Məhkəmə qərarları › İş №e-2(011)-583/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-583/2025

08.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-583/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 İsmat oğlunun, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilə qeydiyyatlarının ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, 46 nömrəli mənzil iddiaçı X1 tam mülkiyyətindədir. İddiaçı və Cavabdeh3 23 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2004-cü təvəllüdlü Cavabdeh2 və xx xxxx 2006-cı il təvəllüdlü Cavabdeh1 adlı iki övladları vardır. Sonradan ailə münasibətləri korlandığından Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5698/2018 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Hazırda cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqdadırlar. İddiaçının ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarından sərbəst şəkildə istifadə etməsi üçün cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılması və qeydiyyatlarının ləğv edilməsi zərurəti yaranmışdır. Belə ki, tərəflər arasında ailə münasibətlərinə son verilmiş, hər hansı birgə təsərrüfat mövcud deyildir. Bu halda şəxslərin eyni mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozmaqdadır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 İsmat oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, cavabdehlərin həmin ünvanda yaşadıqlarını və həmin mənzildən istifadə hüquqlarını olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabhlər Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və dövlət reyestrində xx.xx.2024-cü il tarixində qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-583/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1425 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 43, köhnə tikili 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən (Yeni qaydalarla:AZ1126, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, giriş 304, M5, m 2), ümumi sahəsi 69.34 m2 ola 3 otaqlı, 46 saylı mənzilin və həmin ərazidə ona oxşar şəraitli mənzillərin 2025-i il tarixə bir aylıq kirayə haqqının orta bazar qiyməti təxminən 500,00 manat müəyyən edilmişdir. Təqdim edilmiş mənzilin 2024-cü il tarixə bir aylıq kirayə haqqının orta bazar qiyməti barədə məlumat olmadığından həmin tarixə tədqiqat aparılmadı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-583/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin “həmin mənzilə qeydiyyatlarının ləğv edilməsi” barədə hissəsində iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 cavabdeh İddiaçılə 2003-cü ildə nikaha daxil olduqdan sonra dövlət mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 43 saylı evin 46 saylı mənzilinə köçürülmüş, 2018-ci ilin mart ayınadək bu mənzildə yaşamaqla mənzildə yaşayan digər şəxslərlə birgə təsərrüfat aparmış, bu ünvanda iki uşağı -xx xxxx 2004-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxx 2006cı il təvəllüdlü Cavabdeh1 anadan olmuş. Bugünədək cavabdeh mübahisəli ünvanda uşaqları ilə birlikdə yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və dövlət reyestrində xx.xx.2024-cü il tarixində qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5698/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasından xx.xx.2003-cü il tarixdə bağlanmış, 417 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan xx xxxx 2004-cü il təvəllüdlü Cavabdeh2 və xx xxxx 2006-cı il təvəllüdlü Cavabdeh1 anaları Cavabdeh3 himayəsində saxlanılmaları qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4424/2018 saylı qətnaməsi ilə Cavabdeh3 Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, 43 saylı evin 46 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-bulluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi cavabdehin və onun uşaqlarının mənzildən istifadə hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Buna görə də məhkəmə iddiaçının iddia tələbinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddianın düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, məhkəmə tərəfindən ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanın orta aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1425 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 43, köhnə tikili 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən (Yeni qaydalarla:AZ1126, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, giriş 304, M5, m 2), ümumi sahəsi 69.34 m2 ola 3 otaqlı, 46 saylı mənzilin və həmin ərazidə ona oxşar şəraitli mənzillərin 2025-i il tarixə bir aylıq kirayə haqqının orta bazar qiyməti təxminən 500,00 manat müəyyən edilmişdir Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir və mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini ümumiyyətlə göstərməyə borclu deyildir. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludurlar. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında da ifadə olunub Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Belə iddia tələblərində kompensasiyanın məbləği tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə bu qərara gələrkən həmçinin onu da nəzərə alır ki, Cavabdeh2 və Cavabdeh1 anaları Cavabdeh3 ilə birlikdə ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanında yaşayırlar. Odur ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanından istifadə hüququna 18.000 manat kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanından istifadə hüququna 18.000 (on səkkiz min) manat kompensasiya verilməklə xitam verilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanından çıxarılsın. Bu qətnamə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar