Məhkəmə qərarları › İş №e-2(011)-8293/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8293/2024

11.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8293/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması zəruridir.

5. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı öz tələbi kimi Cavabdeh tərəfindən ona hesablanmış 3324,75 manat “borcun silinməsi” tələbini irəli sürmüşdür. Lakin iddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübut edən hər hansı sənədi əlavə etməmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə birbaşa əlaqəli olan sübutlar ərizəyə əlavə edilməmişdir. İddiaçı ərizənin qoşma hissəsində əlavə edilən sənədlərdə “abonent saldosu”-nu da qeyd etsə də, iş materiallarına əlavə edilməmişdir.

7. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, iddiaçı öz iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Hal-hazırki ərizəçi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə geri qaytarılmalıdır.

8. Eyni zamanda ərizənin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilir.

9. İddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.

10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.

2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. xx.xx.2024-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə İddiaçı tərəfindən ödənilmiş **********85 qəbz nömrəli 54 (əlli dörd) manat dövlət rüsumu geri qaytarılsın.

4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar