Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7451/2025 10.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 08 aprel 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş APPLE İPHONE 16 PRO MAX 256 GB WHİTE TİTANİUM markalı cihazın qalıq borcu 3581.08 (üç min beş yüz səksən bir manat səkkiz qəpik) manat borc məbləğinin və ödənilmiş 55.82 (əlli beş manat səksən iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3581.08 (üç min beş yüz səksən bir manat səkkiz qəpik) manat pul vəsaitin və 55.82 (əlli beş manat səksən iki qəpik) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, Xətai rayon Məhkəməsinin 2(011)-7451/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeharasında imzalanmış xx.xx.2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3583,71 (üç min beş yüz səksən üç manat yetmiş bir qəpik) manat təşkil edən APPLE İPHONE 16 PRO MAX 256 GB WHİTE TİTANİUM markalı telefon cihazı verilmişdir. Cavabdeh ZeynalovaTürkanə Cəlal qızı isə cihazın dəyərini aylıq 199,1 (yüz doxsan doqquz manat on qəpik) manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu halda cəmi 2.63 (iki manat altmış üç qəpik) manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 3581.08 (üç min beş yüz səksən bir manat səkkiz qəpik) manat təşkil edir. İddiaçı MMC hüquqlarını məhkəmədə müdafiə etmək üçün “Mərkəz” vəkil bürosuna müraciət edərək Vəkil ilə xx.xx.2025-ci il tarixli, EM2814VK-61247/25 saylı müqavilə bağlamış və 325 (üç yüz iyirmi beş) manat pul ödəmişdir. Hesab edirik ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, Bakı Avrasiya Universitetinin tələbəsidir, o qrup yoldaşı Kübra ilə Koroğluda yerləşən İddiaçı MMC-nin mağazasına gediblər, Kübraya kömək etmək məqsədilə həmin mağazadan telefon almağa gediblər, lakin Kübra mağazaya daxil olmayıb, o mağazada həmin müqaviləni bağlayıb, lakin telefonu götürməyib, ödəniş etməyib, ona deyilib ki, telefonun ödənişini edəcəklər, narahat olmasın. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən APPLE İPHONE 16 PRO MAX 256 GB WHİTE TİTANİUM markalı telefon cihazı sonuncuya satılmışdır, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur, cavabdehin hazırda iddiaçıya ödənilməmiş 3581.08 manat borcu qalmışdır, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 325 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 325 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 3581 manat 08 qəpik borc, hüquqi yardıma görə ödənilmiş 325 manat alınaraq İddiaçınə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 55.82 manat caavbdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 3581 (üç min beş yüz səksən bir) manat 08 (səkkiz) qəpik borc, hüquqi yardıma görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 55 (əlli beş) manat 82 (səksən iki) qəpik alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7451/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7451/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver