Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1057/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və tikinti materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (bundan sonra mətndə ARDNŞ-nin Qaz İxrac İdarəsi adlanacaq) Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və tikinti materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ARDNŞ-nin Qaz İxrac İdarəsinin Abşeron Magistral X2 balans və istismarında olan 530 mm diametrli “Novxanı-Digah” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Digah qəsəbəsindən keçən hissəsində, 39 T 0404864; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı ARDNŞ-in Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ARDNŞ-nin Qaz İxrac İdarəsinin Abşeron Magistral X2 balans və istismarında olan 530 mm diametrli “Novxanı-Digah” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Digah qəsəbəsindən keçən hissəsində, 39 T 0404864; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X2 balans və istismarında olan 530 mm diametrli “Novxanı-Digah” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Digah qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 0404864; ******* koordinatı üzrə, daha dəqiqliklə, qaz kəmərindən “27” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən rəsmi dövlət qurumlarına məlumat verilmişdir. Azərbaycan Respublikasının Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/2-932/2024 nömrəli cavab məktubunda bildirilir ki, Cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və icarə hüquqları olmadan qaz kəmərinin mühafizə zonasında fərdi yaşayış məqsədilə tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi ərazisində 530 mm diametrli “Novxanı-Digah” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qaz kəmərinin “27” metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə X3 Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərininmühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdehin mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət AR Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ARDNŞ-nin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, torpağın çıxarışı yoxdur, bələdiyyə sənədi var. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Böyükşor XİX-nin rəisi V.Zeynalov, mühəndisi O.Əhmədov və çilingəri K.Aslanzadə tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Qaz İxrac İdarəsindən göndərilmiş SOCAR-ın Baş ofisi tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2/3-6-25xx-xx/2024 nömrəli məktubda göstərilmiş əraziyə baxış keçirilmiş və heç bir qanunsuz tikili aşkar olunmamışdır. Cavabdeh istifadəsində olan torpaq sahəsinin mühafizə zonasında məsafəsinin araşdırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Abşeron MQKS-nin balans və istismarında olan 530 mmlik 1,2 Mpa Novxanı-Digah qaz kəmərinin 0.4-cü km. hissəsinə 39 T (0404864 4482266) növbədən kənar baxış keçirərkən məlum olmuşdur ki, kəmərin Abşeron rayonu ərazisində vətəndaş Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsindəki yaşayış ev kəmərin mühafizə zonasından 27 metr məsafəsində yerləşir. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/2-932/2024 saylı sorğuya cavab məktubundan görünür ki, məktubda Abşeron rayonu, Digah qəsəbəsi (X-0404864, Y-4482266 saylı koordinatlar) ərazisində aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Məktubda qeyd olunan ünvana baxış keçirilmiş, aparılan tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq olunmuşdur. -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-17182/2025 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmış, aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Necas elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam olaraq qaz kəmərinin mühafizə zolağında yerləşir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...˝. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin: 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə˝ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ARDNŞ-in Qaz İxrac İdarəsinin balansında olan magistral qaz kəmərinin mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin subyektiv hüququ mübahisə olunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Digah qəsəbəsi ünvanda Cavabdeh tərəfindən aparılmış qanunsuz fərdi yaşayış evi ARDNŞ-nin Qaz İxrac İdarəsinin Abşeron Magistral X2 balans və istismarında olan 530 mm diametrli “Novxanı-Digah” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Digah qəsəbəsindən keçən hissəsində, 39 T 0404864; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Hazırki iş üzrə cavabdeh nəinki lazımi icazələr almadan, üstəlik şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla fərdi yaşayış evi inşa etmişdir. Eyni zamanda iş materialları, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 3-32/2-17182/2025 saylı mütəxəssis rəyindən görünür ki, iddia ərizəsində həmin ərazidə cavabdeh tərəfindən inşa edildiyi irəli sürülən daş hasar aşkarlanmamış, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** qəbz əsasında dövlət büdcəsinə 100 manat dövlət rüsumu, həmçinin mütəxəssis rəyi üçün 95 manat pul ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun yarısı, yəni 50 manat hissəsi, həmçinin 95 manat mütəxəssis tədqiqatının dəyərinin yarısı, yəni 47.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, dövlət rüsumu və mütəxəssis tədqiqatının dəyərinin qalan yarısı iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia qismən təmin edilməli, ARDNŞ-nin Qaz İxrac İdarəsinin Abşeron Magistral X2 istismarında olan 530 mm diametrli “Novxanı-Digah” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Digah qəsəbəsindən keçən hissəsində, 39 T 0404864; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Digah qəsəbəsi ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi onun hesabına sökülərək ərazidən çıxarılmalı, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi, həmçinin 95 manat mütəxəssis tədqiqatının dəyərinin 47.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, qalan dövlət rüsumunun 50 manat hissəsi və mütəxəssis tədqiqatının dəyərinin 47.5 manat hissəsi iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ARDNŞ-nin Qaz İxrac İdarəsinin Abşeron Magistral X2 istismarında olan 530 mm diametrli “Novxanı-Digah” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Digah qəsəbəsindən keçən hissəsində, 39 T 0404864; ******* koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Digah qəsəbəsi ünvanda Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi və 95 manat mütəxəssis tədqiqatının dəyərinin 47.5 manat hissəsi Cavabdeh tutularaq iddiaçı Qaz İxrac İdarəsinin bank hesabına (VÖEN: **********, Hesab: AZ60İBAZ********************, Bank: ABB ASCnin Xətai filialı, Kod: 805625, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, AWİFT: İBAZAZ2X) ödənilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 47.5 manat mütəxəssis tədqiqatının dəyəri iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1057/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1057/2025
17.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver