Məhkəmə qərarları › İş №e-2(011)-6197/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6197/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6197/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1084 manat əsas borcun, 253.71 manat cərimə borcun və 35 manat dövlət rüsumunun, cəmi 1.372,71 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla saslandırılmışdır ki, iddiaçı sahibkar X3 ilə fiziki şəxs Cavabdeh arasında 1851 nömrəli 18 iyun 2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini Samsung S20 Ultra 5G Black 128gb markalı telefon təşkil edir. Əşyanın qiyməti 2.859 manat təşkil edir. Alıcı ilkin ödəniş olaraq 715 manat ödəməli, qalan pulu isə hissə-hissə 12 ay müddətində ödəməli olmuşdur. Cavabdeh sözügedən müqavilənin şərtlərini pozmuş, məbləğin hissə-hissə ödənilməsi öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh tərəfindən ödənilməmiş qalıq 1.084 manat əsas borc məbləği qalmışdır. 28 avqust 2022-ci il tarixədək cərimə məbləği 253.71 manat təşkil etmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh Samsung S20 Ultra 5G Black 128gb markalı mobil telefon almışdır. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun müqavilə üzrə 1084 manat əsas, 253.71 manat cərimə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, X3 ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 18 iyun 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 253.71 manat cərimə məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18 iyun 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1.084 manat əsas borc, 50 manat cərimə borcu olmaqla 1.134 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 35 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 35 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18 iyun 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1.084 (bir min səksən dörd) manat əsas borc, 50 (əlli) manat cərimə borcu olmaqla 1.134 (bir min yüz otuz dörd) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 35 (otuz beş) manat alınaraq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar