Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-786/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 11 saylı evin 52 saylı saylı mənzili (bundan sonra – Mənzil) xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsi əsasında X1 tərəfindən iddiaçıya bağışlanmış və iddiaçının Mənzilə mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: 30/6228), bu barədə ona 228678 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.
2. Tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından iki övladları doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2275/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
3. Hazırkı mübahisəyə qədər tərəflər arasında əmlakla bağlı bir neçə dəfə məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2276/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə iddiası təmin edilərək, onun azyaşlı övladları ilə birlikdə istifadə hüquqları tanınmaqla, Mənzilə köçürülmələri təmin edilmişdir (sonradan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1181/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların atanın – iddiaçının himayəsinə verilməsi qət edilmişdir).
4. Həmçinin, cavabdehin iddiaçıya qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 197/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilərək, cavabdehin iddiaçıya qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 22 saylı bağ sahəsinin (bundan sonra – Bağ sahəsi) dair ½ hissəsidə iddiaçının, ½ hissədə isə cavabdehin payları müəyyən edilmiş (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi), həmin qətnamə səsasında Bağ sahəsinə dair ½ hissədə cavabdehin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdehin Mənzildən kompensasiya verilmədən istifadə hüquqununa xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ona qarşı olan Mənzilə istifadə hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırmışdır. Xətai Rayon Məhkəmsinin xx.xx.2020-ci il tarixli № 2(011)-2276/2020 saylı qətnaməsi ilə iddia təmin edilib, cavabdeh, xx.xx.2008-ci il təvəlüdlü X3 və xx.xx.2010-cu il təvəlüdlü X2 ona məxsus olan Mənzilə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş, tələbkar mənzilə gəlmədən icra olunduğu barədə icra məmuru tərəfindən akt tərtib edilmişdir. Cavabdehlə münasibətləri pozulanda, qətnamədən bir-neçə müddət əvvəl şəxsi əşyalarını yığıb, uşaqları qoyub getdiyindən, uşaqlar Mənzildə onun yanında qalmış və hazırda da yanında qalırlar. Bundan bir müddət sonra birgə əmlakın bölgüsü ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası qismən təmin edilmiş və bununla bağlı da məhkəmə qətnaməsi artıq icra olunmuşdur. Cavabdeh adı çəkilən mənzildə yaşamaq fikrində olmamışdır. Sadəcə həmin mənzildə hüququnun tanıtmaqla, mülkiyyətçi olaraq mənzilə sərbəst sərəncam vermə hüququnu məhdudlaşdırılması məqsədi ilə iddia qaldırmışdır. Qeyd olunan məhkəmə qətnaməsinin icrasında artıq 3 il keçmiş, lakin cavabdeh bu müddət ərzində bir dəfə də olsun mənzilə gəlməmiş və özünə məxsus əşya gətirməmişdir. Bu da ona verilmiş istifadə hüququnun formal şəkildə olduğunu göstərir. Məhkəmə qətnaməsinin icrasından sonra ötən 3 il müddətindən cavabdeh mənzildən istifadə etmədiyindən, mənzillə bağlı aralarında yeni münasibətlər yaranmış olur və bu münasibətlər onun mənzildə 2020-ci il üçün müəyyən edilmiş istifadə hüququ mahiyyətini itirilməsi üçün əsasdır. Bundan başqa ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 22 saylı bağ sahəsidə yerləşən tam təmirlli evdə cavabdehin ½ hissədə payı tanınmış və həmin pay onun əməli sərəncamına verilmişdir. Cavabdeh yaşayış evinin ona aid edilən ½ hissəsini əməli istifadəsinə almış, oraya köçmüş və hazırda da həmin evdə yaşayır. Cavabdehin, xüsusi mülkiyyətimdə olan adı çəkilən ünvanda yerləşən yaşayış mənzilində yuxarda qeyd olunan qəsdli hərəkətləri, mülkiyyətçi olaraq iradəmə zidd cavabdehin həmin ünvandan süni şəkildə istifadə hüquqları qalması ilə yanaşı, həm də gələcəkdə əmlakıma istəyimə uyğun sərəncam vermə hüququnu məhdudlaşdırmaqla, Konsitutsiyada təsbit olunmuş mülkiyyət hüququmun pozulmasına səbəb olmuşdur
b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavadeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı başqa bağ evində yaşayır.
10. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək ərizədə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onun mübahisəli Mənzildə istifadə hüququ yaranmışdır. İddiaçı ilə aralarında olan münaqişə səbəbindən həmin Mənzildə deyil, başqa mənzildə kirayə yaşayır. Onun başqa yaşayış yeri və ya adına mülki yoxdur.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
15. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
16. Maddə 262.1. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. İddianın əsasını iddiaçı tərəfindən kompensasiya ödənilmədən cavabdehin Mənzilə dair istifadə hüququna xitam verilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, birinci növbədə məhkəmə tərəfindən cavabdehin Mənzildən istifadə hüququnun yaranması və hal-hazırda da mövcud olması müəyyənləşdirilməlidir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2276/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehin və iki azyaşlı uşaqlarının Mənzilə istifadə hüquqlarının tanınması və onların Mənzilə köçürülmələri qət edilmiş və həmin qətnamə ilə məhkəmə belə qənaətə gəlmişdir ki, Mənzil iddiaçının özünün ayrıca mülkiyyəti olsa da, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olduqdan sonra, övladları ilə birlikdə iddiaçının ailə üzvləri kimi həmin mənzildə yaşadıqlarından, onların AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən Mənzildən istifadə hüquqları yaranmışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş və Məhkəmənin xx.xx.2020-ci il qətnamə icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Beləliklə, iddiaçının Mənzilə istifadə hüququnun yaranması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
26. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında qeyd etmişdir Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
27. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyindən də göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və ona xitam verilməsi servitutun yaranması və ona xitam verilməsi ilə eyni hüquqi mahiyyətə malikdir. Cavabdehin Mənzilə dair servituta əsaslanan istifadə (əşya) hüququnun yaranmasının məhkəmə qətnaməsi əsasında yaranması barədə yuxarıda şərh edilmişdir.
28. İstifadə hüququna xitam verilməsi barədə konkret tələblə (servituta əsaslanan istifadə hüququ) bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması və işin faktiki halları kimi, müəyyən edilmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-197/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 22 saylı bağ sahəsində ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehin payları müəyyən olunmuşdur. Cavabdehin həmin bağ sahəsinə ½ hissədə mülkiyyət hüququ isə xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına (Qeydiyyat nömrəsi: **********) alınmışdır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 22 saylı bağ sahəsində bir mərtəbəli mansard tipli fərdi yaşayış evinin eskiz layihəsi cavabdehin adına tərtib edilmiş, həmin fərdi yaşayış evində elektrik enerjisindən və qazdan istifadə ilə bağlı abonent kodları cavabdehin adına qeydiyyata alınmışdir.
29. Həmçinin, cavabdeh iddiaçıya “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi”nə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 22 saylı bağ sahəsində tikilmiş 2 mərtəbəli, 4 yaşayış otağı, sahəsi – 48,93 m., köməkçi sahəsi 91,67 kv.m., açıq eyvan 46,14 m-dən ibarət olan evin tikintisinə çəkilmiş xərcin ½ hissəsində onların pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 22 saylı bağ sahəsində tikilmiş 2 mərtəbəli, 4 yaşayış otağı, sahəsi – 48,93 m., köməkçi sahəsi 91,67 kv.m., açıq eyvan 46,14 m-dən ibarət olan ev onların birgə nikah dövründə tikilmişdir. Həmin evin qeydiyyata alınması üçün Xəzər rayon İH-nə müraciət olunmuş, İH başçısının 111 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə həmin tikililərin və torpaq sahəsinin qeydiyyata alınması qeyd edilmişdir.
30. Digər bir tərəfdən, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə icra məmurunun və tərəflərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, cavabdeh Mənzildə olan ona məxsus şəxsi əşyaları götürmüş, həmçinin mövcud olmayan məişət əşyalarının bir qisminin əvəzində onların dəyərini iddiaçıdan almışdır.
31. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 22 saylı bağ sahəsinin olması və onun həmin bağ sahəsində istifadəsində fərdi yaşayış evinin olması, cavabdehin yaşayış sahəsi (mənzildən istifadə) ilə bağlı ehtiyaclarını (tələbatını) tam olaraq aradan qaldırmış olur. Bu halda, Mənzilin cavabdehin istifadə hüququ ilə yüklü edilməsi iddiaçının mülkiyyət hüququnun lüzumsuz məhdudlaşdırılmasına səbəb olmuş olur.
32. Şərh edilənlərə, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin Mənzilə istifadə hüququna olan ehtiyacı aradan qalxdığından və o, uzun müddətdir Mənzildə yaşamadığından onun formal olaraq istifadə hüququnun saxlanılması iddiaçının mülkiyyət hüququnu sərbəst həyata keçirmək imkanını məhdudlaşdırır və onu həddən artıq hüquqi yük altında qoymuş olur. Qanunvericilik mülkiyyət hüququnun ən üstün qorunmasını təsbit etdiyi halda, onun mahiyyətcə formal xarakter daşıyan digər hüquqlarla (istifadə və sahiblik) məhdudlaşdırılması mülkiyyət hüququnun daşıdığı məqsədə mütənasib olmamaqla, yalnız mülkiyyətçinin həddən artıq əlverişsiz vəziyyətə düşməsinə səbəb olur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).
33. Azərbaycan Respublikası Konstitusiyasında heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
34. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəməyə göndərdiyi ərizəsində başqa yaşayış sahəsində kirayə yaşadığını, başqa yaşayış yerinin olmadığını qeyd etsə də, bu dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.
35. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, kompensasiya verilmədən cavabdehin Mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmənin gəlidiyi bu nəticənin hüquqi əsası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında öz əksini tapmışdır. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 11 saylı evin 52 saylı mənzilinə dair Cavabdeh istifadə hüququna kompensasiya verilmədən xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı