Məhkəmə qərarları › İş №e-2(011)-6471/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6471/2023

12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6471/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 işirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın ləğv hesab edilməsi və borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********01210 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda laboratoriya rəyinə əsasən sayğacın plomb yuvalarının zədələnməsi, element plombunun deşilməsi və sayğacın xəta ilə işləməsi barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 12960 m3 olması müəyyən edilmişdir.

3. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü ilin mart ayı üzrə 1555,20 manat borcunun olması qeyd edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktın ləğv hesab edilməsi və akt əsasında əsassız hesablanmış 12960 m3 həcmində cəmi 1555,20 manat dəymiş ziyanın silinməsi, 150 manat vəkil xidməti haqqının və sənədləşmə üçün digər xərclərin, cəmi 200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qeyd edilən ünvanında qazın alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edir. Ona **********01210 nömrəli abonent kodu verilməklə fərdi yaşayayış evinin təchiz edildiyi qaz xəttinin üzərində “Smart G4” markalı, “İtron” tipli sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları yaşayış evindən bir neçə metr uzaqlıqda olan “Smart G4” markalı sayğaca baxış keçirərəkən qaz sayğacının plomb yuvalarının zədələnməsi, sayğacın xəta ilə işləməsini müyyən edib həmin gün onun mexaniki sağacla əvəz edilməsi barədə akt tərtib etmişlər. Çıxarılan sayğac isə dövlət yoxlanışı üçün göndərilmişdir. xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Fransa istehsalı olan “Smart G4” markalı, “İtron” tipli sayğac dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Həmin aktda sayğacda olan qüsurlar göstərilmiş, sayğacın istismara yarasız olamsı qeyd edilmişdir. Bundan 5 gün sonra xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktı imzalamaqdan imtina etmişdir, çünki qaz sayğacının yararsız hala düşməsinin, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurualn metrologiya plomb yuvalarının ətrafının zədələnməsinin, element plombunun deşilməsinin ona heç bir aidiyyəti yoxdur və bunların baş verməsində onun heç bir təqsiri olmamaışdır.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizsinə etiraz edərək rədd edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

12. Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

13. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

14. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

15. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

16. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

17. 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

18. 4.3-cü bəndinə əsasən Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.

19. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

21. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

25. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

26. Yuxarıda qeyd edilən müddəalrdan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.

27. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.

28. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir.

29. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.

30. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.

31. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.

32. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi də vacibdir.

33. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

34. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi 1555,20 manat məbləğində borcun silinməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “GASREP” çıxarışından görünür ki, iddiaçının etdiyi ödənişlərdən ümumilikdə 42,50 manat məbləğində borca görə tutulmuşdur. İddiaçı isə etdiyi ödənişlərdən borca görə tutumuş 42,50 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 1379,67 (1555,20 – 42,50 = 1512,7) manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.

35. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vəkilin xidmət haqqına və əlavə xərclərə çəkilmiş ümumilikdə 200 manat məbləğində pul tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

36. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş terminalı vasitəsilə ödənişin təsdiqi barədə xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkil Nazim Bağrovun hesabına 150 manat xidmət haqqı ödənişmişdir.

37. Məhkəmə qeyd edir ki, hüquqularının müdafiəsi ilə bağlı vəkilə ödənilmiş xidmət haqqı iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi xərclərə aid olduğundan həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Lakin iddiaçı ona maddi zərər kimi tələb etdiyi 50 manat xərcin həqiqətən çəkilməsi barədə məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

39. Məhkəmə hesab edir iddia tələbi aktların ləğv edilməsi hissəsində əsssızdır.

40. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi xx.xx.2023-cü il tarixli sənəd akt yox, itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın həcminin hesablanması barədə Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aparılmış hesabat sənədidir. Bu sənəd isə özlüyündə heç bir hüquqi nəticə yaratmadığından onun ləğv edilməsinə heç bir zərurət yoxdur.

41. Eyni zamanda, iddia tələbi xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi hissəsində də təmin edilməməlidir.

42. Belə ki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8.1-ci hissəsində, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qazdan istifadə qaydalarının pozulması hallarında aktın tərtib edilməsinin əsasaları göstərilmişdir. Həmin müddəalardan da göründüyü kimi, tərtib edilmiş akt yalnız qazdan istifadə qaydalarının pozulması halları aşkar edildikdə (abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma və sayğacda olan qüsurlarla bağlı) bu faktların rəsmiləşdirilməsini əks etdirən bir sənəddir. Qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş aktda göstərilənlər hələ onların törədiməsində istehlakçıların təqsirli olması barədə nəticəyə gəlmək üçün əsas deyil. Qanunvericilik müəyyən etmişdir ki, akt tərtib edildikdən sonra onun bir nüsxəsi abonentə verilməli, digər nüsxəsi isə qazdan istifadə qaydalarının pozulmasında kimin təqsirli olmasının müəyyən edilməsi üçün, törədilən hərəktlərin dərəcəsindən asılı olaraq, Energetika Nazirliyinə və cinayət təqibi orqanlarına göndərilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması isə yalnız göstərilən orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

43. Şərh edilənlədən də göründüyü kimi, qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş akt yalnız faktın aşkar edilməsinin sənədləşdirilməsi xarakteri daşıdığından, həmin aktlar birbaşa olaraq nə istehlakçının təqsirini müəyyən etmədiyindən, nə də dəymiş zərərin ödənilməsinə əsas vermədiyindən onun ləğv edilibedilməməsi özlüyündə heç bir hüquqi nəticə doğurmur. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.

44. Məhkəmə, həmçinin, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

45. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

46. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 35,12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01210) dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt ləğv edilməklə, İddiaçı hesablanmış 1512,70 manat məbləğində borc silinsin. Hüquqi xidmət üçün ödənilən 150 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 35,12 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar