Məhkəmə qərarları › İş №e-2(012)-1013/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1013/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1013/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı istifadə edilməyən qaz sərfıyyatına görə hesablanmış qanunsuz məbləğinin silinməsi və qaz hesabından tutulan vəsaitlərin hesaba geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh İB-yə qarşı İstifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz məbləğinin silinməsi və qaz hesabından tutulan vəsaitlərin hesaba geri qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli 14-2-2/3-5-5802/Q001№-li akt üzrə qanunsuz və əsassız olaraq hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi və keçən dövr ərzində həmin cərimə borcuna görə tututlmuş pul məbləğinin hesablanaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvlərilə birlikdə ünvan 1 ünvanında birgə mülkiyyətində olan yerləşən fərdi yaşayış evində yaşayır. Təsərüfat rəhbəri atası X4 idi və bütün kommunal xidmətlərlə bağlı işlər onun adı üzərindən aparılırdı. Bu ilin 25 may tarixində cavabdeh orqanın nümayəndələri evə quraşdırılmış qaz saygacını köhnəldiyi üçün hamılıqla olan hal kimi çıxararaq gələrək qaz sayğacının köhnəldiyi üçün hamıda olduğu kimi onlara da yeni sayğac qurulacağını bildirdilər və 14/104809 nömrəli xx.xx.2023-cü il tarixli yeni müqavilə ilə yeni sayğac qurdular. Sonradan məlum oldu ki,Cavabdeh tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli 14-2-2/3-5-5802/Q001№-li akt tərtib edilmişdir. Həmin aktlara əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman guya sayğacın çıxış plastmas borusu deşilmiş olub. Bu barədə onların ünvanda yuxarıda adları çəkilən aktı tərtib ediblər və atası da aktı imzalamaqdan imtina edib. Hər zaman ödənişləri vaxtı-vaxtında etmişdir. Bununla belə “Azəriqaz İB” tərəfindən qanunsuz akt tərtib edilmiş və dəymiş ziyan kimi ümumi olaraq 3110.40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. 03.iyun 2023-cü il tarixdə atası dünyasını dəyişdi. Artıq ev təsərrüfatına o, rəhbərlik edir. Sözügedən akt qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən ailədən heç kimin bununla bağlı heç bir məlumatı olmamışdır. “Azərqaz” İB isə qanunvericiliyin tələblərini pozaraq iştiraklarını təmin etmədiyi halda aktların yekun hissəsində aktı imza etməkdən imtina edildiyini qeyd etmişdir. Onun tərəfindən sayğaca heç vaxt heç bir müdaxilə olunmamışdır. Sayğac çıxarılarkən hər hansı bir vizual görünüşlü müdaxilənin olması barədə onların yanında olmağına baxmayaraq ona məlumat verilməmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 may 2023-cü il tarixli aktı isə onların heç birinin xəbəri olmadan tərtib etmişlər. Ümumiyyətlə bu barədə ona yerində heç bir məlumat verməmişlər. Azəriqaz İB-nin əməkdaşları tərəfindən qanunvericilin tələblərinə əməl olunmamış, iştirakı təmin olunmamış, qanunsuz, əsassız və saxta olaraq akt tərtib edilmiş, iş üzrə hallar araşdırılmamışdır. Sonradan ona məlum olmuşdur ki, onun adına əsassız olaraq 3110.40 manat məbləğində borc hesablanmışdır və hazırda da işlətdiyi qaza görə ödədiyi məbləğin yarısı həmin borcdan silinməkdədir. Odur ki, ona hesablanmış borc tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır. Məhkəmə gedişatında iddiaçı X5 vəkili-nümayəndəsi Nümayəndə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində İddiaçı cəlb edilməsini xahiş etmiş, İddiaçı məhkəmə tərəfindən əsl iddiaçı qismində işə cəlb edilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 31 may 2023-cü il tarixli ******* №-li aktdan görünür ki, qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu deşilməsi müəyyən olunmuş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5- 5802/Q001№-li nömrəli akta əsasən G-4 markalı 1202AQ**********4 nömrəli sayğacın çıxış plastmas borusu deşikdir. Qaz sayğacının nominal qaz sərfi 6 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6x24x180=25920 kub metr sərfiyyat hesablanmışdır. İş materiallarında olan X3 məxsus abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinə (Abonent kodu: **********00220) 3110 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ № 361575 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdibad qəsəbəsində ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubuna əsasən, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2023-cü ildə ölmüş X1 miras qalmış əmlaka dair oğlu İddiaçı müraciət etmiş və miras qoyan X2 hüquqi varisidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 3110,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Həmçinin X2 xx.xx.2023-cü il tarixdə ölməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda Viktor Rzayevin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Bu da akt tərtib edilərkən abonentin iştirakı olmadan tərtib edildiyinə əsas verir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh İB tərəfindən hesablanan 3110,40 manat məbləğində cərimənin istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 3110,40 manat borc silinməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin keçən dövr ərzində həmin cərimə borcuna görə tututlmuş pul məbləğinin hesablanaraq qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 3110,40 manat borc hesablandıqdan sonra iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə pul ödənişləri həyata keçirilmişdir. Hazırda abonent tərəfindən hesaba ödənilmiş məbləğin geri qaytarılması mexanizmi mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 3110,40 manat cərimənin silinməsi, özü-özlüyündə, cərimə üçün ödənilmiş pulun abonent tərəfindən sonradan sayğaca əsasən istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsində nəzərə alınması üçün əsasdır. Bu səbəbdən də, məhkəmə iddianı həmin hissədə təmin etmir və izah edir ki, həmin məbləğ iddiaçının istifadə edəcəyi qazın dəyərinin ödənilməsində cavabdeh tərəfindən nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51,11 (əlli bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 3110,40 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 51,11 (əlli bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 3110,40 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən **********00220 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 51,11 (əlli bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar