Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7217/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC -nin xeyrinə 545 manat əsas borcu, 500 manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 130 manat, cəmi 1175 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 32 manat dövlət rüsumunun tutulmasına haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 10120405 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh1 1820 manat dəyəri olan “TUFAN M- 50” markalı “Motosikl”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 500 manat ilkin ödəniş edərək “Motosikl”i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 1320 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Süleymanov X1 müqaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Cavabdeh1 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli 10120405/ZM saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 xx.xx.2024-ci il tarixə iddiaçıya 545 manat əsas borcu, 500 manat penya borcu, cəmi 1045 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 10120405 saylı Nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2022-ci il tarixdə 100 manat, ümumilikdə 1275 manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən Nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8% müəyyən etmişdir. 2023-cü il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 9% müəyyən etmişdir. 2024-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% müəyyən etnişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində 2022-ci il üçün 43 manat (545*8%=43 manat), 2023-ci il üçün 49 manat (545*9%=49 manat), 2024-ci il üçün 38 manat (545*7%=38 manat), cəmi 130 manat təşkil edir. Bu məbləğdə məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli 10120405 saylı Nisyə satış müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı MMC-dən dəyəri 1820 manat olan “TUFAN M-50” markalı, qırmızı rəngli, motosiklı almışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “TUFAN M-50” markalı, qırmızı rəngli, motosiklı Cavabdeh1 tərəfindən təhvil alınmışdır. xx.xx.2020-ci il tarixli 10120405/ZM saylı müqavilədən görünür ki, Cavabdeh1 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyətini öz üzərinə götürmüşdür.Müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi nisyə satış müqaviləsinin qüvvəyə mindiyi gündən quvvəyə minir və nisyə satış müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən nisyə satış müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və nisyə satış müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində 2022-ci il üçün 43 manat (545*8%=43 manat), 2023-ci il üçün 49 manat (545*9%=49 manat), 2024-ci il üçün 38 manat (545*7%=38 manat), cəmi 130 manat təşkil edir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin 545 manat əsas borcu, 500 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, tərəfindən 500 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin digər cavabdeh zamin Cavabdeh2 münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən əsas öhdəliyin icrası vaxtı ödəniş cədvəlindən göründüyü kimi xx.xx.2021-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, iddiaçının zaminə qarşı iddia tələbi irəli sürməsi üçün son tarix xx.xx.2022-ci il olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçının zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, əsas öhdəliyin icrası vaxtı başa çatdıqdan bir il ərzində iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün zaminliyə xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən nisyə satış müqaviləsi üzrə 500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə belə qənaetə gəlir ki, ödənilmiş məbləğ iddia ərzəsi üzrə tələb edilən əsas borcdan silinməlidir. Lakin məhkəmə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 45 manat əsas borca münasibətdə cavabdehdən 500 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 45 manat əsas borca münasibətdə 25 manat tutulmalıdır. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 130 manat iddiaçının xeyrinə tutulmasına” dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 10120405 saylı müqaviləyə əsasən 45 manat əsas, 25 manat penya, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 130 manat olmaqla, cəmi 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 45 (qırx beş) manat əsas, 25 (iyirmi beş) manat penya, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 130 (yüz otuz) manat olmaqla cəmi 200 (iki yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul tutularaq İddiaçı MMCnin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7217/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7217/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver