Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1005/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 30135 saylı müqaviləyə əsasən, 90 manat əsas və 20 manat cərimə olmaqla, ümumilikdə, cəmi 260.9 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (Vöen: **********02) ("xxxx" mağazası) arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 30135 saylı müqaviləyə əsasən, borclu "xxxx" MMC-dən kreditlə 587.9 manat dəyərində məişət avadanlığını aylar üzrə 45 manat ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə də, müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən, alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni, bu müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 (bir) aydan çox gecikdirdikdə satıcının dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə alıcıdan geri tələb etmək hüququ yaranmış olacaqdır. Borclunun "xxxx" MMC-yə olan borcunun ödənilməsi barədə dəfələrlə şifahi və rəsmi xədərdarlıq edilməsinə baxmayaraq, borc 4 aydan çox müddətdir ki, ödənilməmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 90 manat ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda, borclunun müqavilə üzrə MMC-yə olan borcu 240.9 manat əsas və 20 manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 260.9 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı bütün məhkəmə iclaslarına iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı İddiaçı ("xxxx" MMC) ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 30135 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, alıcı aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 45 manat, sonuncu ay isə 42.9 manat ödəniş etmək şərti ilə almışdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, alıcı müqaviləyə əsasən, 587.9 manat dəyərində olan əşyanı almış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 90 manat olmaqla, ümumilikdə, cəmi 347 manat ödəniş etmişdir. Hazırda, borclunun müqaviləyə əsasən, 240.9 manat əsas, 20 manat cərimə borcu olmaqla, cəmi 260.9 manat borcu qalmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2004-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı Vöen: ********** qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ağayev X2 rayonu, Digah qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 30 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşya almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. İlkin olaraq, iddia tələbinin mahiyyətindən göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin tələblərinə əsasən, alıcı-Cavabdeh satıcı-İddiaçı müqaviləyə əsasən, ümumi dəyəri 587.9 manat olan məişət əşyası almış və həmin əşyanın dəyərinə görə aylıq hissə-hissə ödənişlər etməklə iddiaçı qarşısında müqavilənin icrasına görə öhdəlik götürmüşdür. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi iddiaçını müqavilə üzrə ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bu səbəbdən də, iddiaçı müqavilə üzrə borcun məhkəmə qaydasında cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 405.1. maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaqla tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmiş, qanunvericiliyin tələblərinə uyğun bağlanmaqla həmin müqavilə üzrə öhdəlik götürmüş cavabdehdən borcun məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçı haqlı olmuşdur. Beləliklə, qanunvericiliyin və mülki iş materiallarının tələblərindən müəyyən olunduğu kimi, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi onun iddiaçı qarşısında borcun ödənilməsi öhdəliyini istisna etməmişdir. Lakin məhkəmə iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 222.2. maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, № 4 nömrəli Qərarının: 9.3. bəndinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, faiz borcu, zərər, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır.
10. bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qanunun və Plenum Qərarının hüquqi mövqeyindən də müəyyən olunur ki, məhkəmə pul tələbinin tutulması barədə iddia tələblərinə mahiyyəti üzrə baxarkən məhkəmə qətnaməsinin “Qət etdi” hissəsində cavabdehdən tutulmalı olan əsas, faiz, cərimə borcları məbləğini dəqiq şəkildə müəyyən etməli və yekun məbləği qeyd etməklə bu barədə imperativ norma nəzərdə tutulmuşdur. Hazırki işin mahiyyətindən isə cavabdehdən tutulmalı olan ödəniş məbləğini müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən əsas borca görə 90 manat, cərimə borcuna görə 20 manat olmaqla, cəmi 260.9 manat pul vəsaitinin tutulmasını xahiş etmiş, maliyyə arayışında isə həmin “90 manat” pul vəsaitini ödəniş məbləği kimi qeyd etmişdir. Başqa sözlə, iddiaçının iddia tələbi ilə iddia tələbinin əsasını təşkil edən sənədlər arasında ziddiyyət vardır ki, bu, borclunun maddi cəhətdən əlavə yüklənməsinə də səbəb olur və bu da qanunla yolverilməzdir. Başqa sözlə, iddiaçı iddia tələbinin əsasını təşkil edən mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə iddia ərizəsinə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı çıxardığından iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov