Məhkəmə qərarları › İş №e-2(011)-6420/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6420/2023

16.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6420/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” barədə iddia tələbinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh ünvan 1 ünvanı üzrə **********880 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdehə məxsus abonent kartında cavabdehin xx.xx.2023-cü il tarixə cəmi 461,33 manat borcunun olması qeyd edilmişdir.

2. “Abonent kartı”nda cavabdehin borcunun 454,33 manat olması əks olunmuşdur.

3. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixində “Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma” protokolu imzalanmış, razılaşmaya əsasən cavabdeh 454,33 manat borcu 11 ay müddətinə, ilk üç ay üzrə 42 manat, sonrakı aylar üzrə isə 41 manat borcu hissə-hissə ödəməlidir. Razılılaşma protokolu əsasında cavabdeh xx.xx.2023-cü il tarixə 41 manat ödəniş etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 461,33 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə (abonent kodu: **********880) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla, ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 461,33 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim edərək, aralarında borcun ödənilməsi barədə razılaşma olduğunu bildirmişdir. Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə razılığa əsasən 454,33 manat məbləğində borcu 11 ay üzrə hissə-hissə ödəməli idi. Cavabdeh birinci ay 42 manat ödəməli olduğu halda 41 manat ödəniş edərək, razılaşmanın şərtlərini də pozmuşdur. Məhkəməyə müraciət olunsa da, İddiaçı ASC-nin əməkdaşları bundan məlumatlı olmadığına görə xx.xx.2023-cü il tarixində cavabdehlə razılaşma protokolu imzalamışlar.

7. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, onu məhkəməyə verdikdən 1 ay sonra ona xəbərdarlıq məktubu gəldi. Məktubda onun borcunun olması, borcunu ödəməsə sudan istifadəsinin dayandırılacağı qeyd edilmişdir. Sonra, iddiaçı ilə aralarında həmin borcun hissə-hissə ödənilməsi barədə razılıq imzalanmışdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

10. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

11. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”

13. 4.1.3-cü bənd Bu Qaydaların tələblərinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir.

14. 7.14-cü bənd Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir.

15. 7.15. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bu zaman əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, digər istehlakçılara müqavilədə nəzərdə tutulmuş qaydada gecikmiş ödəmələr (qalıq borclar) üzrə dəbbə pulu tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.

21. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, cavabdeh içməli sudan və çirkab sularının axıdılmasına görə iddiaçının xidmətlərindən istifadə etsə də, yaranmış borcu vaxtında ödəməməklə öhdəliyini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixə 461,33 manat məbləğində borcu yaranmışdır. Sonradan, xx.xx.2023-cü il tarixdə tərəlfər arasında həmin tarixə cavabdehin mövcud olan 454,33 manat məbləğində borcun 11 ay, xx.xx.2024-cü ilədək hissə-hissə ödənilməsi barədə razılaşma imzalanmışdır. Hətta, tərəflər arasında Razılaşma üzrə cavabdehin ödəniş qaydası “ətraflı abonent kartı”nda əks olunmuş, hər ay üzrə ilk və son ödəniş tarixləri də müəyyən edilmişdir. Məsələn, birinci ödəniş üçün ilk ödəmə tarixi xx.xx.2023-cü il, son ödəmə tarixi isə xx.xx.2023-cü il göstərilmişdir. Bu qayda ödənişin sonunadək bu qaydada müəyyən edilmişdir.

22. Göründüyü kimi, cavabdehin sudan istifadəyə görə yaramış borcunun ödənilməsi ilə bağlı tərəflər mübahisəni öz aralarında həll etmiş və bununla bağlı yeni Razılaşma (müqavilə) imzalayaraq üzrlərinə yeni öhdəliklər götürmüşlər.

23. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxs özlərinin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün yazılı (qanunla müəyyən edilən hallarda, notarial), yaxud şifahi formada, öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. İradə (müqavilə) azadlığı əqli (süuru) iradəyə söykənməklə şəxslərin öz davranışlarının sərhədlərini müəyyən etməyə imkan verir və bu özünü daha çox müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə göstərir.

24. Tərəflər arasında bağlanmış borcun ödənilməsinə dair Razılaşmanın məzmununu tərəflərin iradə azadlığından kənar müəyyən edilməsini təsdiq edən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Razılaşmanın şərtindən də görünür ki, cavabdehin öhdəliyinin son müddəti xx.xx.2024-cü ildir. Cavabdehin öhdəliyinin icrası müddətinin dəqiq müəyyən edilməsi isə iddiamlnl öhdəliyin icrasını istədiyi vaxt tələb etmək imkanını məhdudlaşdırmış olur.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu qayda cavabdehin (kreditorun) hüquqlarının məhdudlaşdırılmasına deyil, məhz müqavilə azadlığı prinsipinə xidmət edir. Əks halda, öhdəliyin icrası vaxtının müəyyən edilməsinə baxmayaraq, kreditorun icranı istənilən vaxt tələb etməsi, əvvəldə də qeyd edildiyi kimi, müqavilənin məzmununun müəyyən edilməsi ilə bağlı iradə (müqavilə) azadlığını heçə endirmiş olardı ki, bu da eyni zamanda mülki hüquq subyektlərinin bərabərliyi və mülki hüquq subyektlərinin iradə sərbəstliyini nəzərdə tutan mülki qanunvericiliyin prinsiplərinə zidd olardı (Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələri).

26. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdeh razılaşmanın şərtlərini pozmuş və bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Bununla bağlı məhkəmə əvvəla, qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən 1 ay sonra tərəflər arasında borcla bağlı Razılaşma imzalanmışdır. Digər bir tərəfdən, qanunvericilikdə müqavilənin ləğv edilməsi qaydası müəyyən olunmuşdur. İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşmanın ləğvi barədə iradəsini, ümumiyyətlə cavabdehə bildirməmiş və bununla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Bu halda, tərəflər arasında bağlanmış Razılaşma hələ qüvvəsini saxlamış olur, iddiaçının da Razılaşmanın şərtləri pozulmadığı halda, borcu cavabdehdən bir dəfəyə tələb etməməsi barədə öhdəliyi qüvvədədir. Odur ki, tərəflər arasındakı Razılşama qüvvədə olduğu təqdirdə həmin Razılaşma ləğv edilmədən iddiada göstərilən borcun birdəfəlik olaraq cavabdehdən tutulması barədə iddia təmin edilə bilməz.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar