Məhkəmə qərarları › İş №e-2(012)-1048/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1048/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1048/2025 07.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 139,4 manat əsas borc, 20,9 manat cərimə borcu olmaqla, ümumilikdə 160,3 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Samsung» markalı mobil telefon və qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 529,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 01 manat ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış və Cavabdeh İddiaçı MMC-dən «Samsung» markalı mobil telefon və qulaqcığı qəbul edib, 18 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 529,40 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə Cavabdehn;n İddiaçı MMC-yə 139,4 manat əsas borc, 20,9 manat cərimə borcu olmaqla, ümumilikdə 160,3 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış 20,9 manat məbləğində cərimə 5 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 139,4 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 144,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar