Məhkəmə qərarları › İş №e-2(011)-82/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-82/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-82/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı – cavabdehlərdən 5637,69 (beş min altı yüz otuz yeddi manat altmış doqquz qəpik) manat sığorta ödənişinin məbləği və 76,38 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqı xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus, sürücü Cavabdeh1 tərəfindən idarə olunan 0021SX dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2017-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2017-ci il tarixli TP 037213 saylı X2 haqqında qərar tərtib olunması üçün zərərçəkənin avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5137,32 manat, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 859,99 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən, zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 5637,69 (beş min altı yüz otuz yeddi manat altmış doqquz qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyən olunmuşdur. Sığorta tərəfindən sığortalıya ödənilmiş 5637,69 (beş min altı yüz otuz yeddi manat altmış doqquz qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. İddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyib, iddiaya etiraz edərək qeyd etdi ki, cavabdeh Əhmədov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 39 Ş/H №li xx.xx.2015-ci il tarixli əmri ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına sürücü vəzifəsinə işə qəbul olunmuş və Xidmətin 173 Ş/H №li xx.xx.2017-ci il tarixli əmri ilə işdən azad olunmuşdur. Başqa sözlə, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Xidmətdə çalışmışdır. Əmək vəzifələrinin icrası ilə əlaqədar Cavabdeh1 Xidmətin “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Zərərin ümumi məbləği 5637,69 manat müəyyən edilmiş və Xidmətin 0021SX dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobil nəqliyyat vasitəsinin icbari sığorta olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də yol-nəqliyyat hadisələri zamanı vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxsə münasibətdə işəgötürənin daşıdığını qeyd etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırki iddianın qaldırılması da məhz Xidmətin hüquqazidd əməlləri ilə (0021SX dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtonəqliyyat vasitəsini icbari sığorta etdirməməsi ilə) əlaqədardır. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib, iddianın əsassız olduğunu bildirib, iddiaya etirazında qeyd etdi ki, iddiaya əsasən, Xidmətə məxsus olan “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə həmin vaxt sürücü vəzifəsində işləyən Cavabdeh1 tərəfindən idarə olunarkən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2017-cil il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2017-ci il tarixli, TP 037213 saylı X2 haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə Xidmətə heç bir qurum tərəfindən məlumat verilməmiş, bu hadisə barədə məlumat xx.xx.2021-ci il tarixdə qəzadan 3 il 7 ay keçdikdən, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 0054/L nömrəli məktubu daxil olduqdan sonra bilinmişdir. Əlavə olaraq bildirmişdir ki, Xidmətə məxsus olan 0021SX dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtonəqliyyat vasitəsi Xidmətin struktur bölməsinin istifadəsində olmuş, istismar dövründə avtomobildə heç bir qüsur aşkar edilməmiş, yol-nəqliyyat hadisəsi barədə heç bir qurum və ya sürücü tərəfindən Xidmətə məlumat verilməmişdir. Cavabdeh1 xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi üzrə sürücü vəzifəsinə işə götürülmüş və xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə (öz ərizəsinə əsasən) xitam verilmişdir. İddiaçı "xxxx" ASC iddianı (5 ildən sonra) qaldırdığını, Cavabdeh1 əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilməsini (əmək müqaviləsinin mövcud olmamasını), baş vermiş yol-nəqliyyat hadisəsi barədə Xidmətə heç bir qurum tərəfindən məlumat verilməməsini, sürücü tərəfindən yol-nəqliyyat hadisəsi barədə işlədiyi Xidmətə məlumat verilməməsini (gizlətdiyini) və xx.xx.2017-ci il tarixli TP 037213 saylı X2 haqqında qərara əsasən sürücü Cavabdeh1 təqsirli olmasını (məsuliyyəti tam sübuta yetirildiyini) nəzərə alaraq, iddia tələbi üzrə məsuliyyət tam olaraq Xidmətdə sürücü vəzifəsində işləmiş Cavabdeh1 üzərinə düşür və bu iş üzrə cavabdeh, o olmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan: İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "xxxx" Şirkətinin Hüquq departamentinə ünvanlanmış 28 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü vəzifəsində işləmiş Cavabdeh1 məsuliyyəti tam sübuta yetirildiyini nəzərə alaraq "xxxx" ASC subroqasiya hüququna əsasən 5637,69 (beş min altı yüz otuz yeddi manat altmış doqquz qəpik) manat məbləğində vəsaitin qanunvericiliyə uyğun olaraq sürücü tərəfindən ödənilməsinin tələb olunmasının nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "xxxx" Şirkətinin Hüquq departamentinə ünvanlanmış 05 mart 2021-ci il tarixli 1124 №li məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü vəzifəsində işləmişdir. Sözügedən 00-21SX hərbi qeydiyyat nişanlı “Nissan Teana” markalı nəqliyyat vasitəsi Xidmətin struktur bölməsinin istifadəsində olmuş, istismar dövründə avtomobildə heç bir qüsur aşkar edilməmiş və yol-nəqliyyat hadisəsi barədə sürücü tərəfindən aidiyyəti üzrə məlumat verilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat xx.xx.2021-ci il tarixdə qəzadan 3 il 7 ay keçdikdən sonra "xxxx" ASC-nin ünvanladığı xx.xx.2021-ci il tarixli 0054/L nömrəli məktubla daxil olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü vəzifəsində işləmiş Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və zərərin əvəzi tərəfindən ödənilməlidir. İş materiallarında olan TYP № 037213 nömrəli 03 iyun 2017-ci il tarixli X2 haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 S.Vurğun küçəsindən Ak. H.Əliyev küçəsinə daxil olan zaman qırmızı işığın tələbini pozmuş, nəticədə soldan hərəkət edən ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsilə toqquşmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 5637,69 (beş min altı yüz otuz yeddi manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 26 yanvar 2009-cu il tarixli ******* №li əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan 03 iyun 2017-ci il tarixli 3144 №li zərər aktının surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusa 5637,69 (beş min altı yüz otuz yeddi manat altmış doqquz qəpik) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9/5849 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materialında olan zərər aktı məlumatlarına əsasən, xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla – 3990,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3440,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 550 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə – 3590,00 manat; O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3040,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 550,00 manat. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına əsasən: 1.Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. 2.Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Мülki-Prosessual Məcəlləsinin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır, buna görə də qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, bununla da, avtomobilə zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ ona keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı, Cavabdeh1 tərəfindən idarə olunan “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən iddiaçı "xxxx" ASC-də sığortalanmış “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması iş materialları ilə sübut olunur. Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Xidmətdə sürücü vəzifəsində çalışmışdır. Əmək vəzifələrinin icrası ilə əlaqədar Cavabdeh1 Xidmətin “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus nəqliyyat vasitəsi olan “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən idarə edildiyinə baxmayaraq, “Nissan Teana” markalı avtomobil nəqliyyat vasitəsinin icbari sığorta olunmadığı müəyyən edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətdə sürücü vəzifəsində işləyən Cavabdeh1 tərəfindən qanuni əsaslarla idarə edilmişdir. Qanunvericilik vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxsə münasibətdə işəgötürənin daşıdığını qeyd etmişdir. Belə ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi - qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Nissan Teana” markalı 0021SX qeydiyyat nişanlı avtomobil cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü vəzifəsində işləyən Cavabdeh1 tərəfindən idarə edildiyindən və onun tərəfindən vurulduğundan vurulmuş ziyan yalnız öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyan cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan pul vəsaiti tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi mülki-prosessual qanunvericiliyin və «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə tərəfindən “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və verilmiş ekspert rəyinə əsasən, zərər ümumilikdə 3590,00 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən 859,99 manat (ƏDV) ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən iddiaçının xeyrinə 4449,99 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4449,99 manat məbləğində pul vəsaiti, 76,38 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə cəmi 4526,77 (dörd min beş yüz iyirmi altı manat yetmiş yeddi) manat pul Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq, "xxxx" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq, dövlət büdcəsinə ödənilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar