Məhkəmə qərarları › İş №e-2(011)-7784/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7784/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7784/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 yanvar 2020-ci il tarixli XK09249 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 929.95 manat məbləğində borcun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi və iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilən 30 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Satıcı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2020-ci il tarixdə XK09249 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən “Huawei” markalı mobil telefon aparatını satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 1-ci ay 40 manat, 11 ay ərzində 45 manat, sonuncu ay isə 41.45 manat olmaqla, cəmi 576.45 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən “Huawei” markalı mobil telefon aparatı cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Həmin müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 29 yanvar 2020-ci il tarixli XK09249 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 446.45 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0.3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 483.50 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehin iddiaçı qarşısında 29 yanvar 2020-ci il tarixli XK09249 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 446.45 manat qalıq borc, 483.50 manat cərimə borcu olmaqla, cəmi 929.95 manat borcu yaranmışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 29 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, cavabdehə “Huawei” markalı mobil telefon aparatı satılmış, cavabdeh isə həmin malın dəyərini satıcıya 1-ci ay 40 manat, 11 ay ərzində 45 manat, sonuncu ay isə 41.45 manat olmaqla, cəmi 576.45 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. 12 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 446.45 manat qalıq borcu, 483,50 manat cərimə, ümumilikdə 929.95 manat borcu vardır. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 12 sentyabr 2025-ci il tarixli bildirişə əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azəraycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh ilə arasında bağlanılmış 29 yanvar 2020-ci il tarixli XK09249 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə alqı-satqı qiyməti 576.45 manat olan “Huawei” markalı mobil telefon aparatı satılmış, cavabdeh isə həmin malın dəyərini satıcıya 1-ci ay 40 manat, 11 ay ərzində 45 manat, sonuncu ay isə 41.45 manat olmaqla, cəmi 576.45 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşya Cavabdeh təhvil verilmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir. Hazırda cavabdehin 29 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 446,45 manat qalıq borc, 483,50 manat cərimə borcu olmaqla, ümumilikdə 929,95 manat borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olsa da, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 29 yanvar 2020-ci il tarixli XK09249 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış dəbbə borcunun məbləğinin 10%-dək azaldılaraq cavabdehdən 46,6 manat cərimə (dəbbə pulu) tutulmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 29 yanvar 2020-ci il tarixli XK09249 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 446,45 manat ödənilməmiş hissə və 46,6 manat cərimə borcu olmaqla, ümumilikdə 491,05 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 30 manat. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 52%, yəni 16 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 48 %, yəni 14 manat iddiaçıya aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddia qismən təmin edilsin Cavabdeh 29 yanvar 2020-ci il tarixli XK09249 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 446,45 manat əsas borcu, 44,6 manat cərimə borcu olmaqla, ümumilikdə 491,05 manat məbləğində pul vəsaiti iddiaçı “X1” MMC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 52 %, yəni 16 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 48 %, yəni 14 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova İş № e-2(011)-7784/2025 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, hakim Abbasova İlahə Namiq Kamal qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada 17 noyabr 2025-ci il tarixdə saat 14:10-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Protokol 17 noyabr 2025-ci il tarixdə tərtib olundu. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar