Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-87/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Enerji X2 cəlb edilməklə) “hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Enerji X2 cəlb edilməklə) “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Düyərli kəndi, Maksim Qorki küçəsi ev 15 (saldo üzrə ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış 10.320,65 manat məbləğinin borc hesabından silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının qeydiyyat ünvanı qeyd edilən ünvanı olsa da, onun faktiki yaşayış yeri Bakı şəhəridir. Qeyd edilən ünvanda isə il ərzində maksimum 3-4 ay ərzində valideynləri gedib yaşayırlar. Həmin ünvanda abunəçi iddiaçının mərhum nənəsi olan X5r. Abunə kodu **********00050 olmaqla cavabdeh X4 tərəfindən qazla təmin olunmaqdadır. Mütəmadi olaraq tərəfindən istifadəyə uyğun olaraq kommunal ödənişlər edilmişdir. İddiaçının mülkiyyətində olan qeyd edilən ünvanda yaşamadığı bir müddətdə iddiaçıya və valideynlərinə hər hansı əsas bildirilmədən, 10.000 (on min) manatdan artıq qaz sərfiyyatı ilə bağlı bildiriş verilmişdir. İddiaçı tərəf belə bir külli miqdarda borcun qeyri-real olduğunu, həqiqəti əks etdirmədiyini bildirsə də, cavabdeh qurum borcun yaranma səbəbini tutarlı sübutlarla əsaslandıra bilmədi. Belə olan halda cavabdeh quruma əsassız borcun silinməsi tələbi ilə müraciət edildi. Lakin cavabdeh qurum yenidən tutarlı sübutlar və əsaslar bildirmədən borcu silməkdən imtina etdi. Sayğaca hər hansı müdaxilələrin qarşısını almaq üçün quraşdırılan möhürlənmiş, qoruyucu plombun bütövlüyü heç vaxt pozulmamışdır. İddiaçı və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi halı yoxdur. Cavabdeh qurumun əməkdaşlarının hesablama yanlışlığı və ya sayğacın zavod qüsuru nəticəsində qeyri-real bir sərfiyyatın yaranması istisna edilmir. Daimi yaşayış olmayan fərdi yaşayış evinə qısa zamanda 10.000 (on min) manatdan artıq qaz sərfiyyatın qeydə alınması absurddur və reallığı əks etdirmir. Cavabdeh qurumun təqdim etdiyi saldodan da aydın görünür ki, əsassız borc müəyyən bir dövr ərzində deyil, sadəcə bir ay ərzindəki sərfiyyatdan yaranıb, hansı ki bu da qeyri-mümkündür. Belə ki, 2022-ci ilin noyabr ayı üçün qaz sərifyyatı 53 kub metr - 10,60 manat dəyərində olsa da, 2022-ci il dekabr ayı üçün isə birdən-birə qaz sərfiyyat 41.427 kub.metr – 8.289,65 manat olmuşdur. Bu kəskin fərqin yaranmasına səbəb qaz sayğacının zavod qüsurunun olması və ya cavabdeh qurumun əməkdaşlarının yanlış hesablama aparmaları olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 nümayəndəsi X14 məhkəmə iclasında təqdim etdiyi mütəxəssis rəyinə uyğun izahatlar vermişdir və bildirmişdir ki, “Elster G-6T” markalı qaz sayğacının pasport göstəricisinə əsasən texniki cəhətdən qeyd edə biləcəyi maksimal qaz sərfiyyatının 10 m3/saat olduğunu, günün 24 saatı ərzində fərdi yaşayış evində təbii qazdan istifadə edildiyini, həmçinin 2022-ci ilin dekabr ayının 31 gündən ibarət olması nəzərə alınarsa, fərdi yaşayış evində istehlak olunmuş təbii qazın həcmi 7440 m3/saat təşkil etmiş olar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X6 məxsus **********00050 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin dekabr ayı üzrə 41.427 m3 sərfiyyatla bağlı 8.289,65 manat borcu və əlavə 2.031 manat - sərfiyyat limitinin keçməsinə görə hesablanmış borcu mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, rəyin hazırlanması üçün təqdim edilmiş sənədlərə əsasən mütəxəssis qarşısında qoyulmuş sualın mahiyyəti üzrə aşağıdakılar bildirilir: 1. “Elster G-6T” markalı qaz sayğacının pasport göstəricisinə əsasən texniki cəhətdən qeyd edə biləcəyi maksimal qaz sərfiyyatının 10 m3/saat olduğunu, günün 24 saatı ərzində fərdi yaşayış evində təbii qazdan istifadə edildiyini, həmçinin 2022-ci ilin dekabr ayının 31 gündən ibarət olması nəzərə alınarsa fərdi yaşayış evində istehlak olunmuş təbii qazın həcmi 7440 m3/saat təşkil etmiş olar (10 m3/saat x 24 saat x 31 gün = 7440 m3/saat). Abonent saldosu təhlil olunan zaman məlum olmuşdur ki, 2022-ci il ərzində aylar üzrə paylayıcı tərəfindən istehlak olunmuş təbii qazın həcmi və dəyəri barədə məlumatlar abonent saldosuna daxil edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X9”nın (bundan sonra - Qaydalar) 4.1.- ci bəndinin tələblərinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 2 nömrəli əlavəsi olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.1.5-ci yarımbəndinin tələblərinə əsəsən paylayıcının vəzifəsi olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmalı, 2.1.7-ci yarımbəndinin tələblərinə əsasən isə istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin tabeliyindəki "xxxx" MMC-nin “qaz sayğacının yoxlanılması haqqında” DP M 1908/01 nömrəli protokolun surətindən görünür ki, “G-6T” markalı 28023712 zavod nömrəli sayğacda qüsur aşkar olunmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2011ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur, atası X12, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur, atası X13, anası X7r. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya 2022-ci ilin dekabr ayında 41.427 m3 qaz sərfiyyatı ilə bağlı 8.289,65 manat sərfiyyat borcu və sərfiyyat limitinin keçməsinə 2.031 manat olmaqla, cəmi 10.625,25 manat borc hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X9 ilə tənzimlənir. X9 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X9 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X9”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.1.10-cu maddəsinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının ünvanında quraşdırılmış “Elster G-6T” markalı qaz sayğacının pasport göstəricisinə əsasən texniki cəhətdən qeyd edə biləcəyi maksimal qaz sərfiyyatı saatda 10 m3 təşkil edir. Mütəxəssis rəyində 2022-ci ilin dekabr ayı üzrə maksimal sərfiyyat üzrə hesablamanın 7.440 m3 təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, abonentə həmin ay üzrə qeyd olunan sərfiyyatdan artıq həcmdə qeydə alınmış sərfiyyat üzrə debitor borc silinməlidir. Belə ki, sayğacın 1 ayda (31 gün) maksimal qeydə ala biləcəyi sərfiyyatdan artıq həcmdəki sərfiyyata görə abonentə borc hesablanması ağlabatan deyildir. Hesablama zamanı məhkəmə nəzərə alır ki, abonentin saldosu üzrə 2022-ci ildə dekabr ayınadək abonentin ümumi sərfiyyatı 1.778 m3 (2022-ci ilin yanvar-noyabr ayları üzrə müvafiq olaraq 420 m3 + 175 m3 + 486 m3 +189 m3 + 80 m3 +70 m3 + 200 m3 + 50 m3 + 25 m3 + 30 m3 + 53 m3) olmuşdur. 1.200 m3-dək sərfiyyat limiti üzrə istehlakın dəyərinin 144 manat (1 kv.m x 0.12 manat); 2.500 m3-dək istehlakın dəyərinin hər kub.m üçün 0.20 manat olduğu nəzərə alınaraq, 2022-ci ilin dekabr ayına münasibətdə 7.440 m3 maksimal sərfiyyatın dəyəri 1.379,40 manat təşkil edir. Belə ki, 2022-ci ilin dekabr ayınadək abonent ilkin limit olan 1.200 m3 istehlak limitini keçmişdir. Onun üçün sərfiyyatının 2.500 m3-dək olan hissəsi 0.20 manatdan, 2.500 m3-dən daha yuxarı həcmdə sərfiyyat hər kub.metr üçün 0.25 manatdan hesablanmalıdır. 2.500 m3 – 1778 m3 = 722 m3; 722 m3x 0.20 manat = 144,40 manat; 7.440 m3 – 2.500 m3 = 4.9040 m3, 4.9040 m3 x 0.25 manat = 1.235 manat; 144,40 manat + 1.235 manat = 1.379,40 manat. Dekabr ayı üzrə ümumilikdə abonentə 10.320,65 manat borc hesablandığından (8.289,65+2.031), həmin borcun 8.941,25 manat hissəsi silinməlidir. (10.320,65 – 1.379,40= 8.941,25 manat). Həmin dövrə hesablanmış 1.379,40 manat borc olduğu kimi saxlanılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 109,42 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. ünvan 3 (saldoda: ünvan 1 ünvanı üzrə abonent X6 (abonent kodu: **********00050) 2022-ci ilin dekabr ayı üçün hesablanmış 10.320,65 (on min üç yüz iyirmi manat altmış beş qəpik) borcun 8.941,25 (səkkiz min doqquz yüz qırx bir manat iyirmi beş qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. 109,42 (bir yüz doqquz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva