Məhkəmə qərarları › İş №e-2(011)-7731/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7731/2025

08.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7731/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB əməkdaşlarının səhvi səbəbindən artıq ödədiyi 133,29 manatın geri qaytarılması, 48,26 manat borcun silinməsi, oktyabr, noyabr, dekabr aylarında işlənəcək sərfiyyatın 0,125 manat dəyərində hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşayır, həmin ünvanda olan qaz sayğacı bloka qoyulub. 2024cü ilin aprel ayında Cavabdeh əməkdaşları sayğacı yenisi ilə əvəz etmişlər. Sayğac quraşdırılarkən Cavabdeh əməkdaşlarının səhvi ucbatından sayğacda sızmalar yaranmışdır. Buna görə də həmin tarixdən etibarən normadan artıq sərfiyyat yaranıb. İddiaçı bununla bağlı Cavabdeh İB-yə məlumat vermiş, Cavabdeh əməkdaşları gəlib sayğacı dəyişmişlər. Lakin bir neçə gündən sonra yenidən sızma olduğunu müşahidə etmişdir. Təkrar müraciət etmiş, ikici dəfə sayğac dəyişdirilmişdir. Bu dəfə sızmanın borularda olduğu, tamamilə aradan qaldırıldığını bildirmişlər. 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayına qədər 276,90 manat borc yaranmışdır ki, həmin borcun 234,72 manat hissəsi ödənilmişdir. Sayğac dəyişdikdən və sızma aradan qaldırıldıqdan sonra, yəni 2025-ci ilin sentyabr ayında cəmi 46 m3 qaz istifadı olunmuşdur. 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayına qədər olan dövr üçün hesablasaq (18×46) 828 m3 edir ki, bu da illik normadan da (1200-828) 372 m3 az qaz sərfiyyatı deməkdir. Beləliklə həmin dövr üçün Cavabdeh İB-yə ümumilikdə 101,43 manat ödəniş etməli olduğu halda 234,72 manat ödəniş etmiş və 48,26 manat borcu qalmışdır. Hazırda isə qazın hər m3 üçün 0,22 manat ödəyir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək, cavabdehə istifadə etdiyi təbii qaza uyğun borcun hesablandığını, borcun silinməsi üçün əsas olmadığını bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə etmiş, sonuncu baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, **********00450 saylı abonent kodu İddiaçı adınadır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı sayğacı yenisi ilə əvəzlənmiş və sızma aradan qaldırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi sayğaca qaz axmır qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı sayğacı yenisi ilə əvəzlənmiş və sızma aradan qaldırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi girişdə sızma olduğu qeyd edilmişdir. AR Energetika Nazirliyi Enerji X1 xx.xx.2025-ci il tarixli 3-15-2-1/2-4719/2025 saylı rəyində qeyd edilmişdir ki, tərtib olunmuş aktdan məlum olur ki, qaz sızması qaz sayğacının girişində olduğundan sayğacın hesabama mexanizmi sızan qazın həcmini sərfiyyat olaraq qeydə almamışdır. Qeyd edilən ünvan üzrə abonentə qaz sərfiyyatına görə hesablanmış borc istismarda olan qaz sayğacının göstəriciləri əsasında müəyyən edilmişdir ki, bu da mənzildə istismarda olan qaz qurğularının qaz sərfinə uyğundur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı iddia tələbini mənzilində qaz sayğacının sızma səbəbindən iki dəfə dəyişdirilməsi, sızmanın sayğacın çıxışında olması, bu səbəbdən də sayğac göstəricilərinin real qaz sərfiyyatına uyğun olmaması ilə əsaslandırmışdır. Lakin, məhkəmə araşdırması zamanı istehlakçı İddiaçı sayğacında qaz sızmasının sayğacın çıxışında olması öz təsdiqini tapmamış, əksinə sızmanın girişdə olması müəyyən olunmuşdur. Belə ki, sayğacın əvəz edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda sayğacın yenisi ilə əvəzlənməsi və sızmanın aradan qaldırılması, sayğacın çıxarılma səbəbi kimi sayğaca qaz axmadığı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda isə sayğacın yenisi ilə əvəzlənməsi və sızmanın aradan qaldırılması, sayğacın çıxarılma səbəbi kimi girişdə sızma olduğu qeyd edilmişdir. Həmçinin, AR Energetika Nazirliyi Enerji X1 xx.xx.2025-ci il tarixli 3-15-2-1/2- 4719/2025 saylı rəyi ilə müəyyən edilmişdir ki, istehlakçının qaz sayğacında qaz sızması sayğacın girişində olduğundan sayğacın hesabama mexanizmi sızan qazın həcmini sərfiyyat olaraq qeydə almamışdır. Qeyd edilən ünvan üzrə abonentə qaz sərfiyyatına görə hesablanmış borc istismarda olan qaz sayğacının göstəriciləri əsasında müəyyən edilmişdir ki, bu da mənzildə istismarda olan qaz qurğularının qaz sərfinə uyğundur. Beləliklə, müəyyən olunur ki, iddiaçının hesabına istehlak etdiyi təbii qazın sərfiyyatına uyğun borc hesablanmışdır. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar