Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9066/2025 10.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh Nemət oğluna qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh Nemət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21301,488 manat borc məbləğinin və ödənilmiş 154 manat dövlət rüsumunun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavbdeh Cavabdeh Nemət oğlu arasında xx.xx.2025-ci il tarixində “teslim tutanağı” imzalanmışdır. Həmin sənədə əsasən 7 kq 700 qr olan 410 ədəd müxtəlif gümüş cavabdehə təqdim edilmiş və cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə müqavilənin qiymətini təşkil edən 15000 manatı üç hissəli olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən sadəcə xx.xx.2025-ci il tarixində 1700 manat ödəniş edilmişdir. Cavabdehlə iddiaçı arasında olan Whatsapp yazışmalarından bəlli olur ki, cavabdeh borc öhdəliyini birbaşa şəkildə qəbul etmiş, ödənişləri qısa zaman ərzində həyata keçirməyi dəfələrlə öhdəsinə götürmüşdür. Cavabdehə borcun ödənilməsi üçün xx.xx.2025-ci il tarixində həm kağız daşıyıcıda, həm də elektron məhkəmə portalından pretenziya göndərilmiş, borcun ödənilməsi üçün 3 gün vaxt verilmişdir. Qeyd olunan müddətin keçməsinə baxmayaraq cavabdeh hələ də borcun ödənilməsindən, yayınır. 1700 manat müqavilənin imzalandığı vaxt üçün 872,6 qram gümüşün dəyəri etdiyi üçün qalan miqdarın dəyəri hazırki qiymətə uyğun hesablanmalıdır. Mərkəzi Bankın xx.xx.2025-ci il tarixinə olan məzənnələr siyahısından görünür ki, 1 təmiz unsiya gümüşün qiyməti 97,2101 manat təşkil edir. Nəzərə alsaq ki, 1 t.u təqribən 31,1 qrama bərabərdir, cavabdeh tərəfindən ödənilməli məbləğ 21.301,49 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanıdırlmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cvabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli nisyə-alqı satqı müqaviləsindən - “Teslim tutanağı”ndan görünür ki, Hüseyn Yapar 7,700 kq miqdarda gümüşü Cavabdeh Nemət oğluna təhvil vermişdir. Cavabdeh Nemət oğlu gümüşün qarşılığında 15000 manat pulu xx.xx.2025, 15.8.2025 və xx.xx.2025-ci il tarixlərdə olmaqla 3 dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Fləş-diskdə tərəflərin “whatsapp” danışıqları əks olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
567. Aalqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1.Əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə təsdiq olunur ki, xx.xx.2025-ci il tarixli nisyə-alqı satqı müqaviləsinə əsasən 7.700 qram gümüş iddiaçı tərəfindən cavabdehə 15000 manata satılmış, cavabdeh 15000 manat pulu xx.xx.2025, 15.8.2025 və xx.xx.2025-ci il tarixlərdə olmaqla, 3 hissədə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edir ki, cavabdeh tərəfindən yalnız 1700 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. 1700 manat müqavilənin imzalandığı vaxt üçün 872,6 qram gümüşün dəyəri etdiyi üçün, qalan miqdarın qiyməti gümüşün hazırki dəyərinə uyğun hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən 1700 manatdan əlavə ödəniş edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. MM-nin yuxarıda qeyd ediilən 600.2-ci maddəsinin tələblərindən görünür ki, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı bağlanmış nisyə alqı-satqı müqaviləsində gümüşün qiymətinin sonradan dəyişməsinin yenidən hesablaşmaya səbəb olması ilə bağlı şərt qeyd olunmamışdır. Sonradan da tərəflər arasında bağlanmış nisyəalqı satqı müqaviləsinə həmin şərtin daxil edilməsi ilə bağlı yazılı qaydada bağlanmış razılaşma və ya müqaviləyə dəyişiklik edilməsi barədə saziş olmamışdır. Cavabdehin telefon danışıqlarında gecikmə olduğu üçün əlavə ödəniş edəcəyi barədə bildirməsi də, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə həmin şərtin sonradan daxil edilməsi kimi qiymətləndirilə bilməz. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh də bildirmişdir ki, nisyə-alqı zamanı gümüşün qiymətinin artan dəyərlə ödənilməsi barədə razılaşmamışlar, sadəcə ödəməni gecikdirdiyindən sonrakı telefon danışıqlarında hallalıq üçün pulu artıqlaması ilə qaytaracağını bildirmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli nisyə-alqı satqı müqaviləsi ilə satılmış gümüşün dəyərinin hazırki qiymətlə hesablanmasına əsas olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 13300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tətəfindən 15000 manat pulun ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir, odur ki, 15000 manat nisyə-alqı satqı məbləğindən iddiaçının qeyd etdiyi 1700 manat ödəniş çıxıldıqda, yerdə qalan 15000 – 1700 = 13300 manat pulun ödənilmədiyi müəyyən olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 13300 manat tutularaq iddiaçı YAPAR HUSEYİN-ə ödənilsin. 129,9 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı YAPAR HUSEYİN-ə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli