Məhkəmə qərarları › İş №e-2(011)-6336/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6336/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6336/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. Hazırda onlar iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatdadırlar. O bir ata kimi övladlarının hər zaman qayğısını çəkmiş və hər bir ehtiyaclarını qarşılamışdır. Onların hər biri artıq yetkinlik yaşına çatmışlar və müstəqil qazanc əldə edən şəxslərdir. İddiaçı hesab edir ki, mülkiyyətçi kimi onun da özünə məxsus mülkiyyətdən ayrıca istifadə edərək sərbəst və asudə yaşamaq hüquqlarımın təmin edilməsi üçün onların istifadə hüquqlarının itirilərək mənzildən çıxarılmaları zəruridir. Ona görə də o iddia tələbini qaldırmaqla onlarla bir evdə yaşamaq istəmədiyini və mülkiyyətçi kimi konstitusion hüquqlarımdan istifadə etməyi qərara almışdır. İddiaçı hesab edir ki, onların həmin evdə istifadə hüquqları olsa da onun mülkiyyətçi kimi kompensasiya verməklə istifadə hüquqlarının itirilməsi barədə tələbi qanuni və əsaslıdır.

İddiaçının tələbi:

2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cəmi 15 000 manat kompensasiya verilməklə onların Bakı şəhəri, Xətai rayonu,Telnov küçəsi, ev 5, mənzil 78-ə istifadə hüququnun itirilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı: 3.Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir: atamız İddiaçı bizə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 15 000 manat kompensasiya verilməklə bizim Bakı şəhəri., Xətai rayonu., Telnov küçəsi.,ev 5, mənzil 78-ə istifadə hüququnun itirilməsi və həmin mənzildən çıxarılmağımız barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda biz həmin ünvanda yaşayırıq və həmin mənzilə istifadə hüququmuz mövcuddur. Bildirik ki, bizim ayrı yaşayış yerimiz mövcud deyildir və hazırda həmin mənzildə yaşamağa böyük ehtiyacımız vardır. Həmçinin bizə təklif edilən 15000 manat kompensasiya məbləği bizim həmin mənzilə oxşar şəraitli mənzildə kirayədə yaşamağımız üçün kifayət deyildir. İş materiallarında olan ekspert rəyindən də görünür ki, həmin mənzilin aylıq kirayə haqqı 800 mant təşkil edir. Ona görə də hesab edirik ki, bizə verilən kompensasiyanın məbləği ayrı-ayrılıqda 30000 manat olmaqla, cəmi 120000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən "Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bütün göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli kompensasiya məbləğinin müəyyən edilməsini xahiş edirik.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, hazırki iddia tələbləri 15000 manat kompensasiya verilməklə cavabdehlərin həmin məzildən istifadə hüquqlarına xitam verilməsi olduğunu qeyd etmişdir. O izahatına əlavə olaraq qeyd etmişdir ki, iddiaçı qızlarının yetkinlik yaşına çatması səbəbindən həmin mənzildə tək yaşamaq istəyir və iddiaçı hesab edir ki, ədalətli kompensasiya təmin etməklə cavabdehlər həmin mənzilə uyğun şəraitdə digər ərazidə yaşaya bilərlər. İddiaçı üç cavabdehə birlikdə 15000 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsini təklif etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək mübahisəli mənzilin 5 otaqlı olduğunu və onun bacısı ilə birlikdə yaşamağı düşündüyünü qeyd etmiş, qardaşının onlarla birlikdə yaşamayacağını izahatına əlavə etmişdir. O məhkəmədən ən azı 30000 manat kompensasiya verilməsini xahiş etmişdir.

6. Cavabdeh2 iddia tələbinə etiraz etdiyini bildirmiş, 30000 manat kompensasiya verilməsini istədiyini qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, mübahisəli mənzil 5 otaqlıdır və sahəsi 68 kv.m-dir

7. Cavabdeh3 iddia tələbinə etiraz etdiyini qeyd etmiş, ən azı 30000 manat kompensasiya verilməsini məhkəmədən xahiş etmiş və bacısı ilə birlikdə yaşamağı düşündüyünü izahatına əlavə etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. İş materiallarında olan "xxxx" MMC-nin “Qanunçuluq” vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 2anında yerləşən 78 saylı mənzilə oxşar təmirli və şəraitli 2 otaqlı mənzilin 1 aylıq kirayə haqqı 300 (üç yüz) manat, 3 illik kirayə haqqı isə 10 800 (on min səkkiz yüz) manat təşkil edir. Həmçinin "xxxx" MMC-nin “Qanunçuluq” vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 2anında yerləşən 5 otaqlı 78 saylı mənzilin 1 aylıq kirayə haqqı 400 (dörd yüz) manat, 3 illik kirayə haqqı isə 14 400 (on dord min dörd yüz) manat təşkil edir.

9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 60,26 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5, mənzil 78-də qeydiyyatdadırlar.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əlavə edilmiş xx.xx.2003-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X1 vərəsəsi İddiaçı olmuş və Bakı şəhəri ünvan 4 ünvanında yerləşən 78 saylı mənzil İddiaçı miras əmlakı olaraq qalmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/604 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilir.

13. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli 9/604 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilmişdir.

14. İş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

18. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarı.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarı.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

23. Belə ki, Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.(§15)

24. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.(§17)

25. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§19)

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.(§20)

27. Cavbdehlər övladlarıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. (§17)

28. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. (§17)

29. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.(§14) Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir.

30. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. (§18)

32. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

33. Mülki iş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli 9/604 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilmişdir. (§12)

34. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə ümumi sahəsi 60.26 m2 mənzillərin orta aylıq kirayə haqqı 800 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 9600 manat, iki il üçün 19200 manat, üç il üçün 28800 manat təşkil edir. Lakin, məhkəmə araşdırması zamanı bacıların bir yerdə yaşamasını, o cümlədən evin yaşayış sahəsinin azlığını, həmçinin mülkiyyətçinin üzərinə otuz minə yaxın komensasiya ödəmək öhdəliyinin qoyulmasının onun mülkiyyət hüququnu həddindən artıq məhdudlaşdıracağını nəzərə alaraq məhkəmə 20000 (iyirmi min) manat həcmində kompensasiya ödəməsini daha ədalətli hesab edir.

35. İddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehlərin müəyyən müddət oxşar yaşayış sahəsində yaşaması üçün kifayət deyil, lakin məhkəmə cavabdehər tərəfindən tələb edilən kompensasiya məbləğini də mütənasib hesab etmir.

36. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 20000 min manat kompensasiya, onlara davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir.

37. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində onlara 20000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Odur ki, iddia göstərilən hissədə təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20000 manat pul kompensasiyası ödənilməklə, onların mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilərək, mənzildən çıxarılmalıdırlar.

Məhkəmə xərcləri:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. İddiaçı tərəfindən 20000 (iyirmi min) manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Bakı şəhəri,Xətai rayonu,Telnov küçəsi,ev 5, 78 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin.

3. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri,Xətai rayonu,Telnov küçəsi,ev 5, 78 saylı mənzildən çıxarılsınlar.

4. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiya verilməklə onların Bakı şəhəri,Xətai rayonu,Telnov küçəsi,ev 5, 78 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilsin.

5. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar