Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6972/2024 23.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Ərizəçi Grankin Anatoliinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi Grankin Anatoliinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi qeyd edilən 1607 saylı, 05 noyabr 1956-cı il tarixli doğum akt qeydinin ərizəçi X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X7 xx xxxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Belə ki, buna dair ərizəçiyə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Belə ki, doğum haqqında şəhadətnamənin təkrarının verilməsi barədə cavabdehə müraciət edən zaman doğum haqqında akt qeydi kitabında soyadının “Çmil”, ata adının isə “Borisoviç” kimi qeyd edildiyi ərizəçiyə məlum oldu. Doğum haqqında şəhadətnaməmin əksinə olaraq digər bütün sənədləri - əmək kitabçasında, xarici pasportunda, hərbi biletində, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, hətta nikah haqqında şəhadətnamədə soyadı və ata adı düzgün şəkildə X7 kimi qeyd olunub. Hal-hazırda bu yanlışlıq ərizəçiyə sənədləşdirmə işləri aparılan zaman problem yaşadır, maneələrlə qarşılaşmağına səbəb olur. Ərizəçi doğulduğu Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək hüququndan istifadə edə bilmir. Doğum aktı qeydində yanlışlıq nəticəsində ərizəçi sənədləşdirmə işlərini yekunlaşdırıb vətəndaşlığa qəbul edilmək üçün müraciət edə bilmir. Doğum haqqında akt qeydində soyadı və ata adının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş 11 aprel 2022-ci il tarixli, 05/76-988 saylı məktub ilə təqdim olunmuş sənədlər arasında ziddiyyət olduğu bildirilərək, ərizənin təmin olunmasından imtina olunmuşdur. Bununla bağlı olaraq Bakı İnzibati Məhkəməsinə müraciət olunsa da, məhkəmə doğum haqqında akt qeydi kitabında soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi qeyd edilməsinin hər hansı bir hüquqi nəticə yaratmadığı qənaətinə gələrək ərizəçiyə məxsus akt qeydində dəyişiklik edilməsi tələbini rədd etmiş və bu barədə 2-1(112)-8105/2022 saylı qərar qəbul etmişdir. Bundan sonra, sözü gedən qərardan verilmiş apellyasiya şikayəti də təmin edilməmiş, 2-1(103)-824/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərar qəbul edilmişdir. Hər iki instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi aşağıdakı kimi əsaslandırılmışdır: Belə ki, “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndinə əsasən, X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. İş materiallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində soyadı “Çmil”, ata adı “Borisoviç” kimi qeyd edilsə də, iddiaçının nikah bağlanması haqqında şəhadətnaməsində, əmək kitabçasında və hərbi biletində soyadı “Qrankin”, ata adı “Vladimiroviç” kimi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının soyadının və ata adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Belə ki, həmin sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. İş materiallarında olan doğum haqqında akt qeydinə əsasən iddiaçının atası X12. “Qrankin” isə iddiaçının anasının soyadıdır. Həmçinin iddiaçının sonradan soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansıakt qeydində düzəliş aşkar edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində işin araşdırılması məqsədilə verilmiş sorğulara cavab olaraq Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X4 doğum haqqında akt qeydində soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1607 saylı 05 noyabr 1956-cı il tarixli doğum haqqında akt qeydində soyadı “Çimil” adı “Anatoliy” ata adı “Borisoviç” qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X3 Reyestri Xidmətinin 26 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X4 deyil, valideynləri X14 ilə X2 xx xxxxxxx 1956-cı il təvəllüdlü X9 doğumunun Nərimanov rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən adı çəkilən şəxsin soyadının, adının və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin apellyasiya baxışı zamanı işin obyektiv araşdırılması məqsədilə X7 barəsində 05 noyabr 1956-cı ildə 1607 nömrəli doğum haqqında akt qeydinin aparılmasına əsas olan sənədlərin (inzibati icraat materiallarının) əldə edilməsi məqsədilə X10 və AR ƏN-nin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğular ünvanlanmış, Dövlət Notariat Arxivi sorğuya cavab məktubunda doğum akt qeydi ilə bağlı aidiyyəti üzrə AR ƏN X3 Reyestri Xidmətinə müraciət edilməsi tövsiyə edilmiş, AR ƏN X3 Reyestri Xidməti sorğuya cavab məktubunda qeyd etmişdir ki, həmin illərdə qüvvədə olan “VVAQ idarələrinin nümunəvi nomenklatura işi”nə əsasən doğumun qeydə alınması haqqında vətəndaşların ərizələrinin saxlama müddəti 1 il müəyyən edilmiş, bu sənədlər məhv edildiyindən A.Qrankin (Çimilin) doğumunun qeydə alınmasına əsas olmuş sənədlərin verilməsi mümkün deyildir. Belə olan halda, kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi sənədlər (doğum haqqında şəhadətnamə, hərbi bilet, əmək kitabçası) ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının qeyd olunan sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. İddiaçının həmçinin onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malikdir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X3 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, hüquqlarının bərpa edilməsi məqsədilə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi qeyd edilən 1607 saylı, 05 noyabr 1956-cı il tarixli doğum akt qeydinin mənə məxsus olması üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan: • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı “Grankin”, adı “Anatolii”dir. • Pasportun surətindən görünür ki, ərizəçinin soyadı “Grankin”, adı “Anatolii”dir. • Nikahın bağlanması haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, ərizəçinin adı “X7” olaraq qeyd edilmişdir. • ərizəçiyə məxsus əmək kitabçasının surətindən görünür ki, onun ad, soyad və ata adı “X7” olaraq qeyd edilmişdir. • ərizəçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciəti əsasında ona verilmiş cavabdan görünür ki, ərizəçinin soyadı “Çmil”, ata adı “Borisoviç” olaraq qeyd edilmişdir. • ərizəçiyə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ərizəçinin adı “Grankin Anatolii” olaraq qeydə alınmışdır. • Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin cavab məktubundan görünür ki, 05 oktyabr 1956-cı il təvəllüdlü X4 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. • Ədliyyə Nazirliyi X3 Arxivinin cavab məktubundan görünür ki, A.Qrankinin şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlarla akt qeydindəki məlumatlar arasında ziddiyyətlər mövcuddur. • Ədliyyə Nazirliyi X3 Arxivinin cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri Çmil Boris X1 xx xxxxxxx 1956-cı il təvəllüdlü Anatoliy Çmilin doğumunun Nərimanov rayonunu Keşlə icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. • Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin ərizəçinin vəkilinə ünvanladığı məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 05 noyabr 1956-cı il tarixli 1607 saylı doğum haqqında akt qeydi aşkarlanmış və həmin akt qeydində şəxsin soyadı “Çmil”, adı “Anatoliy”, ata adı “Borisoviç” qeyd edilmişdir. Ərizəçi doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2- 1(112)-8105/2022 saylı qərarı ilə iddiaçının tələbi təmin edilməmişdir. Ərizəçi Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2-1(112)-8105/2022 saylı qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 06 iyul 2023-cü il tarixli 2-1(103)-824/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2- 1(112)-8105/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 27 oktyabr 2023-cü il tarixli 2-1(102)-2285/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 06 iyul 2023-cü il tarixli 2-1(103)-824/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati qaydada işə baxan hər üç məhkəmə instansiyası vətəndaşa ümumi məhkəməyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı müraciət edilməli olduğunu göstərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, ərizəçiyə məxsus bəzi sənədlərdə, o cümlədən, doğum haqqında şəhadətnamədə onun adı “X11” kimi, bir çox sənədlərdə “X7” kimi qeyd edilmişdir. Həmçinin, ərizəçinin doğum tarixi bəzi sənədlərdə xx xxxxxxx 1956-cı il, bəzi sənədlərdə isə 05 noyabr 1956-cı il olaraq qeydə alınmışdır. Yuxarıda sadalanan sənədlərdən görünür ki, ərizəçinin məlumatları verilmiş sorğulara əsasən təqdim edilmiş məlumatlarla üst-üstə düşür. Belə ki, ərizəçi həmin faktın tanınması üçün inzibati məhkəməyə də müraciət etmiş, Ali Məhkəməyə qədər sözügedən qərarı mübahisələndirmiş və onun tələbi təmin edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçi həmin faktın müəyyən edilməsi üçün hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda, ərizəçinin mövcud ərizəsi təmin edilməli, Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1607 saylı, 05 noyabr 1956-cı il tarixli doğum akt qeydinin ərizəçiyə məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi qeyd edilən 1607 saylı, 05 noyabr 1956-cı il tarixli doğum akt qeydinin ərizəçi X5 məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş soyadı “Çmil”, ata adı “Borisoviç” kimi qeyd edilən 1607 saylı, 05 noyabr 1956-cı il tarixli doğum akt qeydinin ərizəçi X5 məxsus olması faktı müəyyən edilsin. Ərizəçi Grankin Anatoliinin ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6972/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6972/2024
23.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver