Məhkəmə qərarları › İş №e-2(012)-1035/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1035/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1035/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 322.9 manat əsas, 48.4 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 245.9 manat əsas, 36.8 manat cərimə və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 199.9 manat əsas, 29.9 manat cərimə olmaqla, ümumilikdə, cəmi 883.8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Apple” markalı qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 499.9 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, aldığı “Xiaomi” markalı mobil telefona və smart saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla, cəmi 369.9 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, aldığı “Xiaomi” markalı mobil telefona, “Baseus” markalı qulaqlığa və uşaq oyuncağına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla, cəmi 349.9 manat, ümumilikdə isə üç müqavilə üzrə 1219.7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq cəmi qalıq qalmış 768.7 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1151 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 1151 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni, 115.1 manat ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 322.9 manat əsas, 48.4 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 245.9 manat əsas, 36.8 manat cərimə və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 199.9 manat əsas, 29.9 manat cərimə olmaqla, ümumilikdə, cəmi 883.8 manat borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 42 manat, sonuncu ay 38 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 31 manat, sonuncu ay 28.98 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 30 manat, sonuncu ay 19.97 manat ödəniş etmək şərti ilə almışdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 322.9 manat əsas, 484 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 245.9 manat əsas, 368 manat cərimə və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 199.9 manat əsas, 299 manat cərimə olmaqla, ümumilikdə, 883.8 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Nəcəfov X1 rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilələr üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 322.9 manat ödənilməmiş hissə üzrə hesablanmış 48.4 manat cərimənin, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 245.9 manat ödənilməmiş hissə üzrə hesablanmış 36.8 manat cərimənin və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 199.9 manat ödənilməmiş hissə üzrə hesablanmış 29.9 manat cərimənin azaldılaraq hər birinin 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 322.9 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 245.9 manat əsas, 5 manat cərimə və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 199.9 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə, cəmi 783.7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 322.9 (üç yüz iyirmi iki manat doxsan qəpik) manat əsas, 5 (beş) manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 245.9 (iki yüz qırx beş manat doxsan qəpik) manat əsas, 5 (beş) manat cərimə və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 199.9 (yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla, ümumilikdə, cəmi 783.7 (yeddi yüz səksən üç manat yetmiş qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar