Məhkəmə qərarları › İş №e-2(011)-613/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-613/2025

16.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-613/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və sayğacın bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanda yerləşən topraq sahəsi İddiaçı istifadəsindədir. 2013-cü ildə Cavabdeh İB tərəfindən ərazinin qazlaşdırılması aparılan zaman həmin həyətyanı torpaq sahəsinin ətrafından keçən qaz xətti üzərində öncədən ödənişli G-4 tipli, 1302AZ**********12 nömrəli smart qaz sayğacı quraşdırılmış və həmin ünvanda fərdi yaşayış evinin inşa edilməməsinə baxmayaraq həyətyanı sahənin sahibi İddiaçı adına CavabdehİB-də abonent kodu açılmışdır.

2. İddiaçı məxsus həmin sahədən qaz sayğacı naməlum şəxslər tərəfindən aparılmışdır. Aidiyyəti orqanlara çoxsaylı müraciətlər edildikdən sonra müəyyən olunmuşdur ki, qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən aparılmış, həmin ünvanda fərdi yaşayış evinin inşa edilməməsinə və qazdan heç vaxt istifadə olunmamasına baxmayaraq, həmin kartla olan qaz sayğaca bir qəpik də yüklənməməsinə baxmayaraq, İddiaçı 4342,50 manat cərimə yazılmışdır. Lakin bu günə qədər sayğac qaytarılaraq yerinə bərpa edilməmişdir

İddiaçının tələbi:

3. İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yaşayış massivi ünvanda yaşayış sahəsində quraşdırılmış abonent kodu **********00007 olan, G-4 markalı 1302AZ**********12 nömrəli qaz sayğacına Cavabdeh Bakı X4 Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 3824,10 manat borc pulun silinməsi və sayğacın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, qeyd edilən ərazidə heç bir tikili mövcud deyildir. Cavabdeh İB-nin nümayəndələri əraziyə gəlmiş və sağacı çıxarmış, bundan sonra isə iddiaçıya 4342,50 manat məbləğində cərimə hesablamışdırlar. Bununla bağlı dəfələrlə aiddiyəti orqanlara müraciət edilmişdir. Cavabdeh İB-nin nümayəndələri sözügedən sayğacı başqa əraziyə quraşdırmış və hesablanmış məbləğ bunun əsasında formalaşmışdır. Bundan sonra sayğacı yenidən həmin əraziyə gətirərək quraşdırmışdırlar. 2013-cü ildən indiyə qədər sayğacda heç bir problem olmamışdır. Həmin ərazidə bir çox yaşayış evi vardır. İddia ərizəsini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir.

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, 518,40 manat cərimə ilə bağlı akt mövcuddur. Digər borc isə sayğacın üzərindəki göstəriciyə əsasən hesablanmışdır. Sayğacın çıxardılması barədə xəbəri olmadığını bildirmişdir. Sayğac çıxarılan zaman sayğacın yenisi quraşdırılır, lakin torpaq sahəsi olduğu üçün yenisi quraşdırılmamışdır. 2013-cü ilədək torpaq sahəsinə sayğac quraşdırılması mümkün idi, lakin hazırda buna icazə yoxudur. Həmin əraziyə iddiaçı ev tikdikdən sonra yenidən qazlaşdırılma aparıla bilər, hazırda yenidən qaz sayğacının quraşdırılması nəticəsində həmin qaz qaz sayğacını da sökülüb aparıla bilərlər. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Enerji X1 Bakı filialının nümayəndəsi İsmayılov Teymur öz izahatında işin əvvəllər onun icraatında olduğunu bildirmişdir. Həmin əraziyə o baxış keçirən zaman müşahidə etmişdir ki, orada sayğac yeri olmuş, lakin sayğac yox idi. Ora 2013-cü ildə qaz sayğacı quraşdırılmış. 2022-ci ildə sayğac laborotoriyaya aparılmış, 518,40 manat cərimə hesablanmışdır. Lakin sərfiyyat həmin yerdə olmamışdır. Çünki, həmin yerdə işlədilə bilməz. Qalan borc isə başqa yerdə işləndiyi üçün iddiaçının adına sayğacın üzərində qalmışdır. Əvvəlki qanunvericiliyə əsasən, qaz sayğacının quraşdırılması qanunauyğundur.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, sayğacın sol metrologiya plombunun üzərində xüsusi işarə yoxdur, sağ metrologiya plomb yuvasının ətrafı zədəlidir, ALARM-1 rejimi aşkar olundu.

9. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən, sayğacın sağ metrologiya plomb yuvasının ətrafı zədəlidir, ALARM-1 rejimi aşkar olundu, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 4320 m3 hesablanmışdır.

10. Cavabdeh tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, MSK-29/1710-00364-1 №-li Qaz sayğacının yoxlanılması barədə akt.

11. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən, çıxarılan 1302AZ**********12 №-li sayğacda sərfin məbləği 26485 m3 olmuşdur.

12. Abonentin saldosundan görünür ki, iddiaçının 2024-cü ilin may ayında 518,40 manat borcu silinmiş, ümumilikdə 3824,10 manat borcu qalmışdır.

13. AR Energetika Nazirliyi Enerji X1 Bakı Filialı tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 3-15-2-1/2-H-1409-5-845/2024 №-li məlumata əsasən, İddiaçı istehlakçı kimi adına olan abonent saldosu təhlil olunarkən onun hesabında təbii qazdan istifadəyə görə ümumilikdə 4342,50 manat borc yarandığı müəyyən olunmuşdur.

14. AR Energetika Nazirliyi Enerji X1 Bakı Filialı tərəfindən verilmiş 30 may 2024-cü il tarixli 3-15-2-1/2-H-5-923/2024 №-li məlumata əsasən, İddiaçı istehlakçı kimi adına olan abonent saldosu təhlil olunarkən onun hesabında təbii qazdan istifadəyə görə ümumilikdə 4342,50 manat borc yarandığı müəyyən olunmuşdur.

15. Digər sənədlər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

24. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

25. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunur ki, “sayğacın sol metrologiya plombunun üzərində xüsusi işarə yoxdur, sağ metrologiya plomb yuvasının ətrafı zədəlidir, ALARM-1 rejimi aşkar olundu”. (§7) Lakin qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir.

26. Məhkəmə araşdırması zamanı iddiaçının ümumiyyətlə qaz sayğacından istifadə etmədiyi müəyyən edilmişdir.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia tələbi təmin edilməlidir.

28. Məhkəmə qeyd edir ki, iddiaçının digər bir iddia tələbi isə İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yaşayış massivi ünvanda quraşdırılmış abonent kodu **********00007 olan sayğacın bərpa edilməsi olmuşdur.

29. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Qaz təchizatı haqqında Qanunun 13-cu maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə araşdırmsı zamanı qaz sayğacının iddiaçının təqsiri üçündən aparılması halı aşkarlanmamış, cavabdeh tərəf isə bu halı sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh naməlum şəkildə yoxaçıxmış qaz sayğacını yenisi ilə əvəz etməlidir.

30. Yuxarıda qqeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanı üzrə **********00007 saylı abunə koduna hesablanmış 3824,10 (üç min səkkiz yüz iyirmi dörd manat on qəpik) manat məbləğində borc silinməli, Cavabdeh üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanına İddiaçı məxsus abonent kodu **********00007 olan qaz sayğacını yenidən quraşdırmaq vəzifəsi qoyulmalıdır.

Məhkəmə xərcləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 58,24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanı üzrə **********00007 saylı abunə koduna hesablanmış 3824,10 (üç min səkkiz yüz iyirmi dörd manat on qəpik) manat məbləğində borc silinsin.

3. Cavabdeh üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanına İddiaçı məxsus abonent kodu **********00007 olan qaz sayğacını yenidən quraşdırmaq vəzifəsi qoyulsun.

4. Cavabdehndən 58.24 (əlli səkkiz manat iyirmi dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar