Məhkəmə qərarları › İş №e-2(011)-8592/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8592/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8592/2024 23.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5902357 nömrəli, 25 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 194 manat əsas, 58 manat dəbbə pulu və ECK5902695 nömrəli, 19 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 209 manat əsas, 63 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 554 manat pulun mənim xeyrimə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 25 sentyabr 2020-ci il və 19 oktyabr 2020-ci il tarixlərində Cavabdeh ilə iddiaçı arasında ECK5902357 nömrəli və ECK5902695 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5902357 nömrəli müqavilə üzrə 724 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A51” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. ECK5902695 nömrəli müqavilə üzrə 724 manat dəyəri 1 ədəd “Samsung Galaxy A51” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən alıcı ECK5902357 nömrəli müqavilə üzrə 4 manat ilkin ödəniş olmaqla, qalan 720 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 60 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5902695 nömrəli müqavilə üzrə 64 manat ilkin ödəniş olmaqla, qalan 660 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 55 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5902357 nömrəli müqavilə üzrə 194 manat əsas, 58 manat dəbbə pulu olmaqla, 252 manat və ECK5902695 nömrəli müqavilə üzrə 209 manat əsas, 63 manat dəbbə pulu olmaqla, 272 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5902357 nömrəli, 25 sentyabr 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 10 sentyabr 2024-cü il tarixdə 30 manat ödəniş və ECK5902695 nömrəli, 19 oktyabr 2020-ci il müqavilə üzrə sonuncu dəfə 25 noyabr 2023cü il tarixdə 10 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İddiaçı ilə cavabdehin arasında bağlanmış ECK5902357 nömrəli, 25 sentyabr 2020ci il tarixli alğı-satqı müqaviləsinə və ona əlavəyə əsasən, cavabdeh 724 manat dəyərində olan 1 ədəd Samsung Galaxy A51 və ECK5902695 nömrəli, 19 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə və ona əlavəyə əsasən, 724 manat dəyərində olan 1 ədəd Samsung Galaxy A51 markalı telefonlar almışdır. Cavabdeh ECK5902357 nömrəli, 25 sentyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ilkin olaraq 4 manat ödəniş etmiş, qalan 720 manatı hissə-hissə olmaqla, 12 ay müddətinə ayda 60 manat, ECK5902695 nömrəli, 19 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ilkin olaraq 64 manat ödəniş etmiş, qalan 660 manatı hissə-hissə olmaqla, 12 ay müddətinə ayda 55 manat ödəmək barədə öhdəlik götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Borcluya borcla bağlı xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, 30 sentyabr 2024cü il tarixə cavabdehin iddiaçıya olan borcu ECK5902357 nömrəli, 25 sentyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 194 manat əsas, 58 manat cərimə (dəbbə), ECK5902695 nömrəli, 19 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 209 maant əsas, 63 manat cərimə (dəbbə) təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş əşya cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı ödənilməmiş əsas borc məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 58-5 və 58-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ECK5902357 nömrəli, 25 sentyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 194 (bir yüz doxsan dörd) manat əsas, 58 (əlli səkkiz) manat cərimə, ECK5902695 nömrəli, 19 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 209 (iki yüz doqquz) manat əsas, 63 (altmış üç) manat cərimə borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 524 (beş yüz iyirmi dörd) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar