Məhkəmə qərarları › İş №e-2(011)-6004/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6004/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6004/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 avqust 2022-ci il tarixli ALY-1347 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 may 2025-ci il tarixə 1146.09 manat gecikdirilmiş əsas, 314.88 manat gecikdirilmiş mükafat, 111.29 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin (Bundan sonra - Avtomobil) bərpa olunması üçün tələb olunan 118 manat məbləğində pulun, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1704 manat məbləğində pul, ümumilikdə 3394.26 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2022-ci il tarixli ALY-1347 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, Avtomobil 20050 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 18% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 492,03 manat, ümumilikdə isə 26917 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 may 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 118 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 20 avqust 2022ci il tarixli ALY-1347 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 may 2025-ci il tarixə 1146,09 manat gecikdirilmiş əsas, 314,88 manat gecikdirilmiş mükafat, 111,29 manat dəbbə pulu, ümumilikdə 1572,26 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan Avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X5 tərəfindən inzibati qaydada cərimələnmişdir. Protokollara görə ümumilikdə 1704 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir Tərəflərin mövqeləri: İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, polis orqanında aparılan araşdırmaya görə xx.xx.2025-ci il tarixdə avtomobil saxlanılaraq duracağa qoyulmuş və həmin tarixdən onun sahibliyindən çıxmışdır. Bundan sonra lizinq üzrə ödənişlərini həyata keçirə bilməmiş, inzibati xəta üzrə cərimələri isə iddiaçı onun icazəsi olmadan ödəmişdir. Lizinq şirkəti ilə danışıqlar aparsa da razılığa gələ bilməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli ALY-1347 nömrəli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh sifariş verdiyi və 1 saylı Əlavədə qeyd edilən əmlakı muzdla Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, Cavabdeh isə müqavilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən müqavilənin əsas məbləğini 20050 manat təşkil edir, Cavabdeh müqavilə imzalandığı gün 3300 manat məbləğində lizinq ödənişini İddiaçı MMC-yə ödəməlidir. Ödənilmiş 3300 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 18% həcmində mükafat hesablanır. Daxili lizinq müqaviləsinin 1 saylı Əlavəsinə əsasən Avtomobilin dəyəri 20 050 manat məbləğində müəyyən edilmişdir. Daxili lizinq müqaviləsinin 3 saylı Əlavəsinə əsasən müqavilə üzrə Cavabdeh tərəfindən aylıq ödənişin məbləği 492,03 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Avtomobil xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində EQ 24864459 saylı protokola görə 9 manat, EQ 24864461 saylı protokola görə 45 manat, EQ 24577899 saylı protokola görə 45 manat, EQ 24222575 saylı protokola görə 80 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 25351648 saylı protokola görə 45 manat, EQ 23305782 saylı protokola görə 80 manat, EQ 23247336 saylı protokola görə 160 manat, EQ 23247335 saylı protokola görə 32 manat, EQ 22895956 saylı protokola görə 80 manat, EQ 22694215 saylı protokola görə 64 manat, EQ 22469588 saylı protokola görə 80 manat, EQ 21835538 saylı protokola görə 80 manat, EQ 21611954 saylı protokola görə 64 manat, EQ 21411298 saylı protokola görə 80 manat, EQ 21219936 saylı protokola görə 64 manat, EQ 21130483 saylı protokola görə 64 manat, EQ 21015215 saylı protokola görə 80 manat, EQ 21035538 saylı protokola görə 128 manat, EQ 21035539 saylı protokola görə 64 manat, EQ 20470838 saylı protokola görə 80 manat, AYN ******* saylı protokola görə 9 manat, EQ 28374740 saylı protokola görə 45 manat, EQ 28374736 saylı protokola görə 45 manat, EQ 28374735 saylı protokola görə 72 manat və EQ 28374738 saylı protokola görə 45 manat məbləğində cərimyə gğrə ödəniş edilmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akta əsasən Avtomobil xx.xx.2025-ci il tarixdə mühafizə olunan duracağa yerləşdirilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubunda cavabdehin xx.xx.2022-ci il tarixli ALY-1347 nömrəli Daxili lizinq müqaviləsi üzrə 1572,26 manat məbləğində borcu yarandığı, Avtomobilə 118 manat məbləğində zərər dəyməsi, cavabdeh tərəfindən yol verilmiş inzibati xətalara görə 1704 manat məbləğində cərimələndiyi, həmin cərimənin İddiaçı MMC tərəfindən ödənildiyi qeyd olunmuş və borcun dərhal ödənilməsi, əks təqdirdə 15 gün ərzində lizinq müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş 574 nömrəli arayışa əsasən xx.xx.2022-ci il tarixli ALY-1347 nömrəli Daxili lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə əsas borcu 1146,09 manat, mükafat borcu 314,88 manat, cərimə borcu 111,29 manat olmaqla, cəmi borcu 1572,26 manat təşkil edir. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akta əsasən Avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün tələb edilən məbləğ 118 manat təşkil edir. İşin müəyyən edilən halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ALY-1347 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan Avtomobili illik 18% olmaqla, 3300 manat lizinq ödənişini etdikdən sonra, aylıq 492,03 manat ödəmək şərti ilə, 48 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq müqaviləsinin əsas məbləği (lizinq əmlakının ümumi dəyəri) 20050 manat müəyyən edilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Həmçinin Avtomobil cavabdehin istifadəsində və sahibliyində olan zaman Avtomobilə zərər dəymiş, eləcə də, cavabdeh tərəfindən yol verilmiş inzibati xətalar ilə əlaqədar barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, İddiaçı MMC lizinq obyektini Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh lizinq obyekti olan Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin 4.4.3-cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır. İddiaçının verdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışında xx.xx.2025-ci il tarixə cavabdehin 1146,09 manat əsas, 314,88 mükafat, 111,29 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1572,26 manat məbləğində borcunun olması göstərilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, müqavilə ilə müəyyən edilmiş lizinq məbləğin tam qaytarmayaraq öhdəliyini pozmuşdur. Məhkəmə 111,29 manat məbləğində cərimə borcunun Cavabdeh tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Qeyd edilənlərə əsasən, iddia tələbi 111,29 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi inzibati xəta haqqında protokollara görə ödənilmiş 1704 manat məbləğində cərimənin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunur ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR DYP tərəfindən inzibati qaydada 26 dəfə cərimə edilmiş, lakin vaxtında cavabdeh cərimələri ödəmədiyindən üzərinə dəbbə pulu əlavə edilmişdir. Həmin cərimələr və onlara hesablanmış dəbbə pulu isə İddiaçı MMC tərəfindən ödənilmiş və buna görə İddiaçı MMC maddi zərər çəkmişdir. Odur ki, iddaçının iddiası həmin hissədə əsaslıdır, onun tərəfindən ödənilmiş cərimə və dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 118 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.4.2-ci maddəsinə əsasən cavabdeh Rüstəmov X1 və işlək vəziyyətdə saxlamağı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh lizinq müqaviləsinin icrası zamanı öhdəliyini pozaraq Avtomobilə zərər vurmuşdur. Tərəflər zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur. İddiaçı bildirir ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində Avtomobilə zərər vurulmuş və bunun nəticəsində avtomobildə nasazlıq yaranmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən də görünür ki, Avtomobilin istifadəyə yararlı vəziyyətə salınması üçün müvafiq xidmətlər göstərilməsi zəruridir və buna görə tələb edilən məbləğ 118 manat təşkil edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək 1146,09 manat məbləğində əsas borc, 314,88 manat faiz borcu və 111,29 manat cərimə borcu, Avtomobilin bərpa olunması üçün ödənilmiş 118 manat məbləğində pul və inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 1704 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunun 100 manat məbləğini geri tələb etdiyindən, məhkəmə xərcinə həmin tələb həcmində qiymət verilməli və 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2022-ci il tarixli ALY-1347 nömrəli daxili lizinq müqaviləsinə əsasən 1146,09 manat əsas borc, 314,88 manat mükafat, 111,29 manat cərimə borcu, avtomobilin bərpa olunması üçün tələb olunan 118 manat məbləğində pul, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1704 manat pul və 100 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3494,26 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar