Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7146/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 21 avqust 2023-cü il tarixli AZL-279 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 avqust 2025-ci il tarixə 2.594,13 manat gecikdirilmiş əsas, 536,24 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 409,20 manat dəbbə pulu, cəmi 3.539,57 borcun və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli AZL-279 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 785,76 manat, ümumilikdə isə 31.787 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 31.787 manatın 25.800 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh AZL-279 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 27 avqust 2025-ci il tarixə ümumilikdə 3.539,57 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AZL-279 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Ödənilmiş 3.500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 16% həcmində mükafat məbləği hesablanmışdır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılmışdır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunmuşdur. İş materilallarında olan 21 avqust 2023-cü il tarixli ALY-279 saylı “Daxili lizinq” müqaviləsinə 1 saylı Əlavənin 2-ci bəndində “Chevrolet Cobalt LTZ” minik markalı, ağ rəngli, Ban XWBJA69V9PA081381, qiyməti 25.850 manat qiyməti olan olan nəqliyyat vasitəsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, ağ rəngli, Ban XWBJA69V9PA081381, qiyməti 25.850 manat qiyməti olan nəqliyyat vasitəsi Cavabdeh (lizinq alan) təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3611 saylı arayışın surətindən görünür ki, Borclu Cavabdeh 21 avqust 2023-cü il tarixli AZL-279 saylı “Daxili lizinq” müqaviləsi üzrə 27 avqust 2025-ci il tarixə əsas borc 2.594,13 manat, cərimə borcu 409,20, mükafat borcu 536,24 manat olmaqla ümumilikdə gecikdirilmiş cəmi 3.539,57 manat məbləğdə borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi və lizinq obyektinin qaytarılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Qeyd edilən Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən, lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas, mükafat və cərimə borcu yaranmışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, cavabdeh daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, iddia tələbi müqavilə üzrə borcun ödənilməsi və avtomobilin qaytarılması hissəsində tam şəkildə, dəbbə pulunun tutulması hissəsində isə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh 2.594,13 manat gecikdirilmiş əsas borc, 536,24 manat gecikdirilmiş mükafat borcu, 130 manat dəbbə pulu olmaqla, cəmi 3.260,37 manat pul məbləği və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-nə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı ondan 409,20 manat məbləğində cərimənin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə cərimə məbləğinin yüksək olduğunu nəzərə alaraq, cərimənin 130 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-nə geri qaytarılsın. Cavabdeh 21 avqust 2023-cü il tarixli AZL-279 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2.594,13 (iki min beş yüz doxsan dörd manat on üç qəpik) manat əsas borc, 536,24 (beş yüz otuz altı manat iyirmi dörd qəpik) manat mükafat, 130 (bir yüz otuz manat qırx qəpik) manat dəbbə pulu, cəmi 3.260,37 (üç min iki yüz altmış manat otuz yeddi qəpik) manat pul məbləği və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7146/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7146/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver