş 613 manat - borc yoxdur; - 2019-cu ildə sərfıyyat 500 kub metr, ödəniş 50 manat - borc yoxdur; - 2020-ci ildə sərfıyyat 2600 kub metr, ödəniş 300 manat - borc yoxdur; - 2021-ci ildə sərfıyyat 4350 kub metr, ödəniş 720 manat - borc yoxdur; - 2022-ci ilin dörd ayı üçün 2712 kub metr və 457 manat ödəniş olmuşdur. Beləliklə 2013-2022-ci ilin iul ayları dövründə ümumi sərfıyyat 33330 kub metr ödəniş məbləği 4172 manat olmuşdur. Çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə sayğacın göstəricisi 32394 olub. Rəsmi sənəddən göründüyü kimi, qaz paylayıcının laboratoriyadan keçirərək standartlara uyğunlaşdırmaqla quraşdırdığı sayğac əsasında illər üzrə qaz sərfiyyatı və sərfiyyata görə hər il üzrə illik sərfiyyat və ödəniş məbləğləri orta hesabla 350-550 manat olmuşdur. Eyni zamanda 2013-2021-ci illər ərzində ilin aprel – sentyabr aylarında istehlakçı olaraq qaz sərfiyyatı (hər ilin, beş ayında) üzrə, cəmi ödəniş məbləği orta hesabla 50-150 manat həcmində olmuşdur. Belə olan halda Cavabdeh İB-nin əməkdaşları tərəfindən AR NK-nin qərarı ilə təsdiq olunmuş qaydaların tələblərinə zidd formada, bir tərəfli və qərəzli formada tərtib etdikləri akt əsasında xx.xx.2022-ci il tarixdə istehlakçı olaraq 1642,75 manat cari borclu kimi qeyd etmələri əsassızdır. Prosesin gedişində iddiaçı Cavabdeh İddiaçı qarşı “debitor ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1642,75 manat pulun və 36,43 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1679,18 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT 3 İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 1059(7-9) saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si əsasında İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində abonentin ünvanında olan sayğaca baxış keçirilmiş, sayğacın mənfiyə işlədiyi, sayğacın elektron göstəricisinin yazmadığı, mexaniki göstəricisində isə dəyəri ödənilməyən qaz sərfiyyatı aşkar olunduğundan (akt qoşma olunub) qaz sayğacının çıxardılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sayğac dəyişikliyindən sonra isə abonentin istifadəsində olmuş sayğac göstəricisi mənfiyə getdiyindən ona qaz itkisi hesablanmış və nəticədə abonentin 1642,75 manat əlavə borcu yaranmışdır. Belə ki, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1642,75 manat borcu (debitor borc) qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Yuxarıda qeyd etdiyi sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Cavabdeh İB-nin adından qarşılıqlı iddia ərizəsini xx.xx.2021 -ci il tarixli etibarnamə əsasında X4 imzalamışdır. xx.xx.2022-ci il tarixdə ərizə məhkəməyə təqdim edilmişdir. Rəşad Əliyevin məkəməyə təqdim etdiyi “İş yerinə dair arayışdan” görünür ki, bu nümayəndə Qazın Satışı Departamentində böyük hüquq məsləhətçisidir. Onun tərəfindən imzalanaraq məhkəməyə təqdim olunmuş qarşılıqlı iddia ərizəsində istinad etdiyi məsələlərin fakt əsasında deyil, şəxsin subyektiv mülahizələrindən ibarət olmasına dair aşağıdakıları Məhkəmənin diqqətinə çatdırır: 1) Nümayəndə heç bir fakt, sübut və dəlilə istinad etmədən, 2013-cü il tarixdən etibarən “öncədən ödənişli qaz sayğacının” istifadəçisi olması faktını nəzərə almadan yazır, “Qazdan istifadə qaydalarının tələblərinə əməl etmədən - tələbləri pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir”. Tərəf öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları təqdim etməyə borcludur! İddia ərizəsində AR NK-nin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarına” ümumi olaraq istinad etməyə cəhd edir, lakin bu qaydaların hansı bəndinin istehlakçı tərəfindən nə vaxt və necə pozulduğu barədə heç bir fakt göstərilməyib. Tərəf iddia tələbində xx.xx.2015-ci il tarixli “... qazın alqı-satqısı müqaviləsinin” 2.3.2-ci bəndinə istinad etmişdir. Bu istinad edilmiş müqavilə hazırkı mübahisəyə, yəni Cavabdeh İB plombu üstündə olmuş, öncədən ödənişli “smart” qaz sayğacının daxilində, yəni hesablama müxanizmində baş verən, yaxud baş verə biləcək hal üçün istehlakçının hansı normativ aktın tələbi baxımından cavabdehlik daşıması iddia tələbində əsaslandırılmamışdır. Çünki belə bir antikonstitusion norma mövcud deyildir. Qaz paylayıcının vəzifə və öhdəliklərə görə istehlakçı məsuliyyət daşımamalıdır. 2013-cü ildən əvvəlcədən ödənişli “smart” qaz sayğacının istifadəçisi olduğu halda, heç bir fakta istinad edilmədən məhkəməyə yalan formada bildirilir ki, dəfələrlə xəbərdarlıq (nə vaxt, hansı fakt və sübut... niyə) edilməsinə baxmayaraq, istehlak etdiyi qazın dəyərini ödəmir! 2) Cavabdehin qarşılıqlı iddia ərizəsində yazılır ”... xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmiş, sayğacın mənfiyə işlədiyi, sayğacın elektron göstəricisinin yazmadığı, mexaniki göstəricisində isə dəyəri ödənilməyən qaz sərfıyyatı aşkar edilib.” Sayğacın (dəyişdirilməsinə) quraşdırılmasına səbəb “Qaynaq üsuluna keçid” ilə əlaqədar olması xx.xx.2022-ci il tarixli aktda qeyd olunduğu halda, cavabdeh qarşılıqlı iddiada sayğacın dəyişdirilmə səbəbi kimi “texniki baxış”ın keçirilməsini yazır. Bu fikir özlərinin aktı ilə inkar olunur. Bu onu sübut edir ki, cavabdehin qarşılıqlı iddiası mülahizə əsasında yazılmışdır. Qaz paylayıcının monopolist qurum olması, səlahiyyətlərindən özünə məxsus formada hər dəfə bir cür istifadə etməsi əsassızdır. Rəsmi müraciətləri əsasında “Bakı Regional Qazın Satışı Departamenti” rəhbərinin xx.xx.2022-ci il tarixdə imzaladığı cavab məktubunda yazılır: “... Araşdırma zamanı məlum olmuşdur ki, öncədən ödənişli G-4 markalı 1902AQ**********8 saylı qaz sayğacı akt tərtib olunmaqla, yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi məlum olmuşdur”. Qarşılıqlı iddianı tərtib edən şəxslər sayğacın mənfiyə işlədiyini, qeyd olunan Qazın Satışı Departamentinin rəhbərliyi isə sayğacın klapanının bağlanmamasını göstərirlər... sayğacın mənfiyə işləməsi nə deməkdir? a) Sayğacın klapanı bağlanmır-qaz axıb gedir; b) Sayğacın elektron göstəricisi geriyə işləməlidir. Nəzərə alınmalıdır ki, sayğacın klapanı əgər bağlanmırdısa, bu qüsur hansı vaxtdan etibarən yaranıb?! Çünki aprel ayında klapan işlək vəziyyətdə olduğu üçün sayğac mənzilə qazın verilişini dayandırdı Kart vasitəsilə sayğaca aprel 2022-ci il tarixdə pul vəsaiti yüklədikdən sonra sayğacın klapanı açılaraq mənzilə qazın verilişini avtomatik olaraq təmin etdi. Bu fakt onu göstərir ki, 1) sayğacın elektron göstəricisi “klapanı” aprel 2022-ci il tarixinə qədər tam normal qaydada işləmişdir. 2) Cavabdehdən aldığı, 2013-2022-ci ilin iyul ayına qədər sərfiyyat və ödənişlərlə əlaqədar hesabdan çıxarışdan aydın şəkildə görünür ki, son doqquz il müddətində ilin aprel-oktyabr ayları dövründə (6 ay müddətində) qaz sərfıyyatım 500-700 m3 həcmində olmaqla, cəmi 50-150 manat aralığında olmuşdur. Fərz edək ki, aprel-may ayında sayğacın klapanı cavabdehin dediyi qaydada sıradan çıxıbsa, onda əvvəlki 9 il müddətində ilin apreloktyabr ayları dövründə qaz sərfıyyatı cəmi nə qədər olması faktı baxımından, ailə üzvlərinin 2022-ci ilin iyun-avqust aylarında rayonda faktiki olaraq yaşamaqları bu aylar dövründə elektrik enerjidən istifadənin minimum olması dediklərini təsdiq edir. Belə olan halda, qısa müdət ərzində qaz sayğacın elektron göstəricisi ilə mexaniki göstərici arasında bu qədər fərq yarana bilməz! Belə bir fərq yalnız qaz sayğacı sökülən zaman kənar müdaxilənin baş verməsi nəticəsində olması mümkündür. Əgər sayğacın mexaniki göstəricisi 2013-cü ildən etibarən elektron göstəriciyə uyğunlaşdırılmamışdırsa, onda AR Prezidentinin Fərmanları, Nazirlər Kabinetinin qərarları və digər normativ aktlar əsasında sayğacların standartlara uyğunlaşdırılmasına dövlətin pulunu izafi qaydada xərcləyib, sayğacı standartlara uyğunlaşdırmalı olan qurum cavabdeh olduğuna görə, o istehlakçı olaraq qaz paylayıcının hərəkətləri üçün məsuliyyət daşımalı deyil. 3) Qarşılıqlı iddia ərizəsində” qeyd olunur ki, “qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunub.” “Qazdan istifadə qaydalarının” 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazm verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qanunvericilik sayğaca müdaxilə və qanunsuz qoşulmanın dəqiq izahını verdiyi halda, eyni zamanda cavabdeh tərəfin xx.xx.2022-ci il tarixli aktında belə bir halın aşkar edilməsinə dair hər hansı bir ehtimal olmadığı halda, cavabdeh tərəf bu tələbinin əsası kimi istifadə etdiyi fakt və hallan, yaxud bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunan mülahizədir. Cavabdeh faktları inkar edə bilən heç bir dəlil təqdim etmədən, onun son 9 illik müddət ərzində 4 illik sərfıyyatı həddində ona cari borc yazması məqsədli olmaqla yanaşı əsassızdır. Bu məbləğdə qaz sərfıyyatı onun mənzilində mümkünsüzdür. Çünki mənzildə 1 ədəd ekonomik kombi və bir ədəd dörd göz qaz plitəsi işlədilmişdir. Cavabdeh İB-nin təqdim etdiyi qarşılıqlı iddia ərizəsi əsassızdır. Həm də qarşılıqlı iddia faktları təhrif etməklə yazılmış və qərəzlidir. Qərəzli olmasına səbəb tərəfindən onların hüquqa zidd əməlləri barədə Dövlət Hakimiyyət orqanlarına rəsmi müraciətlər ünvanlaması ilə əlaqədardır. Təsadüfi deyildir ki, xx.xx.2022-ci il tarixdə Cavabdehın əməkdaşı ona mobil nömrə ilə zəng edərək bilmədən öz niyyətini açıqladı. Saat 12:16 radələrində (070) *** ** ** nömrə ilə zəng edən əməkdaş bildirdi ki, xx.xx.2022-ci il tarixdə sökdükləri və müdaxilə etdikləri sayğaca onun iştirakı ilə baxış keçirmək istəyirlər. Bunu da onun şikayətləri ilə əlaqələndirdi. Beləliklə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə iştirakı olmadan sökülərək, müdaxilə edilmiş sayğaca iştirakı ilə 2 aydan sonra baxış keçirməyi əməkdaş dövlət orqanlarına etdiyi şikayətlərlə əlaqələndirdi. Hansı ki, iştirakı olmadan sayğac sökülüb və ona müdaxilə həmin vaxt edilmişdir. Qeyd olunanları nəzərə almaqla, sayğaca heç bir müdaxilə edilmədiyi üçün, Qazdan istifadə qaydalarının 4.8-ci bəndinə görə sayğacın işlək vəziyyətdə saxllanılmasına qaz paylayıcı cavabdeh olduğu üçün, qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ümayəndəsi X4 qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək təmin olunmasını, ilkin iddia tələblərinin əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İş materiallarından müəyyən olunur ki, qaz paylayıcısı Azəriqaz İB ilə abonent İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1059(7-9) saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, iddiaçıya məxsus evdə quraşdırılmış “smart” tipli, G4 markalı, 1202AD**********8 nömrəli qaz sayğacı “istismar müddətinin bitməsi” qeyd edilməklə, yeni- “smart” tipli, G4 markalı, **********594 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmamışdır. "Azəriqaz” İstehsalat Birliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının yaranmış borc barədə müraciətinə baxılmış, bildirimişdir ki, “... Araşdırma zamanı məlum olmuşdur ki, öncədən ödənişli G-4 markalı 1902AQ**********8 saylı qaz sayğacı akt tərtib olunmaqla, yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00050 nömrəli abonentə məxsus hesabdan çıxarışdan görünür ki, qeyd olunan ünvanda 2013-2022-ci illər dövründə serfiyyat və ödənişlər aşağıdakı kimi olmuşdur. İl Ödəniş Sərfiyyat 2013 350 3498 2014 469 4690 2015 450 4500 2016 380 3800 2017 372 2710 2018 624 3970 2019 50 500 2020 300 2600 2021 720 4350 2022 457 2712 Cəmi 4172 33330 “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, ilkin iddia ərizəsi əsaslı olduğuna görə təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanına (abonent kodu: **********00050) hesablanmış 1642,75 manat borc silinməlidir. Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 1642,75 manat debitor borcunun yarandığını iddia etsə də, 2013-2021-ci illər ərzində istehlakçı olaraq cavabdehin qaz sərfiyyatı üzrə, aylıq ödəniş məbləği orta hesabla 35 manat həcmində olduğu halda, 1642,75 manat borcla bağlı iddia tələbini əsaslandıra və bunu təsdiq edən heç bir sübutlar təqdim edə bilməmişdir. Həmçinin, işin araşdırılmış halları ilə qarşılıqlı iddia üzrə cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək qarşılıqlı iddia üzrə iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanına (abonent kodu: **********00050) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasinda hesablanmış 1642,75 (min altı yüz qırx iki manat 75 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 36,43 (otuz altı manat 43 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. İddiaçı Cavabdeh X2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi ilə əlaqədar ödənilmiş 36,43 (otuz altı manat 43 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar