Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6713/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM):
1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinə və mülki iş materiallarına əsasən, hazırki iddia tələbi sahibkarlıq fəaliyyətindən irəli gəldiyi üçün ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır.
5. Belə ki, yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
6. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.
7. Məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini yoxlamalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı hər üç xüsusiyyət yoxlanmalıdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(§3)
9. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən aidiyyəti qaydalarının pozulmasına yol verilmir. (§2)
10. Sadalananlarla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçının tələbi “pul” tələbidir, Cavabdeh MMC-dən cəmi 8886 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Hazırki iddia tələbinə mütənasib olaraq ödənilməli dövlət rüsumu 108,86 manatdır. Lakin iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd - qəbz əlavə edilmişdir. Bu isə dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilmədiyini təsdiq edir və müli prosessual qanunvericiliyin tələblərinə əsasən, iddia ərizəsinin geri qaytarılması əsaslarından biri hesab edilir.
11. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından İddiaçı MMC-nin direktoru X1 tərəfindən xx.xx.2023-cü il tarixdə “Hökumət” ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 30 manat dövlət rüsumu geri qaytarılmalıdır.
12. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunur.
13. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ:
1. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçı MMC-yə hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. İddiaçı “İddiaçı MMC-nin direktoru X1 tərəfindən xx.xx.2023-cü il tarixdə “Hökumət” ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 30 manat dövlət rüsumu geri qaytarılsın.
4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
5. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova