Məhkəmə qərarları › İş №e-2(011)-803/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-803/2024

10.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-803/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 40 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Bakı şəhəri 40 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 31 may 2023-cü il tarixli 2- V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi, həmçinin X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzilin iddiaçı X7 tərəfindən qəbul edilmiş hesab edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə bacı-qardaşdırlar. İddiaçı ünvan 1 ünvanında 2006-cı ildən davamlı olaraq yaşayır. Həmin mənzil, iddiaçı və cavabdehin atası X9 mülkiyyətində olmuş, X14 11 may 2004-cü il tarixdə vəfat etmişdir. İddiaçının atası X14 vəfat edəndən sonra iddiaçı həmin mənzildə yaşamış, yaşlı anasının qayğısına qalmış və mənzilin idarə edilməsində iştirak etmişdir. Mənzildə iddiaçı, iddiaçının anası X1, mərhum qardaşı X11 və onun arvadı X4 ilə birlikdə yaşamışlar. 06 yanvar 2006-cı ildə iddiaçının əri ilə nikahı pozulmuş, bundan sonra iddiaçının qızı X10 da onlarla birlikdə yaşamışdır. 24 may 2008-ci ildə iddiaçının anası X1, 14 yanvar 2013-cü ildə iddiaçının qardaşı X11 vəfat etmişdir. Hal-hazırda həmin mənzildə iddiaçı, onun qızı X10, iddiaçının mərhum qardaşı X5 arvadı X4 yaşayırlar. Cavabdeh, atasının ölümündən çox əvvəllər ailə qurmuş və özünün ayrıca evi olmuş, atasının ölümündən sonra həmin mənzildə heç vaxt yaşamamışdır. 2022-ci ilin oktyabr ayında iddiaçı atasının ölümündən sonra faktik sahiblik etdiyi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzil təmir etdirməyə başlamış, bundan sonra cavabdehlə aralarında mübahisə başlamış və cavabdeh həmin evin sahibi olduğunu bildirmiş, evin təmirinə etiraz etmiş və iddiaçının, X2 və iddiaçının qızı X3 mənzildən çıxmalarını tələb etmişdir. Lakin iddiaçı cavabdehin evə mülkiyyət hüququnu təsdiq edən sənədi görmədiyindən, cavabdehin tələbinə əhəmiyyət verməmişdir. 2023-cü ilin avqust ayında cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının həmin mənzilə pasport qeydiyyatının ləğv edilməsini tələb etmişdir. Bundan sonra, iddiaçı tərəfindən bununla bağlı araşdırma aparılmış, vəkil sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinin 26 sentyabr 2023-cü il tarixli **********60 saylı arayışından məlum olmuşdur ki, Bakı şəhəri 40 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 31 may 2023-cü il tarixli 2-V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzilin üzərində cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sorğu əsasında Dövlət Notariat Arxivindən vərəsəlik işi götürülmüş və məlum olmuşdur ki, cavabdeh 23 may 2023-cü il tarixli ərizə ilə Bakı şəhəri 40 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş və həmin ərizədə, yanlış olaraq, atası X9 ondan başqa vərəsəsi olmadığını bildirmişdir. Notariat orqanı da həmçinin, məsələni araşdırmamış, Cavabdeh1 özündən başqa bacı və qardaşı olub-olmadığına dair sübutları əldə etmədən, cavabdehə həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir, həmin şəhadətnamə əsasında, cavabdehin həmin mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı, atası vəfat etdikdən sonra miras əmlaka faktik sahiblik etməklə mirası qəbul etdiyi üçün, AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddasinin tələbi pozulmaqla, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında mənzil üzərində Cavabdeh1 adına aparılmış mülkiyyət hüququnun qeydi etibarsız hesab edilməlidir. Cavabdehin davranışları, 40 saylı notariat kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri X16 1 saylı Bakı Ərazi İdarəsinin hüquqi varisi olduğu orqan verdiyi daşınmaz əmlakın dövlət reyestrindan çıxarış iddiaçının AR Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş vərəsəlik hüququnu, həmçinin məcəllənin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur. Şərh olunanlardan göründüyü kimi, Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 31 may 2023-cü il tarixli 2-V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna dair qeyd etibarsız hesab edilməlidir. Qüvvədə olan mülki qanunvericilik, qanun üzrə vərəsə tərəfindən mirasın qəbulunun iki formasını – notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamaqla mirasın qəbulunu nəzərdə tutur. İddiaçı atasının ölümündən sonra Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzilə sahiblik etməyə və mənzili idarə etməyə faktik başlamaqla mirası qəbul etmişdir. AR Mülki Məcəlləsinin 1243.1 ve 1243.2ci maddələrinin tələblərinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzilin İddiaçı tərəfindən qəbul edilmiş hesab ediməlidir. Beləliklə, Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 31 may 2023-cü il tarixli 2- V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna dair qeyd etibarsız hesab edilməlidir. Daha sonra iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 31 may 2013cü il tarixli 2-V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmçinin X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, 44 saylı mənzilin iddiaçı X7 tərəfindən qəbul edilmiş hesab edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi izahatda bildirmişdir ki, iddiaçı onun anası olmuşdur. O, anası ilə birlikdə sözügedən ünvanda yerləşən mənzildə yaşayır. Anası, babası Əliyev Məcidin xəstəliyində onun qulluğunda durmaq üçün həmin ünvanda yaşamışlar. A.Veyisova özü həmin evdə böyümüşdür. Dayısı Cavabdeh1 heç vaxt həmin evdə yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatda bildirmişdir ki, o, tərəflərin atası olan X9 gəlini olmuşdur. O, bildirmişdir ki, İddiaçı onun baldızıdır. F.Əliyeva qaynatası Cavabdeh1, baldızı İddiaçı ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildə yaşamışlar. Qaynatası və qaynanası xəstə olduğu üçün orada yaşamışlar. Nəzakət Əkiyeva 25 il həmin mənzildə yaşamışdır. Bugün də İddiaçı, onun qızı və F.Əliyeva özü həmin mənzildə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi izahatda bildirmişdir ki, iddiaçı onun üzbəüz qonşuluğunda yaşayır. İddiaçı 1993-cü ildən həmin ünvanda yaşayır. Həmin mənzildə İddiaçı öz qızı, atası, anası, qardaşı Fərman ilə birlikdə yaşamışdır. İşin faktiki halları: ünvan 2 ünvanında yerləşən mənzil hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh1 ataları – X9 mülkiyyətində olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyev Məcid 11 may 2004-cü ildə vəfat etmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, tərəflərin anası X1 24 may 2008-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2006cı ildən istinad olunan mənzildə qızı ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında dinlənilmiş şahidlər də hazırkı halı təsdiq edən ifadələr vermişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 ölümündən sonra onun oğlu Cavabdeh1 Bakı şəhəri 40 saylı notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Şəhadətnamə ona 31 may 2013cü il tarixdə verilmişdir. Məhkəmə tərəfindən təhlil edilmiş notariat işinin materiallarından görünür ki, Cavabdeh1 notariat orqanına müraciət edərkən ərizəsində özündən başqa vərəsənin olmadığını qeyd etmişdir. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58 ünvanında yerləşən 44 saylı mənzil **********83-05101-093092 saylı reyestrdə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Faktiki olaraq mənzildə yaşayan iddiaçı mənzilin qardaşının mülkiyyətinə keçdiyini aşkar etdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı hal-hazırda da qeyd edilən ünvanda yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı: Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hazırkı işə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında əks etdirdiyi hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda bildirilir ki, əgər vərəsə vərəsəliyə çağırılmalı olduğunu bildiyi gündən 3 ay ərzində rəsmin şəkildə mirasda olan payından imtina etməmişsə, o, bu payı qəbul etmiş sayılır. Araşdırılan mülki iş materiallarından da görünür ki, iddiaçı 2006-cı ildən fasiləsiz olaraq istinad olunan ünvanda yaşamaqla, mirası faktiki olaraq qəbul etdiyini açıq şəkildə nümayiş etdirmişdir. Məhkəmə cavabdehin notariat orqanına müraciət edərkən özündən başqa vərəsənin olmadığını qeyd etməklə etibarsız şəhadətnamənin verilməsinə nail olması qənaətinə gəlir. Beləliklə, nə qədər ki, iddiaçının miras qalmış əmlakdan imtina etməsi halı aşkar edilməmişdir, bunun əksi olaraq iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. İstinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabehin adına verilmiş şəhadətnamə etibarsızdır. Nə qədər ki, şəhadətnamə etibarsızdır, həmin şəhadətnamə əsasında cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qeyd və bu qeyd əsasında verilmiş ********** nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı tərəfindən mənzilin qəbul edilmiş hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda adı çəkilən Plenum Qərarında əks olunmuş mövqeyə əsasən miras paydan imtina edilməmişdirsə, o pay artıq qəbul edilmiş sayılır. Beləliklə, hazırkı iş üzrə iddia tələbi təmin edilməli, Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 31 may 2013-cü il tarixli 2-V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilmiş qeyd və həmin qeyd əsasında verilmiş **********83-05101-093092 saylı reyestrdə ********** nömrə ilə qeydə alınmış çıxarış ləğv edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən Cavabdeh1 verilmiş 31 may 2013-cü il tarixli 2-V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına rəsmiləşdirilmiş qeyd və həmin qeyd əsasında Cavabdeh1 verilmiş **********83-05101-093092 saylı reyestrdə ********** nömrə ilə qeydə alınmış çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar