Məhkəmə qərarları › İş №e-2(011)-7190/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7190/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7190/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Ağazadə Fəridə Elxan qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 5350 manat manat maddi ziyanın, 1000 manat mənəvi ziyanın və 83,50 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, 2024-cü ilin mart ayının sonlarında mülkiyyətində olan Kia Optima markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki sıradan çıxdığı üçün o yeni və ikinci əl avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan Cavabdeh adlı şəxsə müraciət edərək yeni və ya az işlənmiş mühərrik almaq istədiyini bildirmişdir. Cavabdeh hazırda onda yeni mühərrik olmadığını, lakin digər avtomobilin üzərindən çıxmış işlək mühərikin olmasını, həmin mühərrikə tam zəmanət verməsini, əgər hər hansı bir problemin çıxacağı təqdirdə xarici ölkədən yeni mühərrik gətirdiyini və ona satdığı mühərrik onu qane etmədiyi təqdirdə həmin mühərriki xarici ölkədən gətirəcəyi yeni mühhərriklə əvəz edəcəyini bildirmişdir. Cavabdeh ödəniş məbləği olaraq 5200 manat ödəməli olduğunu bildirmişdir. Cavabdeh istədiyi məbləğin yüksək olduğunu düşündüyünü görüb, mülkiyyətində olan Kia Optima markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış mühərrikini ona verəcəyi təqdirdə, ödəniş məbləğindən 500 manat çıxacağını, yəni 4700 manata razılaşacağını bildirmişdir. O Cavabdeh sözlərinə inanaraq onunla razılaşıb, ona Kia Optima markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış mühərrikini verib, əlavə 4700 manat (cəmi 5200 manat) ödəniş etmişdir. Cavabdeh mühərriki dəyişdirdikdən sonra həmin mühərrikin karterindən yağ axıtdığını görüb bu barədə ona məlumat vermişdir. Nihad isə hələ xaricdən yeni mühərrikin gəlmədiyini, biraz gözləməli olduğunu bildirmişdir. Daha sonra mühərrikin ilk yağ dəyişimində mühərrikin yağ normasının yarıdan az olduğunu görmüşdür. Bu barədə dəfələrlə Cavabdeh bildirdikdə o, mühərrikin problemli olmasını qəbul edərək ona əvvəllər xaricdən mühərrikin gəlmədiyini, qısa müddət ərzində gələcəyini, lakin sonralar isə əlində başqa avtomobildən çıxardığı digər mühərrikin olmasını bildirərək mühərriki dəyişəcəyini qeyd etmişdir. Bununla əlaqədar o mühərrikin dəyişdirilməsi üçün dəfələrlə müraciət etməyinə baxmayaraq Cavabdeh söz versə də, hətta bu barədə WhatsApp tətbiqi ilə yazışma aparmasına baxmayaraq sonradan telefonlara cavab verməmiş, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Daha sonra Cavabdeh ona satdığı qüsurlu mühərrik tamamilə öz funksiyasını itirdiyi üçün məcburiyyət qarşısında qalaraq 23-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti əsnasında Cavabdeh izahatı alınmış və ona məxsus avtomobilin mühərrikinin ondan alınmasını təsdiq etmişdir. Onun avtomobilinin mühərrikində problem olduğu üçün dəyişmək qərarına gəlmişdir. Görünən isə odur ki, cavabdeh tərəfindən ona maddi ziyan dəymişdir. Yaranmış vəziyyətə görə o avtomobilinə əlavə xərclər çəkmişdir. Belə ki, işlək vəziyyətdə olan mühərrikin alınması, onun quraşdırılması və digər təmir xərcləri ilə bağlı ona 5350 manat dəyərində zərər vurulmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış və diqnostika keçirilən zaman müəyyən edilmişdir ki, mühərrik tam qapanmışdır və işə düşmür, mühərrikin daxili hissələrində mexaniki killitlənmə müşahidə olunur, yağ dövriyyəsi tam dayandığı üçün mühərrikdə sürtünmədən yaranan ciddi zədələnmələr aşkarlanır, mühərrikin açılmadan və təmir olunmadan işə salınması mümkün deyil, avtomobilin yağ səviyyəsi yoxlanıb – sıfır səviyyədə olduğu aşkar edilir, mühərrikdən mexaniki səs gəlmir (bloklanmış vəziyyətdədir), “Check Engine” indikatoru davamlı yanır və ECU oxunmasında ciddi nasazlıq kodları qeydə alınıb. Qeyd olunan qüsurların aradan qaldırılması üçün ümumilikdə 5350 manat tələb olunur. "xxxx" MMC-nin 29 dekabr 2025-ci il tarixli rəyinə əsasən buraxılıq ili 2017-ci il olan “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin dəyəri 4500 manat, işçilik xərci 600 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (xx.xx.2023-cü ilədək olan redaksiyada). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaya cavabdehdən maddi ziyanın əvəzi olaraq 5350 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin dəyişdirilməsi ilə bağlı 2024-cü ilin mart ayında müraciət olunmuş və avtomobilin mühərriki dəyişdirilmişdir. Mülki iş üzrə mübahisəli hal avtomobilə qoyulmuş mühərrikdə qüsurun olubolmaması və tərəflərin hansı şərtlər ilə mühərrikin dəyişdirilməsilə bağlı razılığa gəlməsinə dair olmuşdur. Belə ki, iddiaçı tərəf iddia edir ki, “Kia Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyulmuş mühərrik əvvəlcədən qüsurlu olmuş və cavabdeh bunu bildiyi halda avtomobilə həmin mühərriki qoymuşdur. Lakin qeyd olunanlara dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Eyni zamanda avtomobilə cavabdeh tərifindən quraşdırılmış mühərrik məhkəməyə təqdim edilmədiyindən həmin mühərrik üzərində müvafiq ekspertizanın keçirilməsi də mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Tərəflərin hansı şərtlər ilə razılaşdığına gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh hazırda onda yeni mühərrik olmadığını, lakin digər avtomobilin üzərindən çıxmış işlək mühərrikin olduğunu, həmin mühərrikə tam zəmanət verdiyini, əgər hər hansı bir problemin çıxacağı təqdirdə xarici ölkədən yeni mühərrik gətirdiyini və iddiaçıya satdığı mühərrik onu qane etmədiyi təqdirdə həmin mühərriki xarici ölkədən gətirəcəyi yeni mühhərriklə əvəz edəcəyini bildirmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfdən avtomobilə müvəqqəti olaraq digər avtomobilin üzərindən çıxmış mühərrik qoyulmuş, xarici ölkədən yeni mühərrik gələndən sonra həmin mühərrik ilə əvəz edilməsinə dair razılaşmışdırlar. Cavabdeh isə etiraz edərək tərəflər arasında avtomobilə qoyulmuş mühərrikin sonradan yenisi ilə əvəz edilməsinin nəzərdə tutulmadığını qeyd etmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmə iclasında izahat verərək bildirdiyi faktlar arasında ziddiyət var. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar ağlabatan deyil və həqiqəti əks etdirmir. Məhkəmə iddiaya cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirtdiyi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən bu halla bağlı məhkəməyə müvafiq dəlil və ya sübutlar təqdim edilməmişdir. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə xərcləri: İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmədiyindən, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəməyə ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi ziyanın əvəzi olaraq 5350 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 83,50 manat tutulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi ziyanın əvəzi olaraq 5350 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 83,50 manat tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar