Məhkəmə qərarları › İş №e-2(011)-858/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-858/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-858/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı iddiaçı “ABC-Telecom“ MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “ABC-Telecom“ MMC Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HP kompüter üçün 1000 (min) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70845 olan SAMSUNG GALAXYA03 markalı telefon üçün 229.5 (iki yüz iyirmi doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 22.5 (iyirmi iki manat əlli qəpik) manat cərimə; ümumilikdə 1352 manat borc, 33.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HP kompüter və İMEİ kodu **********70845 olan SAMSUNG GALAXY A03 markalı telefon üçün 1352 (min üç yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1220.76 (min iki yüz iyirmi manat yetmiş altı qəpik) manat (12 ay x 99.98 manat + 21 manat ilkin ödəniş) HP kompüter üçün ümumilikdə 1100 (min yüz) manat olmaqla ondan, 1000 (min) manat ödənilməmiş hissə, güzəşt olunaraq 100 (yüz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 306 (üç yüz altı) manat (12 ay x 25.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********70845 olan SAMSUNG GALAXY A03 markalı telefoünçün ümumilikdə, 252 (iki yüz əlli iki) manat olmaqla ondan, 229.5 (iki yüz iyirmi doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22.5 (iyirmi iki manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 297.26 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ******* saylı müqaviləyə HP kompüter üçün Cavabdeh 21 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 99.98 manat olmaqla, cəmi 1220.76 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* saylı müqaviləyə İMEİ kodu **********70845 olan SAMSUNG GALAXY A03 markalı telefon üçün Cavabdeh 0 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 25.5 manat olmaqla, cəmi 306 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə bağlanmış ******* saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 229.5 manat məbləğində ödəniş etmiş, lakin qalan 22.5 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış ******* saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 1000 manat məbləğində ödəniş etmiş, lakin qalan 100 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 7 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 1352 manat məbləğində borc müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında həmin malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almasına dair hüququndan istifadə etmiş, malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq xx.xx.2021-ci il tarixdə bağlanmış ******* müqavilə üzrə 16.05 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış ******* saylı müqavilə üzrə 70 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 33.52 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.31-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixdə bağlanmış ******* saylı müqavilə üzrə əsas borca görə 229.5 (iki yüz iyirmi doqquz manat əlli qəpik) manat, cərimə borcuna görə 16.05 (on altı manat, beş qəpik) manat, xx.xx.2022-ci il tarixdə bağlanmış ******* saylı müqavilə üzrə 1000 (min) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, ümumilikdə 1315,55 (min üç yüz on beş manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 33.52 (otuz üç manat, əlli iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “ABC-Telecom“ MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar