Məhkəmə qərarları › İş №e-2(011)-7605/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7605/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7605/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, tutulmuş pulun və məhkəmə xərcinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, tutulmuş pulun və məhkəmə xərcinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək **********00228 saylı abonent kodu üzrə Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 712.50 manat məbləğində borcun silinməsi, əsassız olaraq tutulmuş 583.50 manat məbləğində pulun və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin iddiaçı ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********00228-dir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. xx.xx.2018-ci ildə göstərilən ünvanda quraşdırılmış sayğacı çıxarmış, əvəzində yeni İtron G4 markalı sayğac quraşdırmışlar. Bununla bağlı, həmin tarixdə akt tərtib edilmişdir. Bu yaxınlarda iddiaçıya əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. Belə ki, xx.xx.2018-ci il tarixli, akt № MSK-29/1710-00061 saylı aktla müəyyən edilir ki, ünvandan çıxarılmış sayğac 29 mart 2018-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, xətalar normadan artıqdır. Sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvasının ətrafı zədəlidir. Sayğac istismara yararsızdır. Barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Aktda yuxarıda qeyd edilən laboratoriya aktına istinad etməklə vurulmuş ziyanın hesablanması göstərilmişdir. Bu əsasla iddiaçıya 1.296 manat borc yazılmışdır. Üstəlik, həmin aktı imzalamaqdan imtina etməyi göstərilmişdir. Halbuki, bəhsi keçən aktdan iddiaçının xəbəri bu vaxta qədər olmayıb və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Sözügedən akt tamamilə əsassız və saxtadır. Sayğac xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Bəlkə, elə sayğacda göstərilən qüsurlar sayğacı çıxaran zaman Cavabdeh İBnin əməkdaşları tərəfindən edilmişdir?! Küçədə kənar şəxs tərəfindən də sayğaca hər hansı bir kənar təsir ola bilərdi. Cavabdeh iddiaçı tərəfindən sayğaca təsir edildiyini sübut etməli idi. Halbuki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Çünki bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməyi də inandırıcı və ağlabatan görünmür. Cavabdehin iddiaçıya təqdim etdiyi aktdan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tərtib edilmiş əsassız akt ucbatından iddiaçıya 1.296 manat borc yazılmışdır. Həmin borcdan əsassız tutulamalar ucbatından hazırda borcu 712.50 manat qalmışdır. Odur ki, həmin məbləğ silinməli və əsassız tutulmuş 583.50 manat pul iddiaçıya geri qaytarılmalıdır. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsssız hesablanmış 715.70 manat borcun silinməsi, əsassız olaraq tutulmuş 580.30 manat məbləğində pulun və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilən 300 manat xərcin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvasının ətrafının zədəli olduğu müəyyən edilmişdir. Həmin akt əsasında iddiaçının abonent hesabına 2018-ci ilin aprel ayına 1.296 manat cərimə hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2018-ci ilin aprel ayında 1.296 manat borc yazılmışdır. İş materiallarında olan gasrep sənədindən görünür ki, iddiaçının abonent hesabından 580.30 manat borca görə tutulma aparılmışdır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilənin və qəbzin surətindən görünür ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına 300 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşik olması aşkar edilərək akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ondan borc tələb edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçıya 1.296 manat borc hesablanmış, həmin borcun ödənilməsinə görə iddiaçının abonent hesabından 580.30 manat tutulma olmuşdur. İddiaçının hazırda 715.70 manat borcu mövcuddur. Məhkəmə eyni zamanda qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 715.70 manat cərimə borcu silinməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 580.30 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 300 manat xərcin cavabdehdən iddiaçının xeyrinə tutuıması hissəsinə münsibətdə qeyd edir ki, iddiaçı hazırkı mülki iş üzrə Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili ilə təmsil olunur və hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən büronun hesabına 300 manat pulun ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən, məhkəmə iddianı bu hissədə də əsaslı sayır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00228 saylı abunə koduna hesablanmış 715.70 manat məbləğində cərimə borcu silinməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 580.30 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalı, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 300 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 32.96 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00228 saylı abunə koduna hesablanmış 715.70 (yeddi yüz on beş manat yetmiş qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 580.30 (beş yüz səksən manat otuz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün ödədiyi 300 (üç yüz) manat pul vəsaiti Cavabdehndən alınaraq iddiaçıya ödənilsin. Cavabdehndən 32.96 (otuz iki manat doxsan altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar