Məhkəmə qərarları › İş №e-2(011)-6426/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6426/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6426/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər iki hadisə üzrə ümumilikdə 555,00 (beş yüz əlli beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus Bakı şəh.,Xətai ray., Qaçaq Nəbi küç., bina 2, mənzil 116-dan su axması nəticəsində "xxxx" ASC tərəfindən əmlakın yanğın və digər əlavə risklərdən PRM100255504 nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış X3 məxsus Qaçaq Nəbi küç., bina 2, mənzil 114-ə maddi zərər dəymişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 168,00 (bir yüz altmış səkkiz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən iş üzrə PRM176305 saylı sığortaaktı tərtib edilməklə dəymiş zərərə görə 168,00 (bir yüz altmış səkkiz) manat sığorta ödənişi həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsinşəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Həmçinin, xx.xx.2023-ü il tarixində Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, ev 2, mənzil 116-dan su axması nəticəsində "xxxx" ASC tərəfindən əmlakın yanğın və digər əlavə risklərdən PRM100255504 nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış Bakı şəhəri,Xətai rayonu, Q.Nəbi küçəsi, ev 2, mənzil 114-ə maddi zərər dəymişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 387,00 (üç yüz səksən yeddi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən iş üzrə PRM161957 saylı sığortaaktı tərtib edilməklə dəymiş zərərə görə 387,00 (üç yüz səksən yeddi) manatsığorta ödənişi həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsihesabına köçürülmə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində onun yaşadığı 116 saylı mənzilin radiatorun sıradan çıxması nəticəsində istilik suyu axıntısı olmuşdur, lakin xx.xx.2024-cü il tarixdə baş vermiş sızıntı onun mənzilindən qaynaqlanmır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli PRM100255504 saylı Əmlak Sığortası Şəhadətnaməsindən görünür ki, sığortalı X4, sığortalı mənzil ünvan 1, sığorta məbləği 86000 azn həddində sığortalanmışdır. İş materiallarında olan PRM176305 saylı “Sığorta aktı”-ndan görünür ki, xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanında sığortalanmış mənzilə subasma nəticəsində maddi ziyanın dəyməsi nəticəsində Zərər dəymiş əmlakın qiymətləndirilməsinə dair akta uyğun olaraq "xxxx" ASC tərəfindən 168 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, PRM100255504 saylı Əmlak Sığortası Şəhadətnaməsinə əsasən sığortalanmış ünvan 1-ə dəymiş zərər 168 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sığorta Hadisəsinə dair ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında X3 məxsus olan evə mənzil 116dan su axmışdır, mətbəxin divarlarına, mətbəx mebelinə və qapıya ziyan dəymişdir. Bununla bağlı 116-cı mənzilin sahibinə X4 müraciət etmiş, heç bir nəticə olmamışdır. İş materiallarında olan 93 saylı MKİS-nin mühəndisi R.Vəliyev, sahə nəzarətçisi R.Abdullayev, işçilərdən O.Namazov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X2 ünvan 1 ünvanında yerləşən mənzilinə baxış keçirilmiş, mənzilin mətbəx, dəhliz və dolabında aşkar olunmuş su axıntılarının mənbəyinin üst mərtəbədə yerləşən Cavabdeh məxsus 116 saylı mənzilin olduğu müəyyən edilmişdir. İş materiallarında olan PRM161957 saylı “Sığorta aktı”-ndan görünür ki, xx.xx.2023cü il tarixdə ünvan 1 ünvanında sığortalanmış mənzilə subasma nəticəsində maddi ziyanın dəyməsi nəticəsində Zərər dəymiş əmlakın qiymətləndirilməsinə dair akta uyğun olaraq "xxxx" ASC tərəfindən 387 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. İş materiallarında olan 93 saylı MKİS-nin mühəndisi R.Vəliyev, sahə nəzarətçisi R.Abdullayev, işçilərdən O.Namazov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X2 ünvan 1 ünvanında yerləşən mənzilinə baxış keçirilmiş, xx.xx.2023-cü il tarixində üst mərtəbədəki Cavabdeh yaşadığı 116 saylı mənzilin istilik sistemindəki batareyanın sıradan çıxması nəticəsində istilik suyu axıntısı olmuş, nəticədə 114 saylı mənzilin dəhliz və otaqlarında divar kağızı qoparaq aralanmış, elektrik sistemində suyun təsirindən qısaqpanma baş vermiş və əsaslı təmirə ehtiyac olduğu müşahidə edilmişdir. İş materiallarında olan Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin xx.xx.2025-ci il tarixli, MZ/M/0002/25 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2anında yerləşən 114 nömrəli mənzilə ünvan 2anında yerləşən 116 nömrəli mənzildən su axıdılması nəticəsində dəymiş zərərin məbləği 387 azn müəyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş mütəxəssis xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 05/04-157 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 7 təqvim günü ərzində zərər məbləğini ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx/xx-1901 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 7 təqvim günü ərzində zərər məbləğini ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********68 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, sığortalı X2 mülkiyyətində olan ünvan 2anında yerləşən 114 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmış, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixində sığortalanmış mənzilə həmin ünvanda yerləşən cavabdehə məxsus 116 saylı mənzildən subasma nəticəsində maddi ziyan dəymiş, PRM176305 saylı “Sığorta aktı”-na əsasən xx.xx.2024-cü il tarixində mənzilə dəymiş zərərin əvəzi kimi 168 manat, PRM161957 saylı “Sığorta aktı”-na əsasən isə xx.xx.2023-cü il tarixində mənzilə dəymiş zərərin əvəzi kimi 387 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən zərərçəkmiş X1 hesabına köçürülmüş, xx.xx.2023-cü il tarixində sığortalanmış mənzilə dəymiş zərərin miqdarının müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmiş, Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, sığortalanmış mənzilə həmin ünvanda yerləşən 116 nömrəli mənzildən su axıdılması nəticəsində dəymiş zərərin məbləği 387 azn müəyən edilmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, sığortalanmış mənzilin mülkiyyətçisinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 555 manat məbləğində pul alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 555 (beş yüz əlli beş) manat və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh tədqiqat prosesinin dəyərini təşkil edən 100 (yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ******************** (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar