Məhkəmə qərarları › İş №e-2(012)-1073/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1073/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1073/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 8750 manat məbləğində vurulmuş zərər və 107,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 8857,50 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “OPEL VECTRA” markalı, 90–BG–386 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyulun 25-də Cavabdeh idarə etdiyi “OPEL VECTRA” markalı, 90–BG–386 dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində “MERCEDES BENZ 200” markalı, 10–TP–924 dövlət nömrə nişanlı və “OPEL ASTRA” markalı, 10–SH–264 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində X6 AZ AĞİR, X7 YÜNGÜL, X8 AZ AĞİR dərəcəli xəsarətlər almışdır. Abşeron RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən 06 sentyabr 2021-ci il tarixində cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində inzibati qaydada tədbir ötrü qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Abşeron RPİ-nin DYPŞ-in xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 327.2-ci və 3237.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Abşeron RPİ-nin DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 327.2-ci və 3237.8-ci maddələri ilə təqsirli bilnmişdir. Başqa sözlə deyilsə, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi cinayət işinin rədd edilməsi haqqında qərar və inzibati xəta haqqında qərarla müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş 1945 nömrəli ekspert rəyinə əsasən X8 AZ AĞİR dərəcəli xəsarət alması 2021-ci il iyulun 25-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş 1709 nömrəli ekspert rəyinə əsasən X6 AZ AĞİR dərəcəli xəsarət alması 2021-ci il iyulun 25-də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 tərəfindən verilmiş 1710 nömrəli ekspert rəyinə əsasən X7 YÜNGÜL dərəcəli xəsarət alması 2021-ci il iyulun 25-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi, təsdiqini tapmışdır. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ 200” markalı, 10–TP–924 dövlət nömrə nişanlı avtomobilə 5985 manat məbləğində ziyan dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “OPEL ASTRA” markalı, 10–SH–264 dövlət nömrə nişanlı avtomobilə 3030 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 47.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.4-cü maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda 30 faiz nisbətində ödənilir (5000 manat x 30 faiz = 1500 manat). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda 15 faiz nisbətində ödənilir (5000 manat x 15 faiz = 750 manat). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Beləliklədə, sığorta ödənişi aşağıdakı qaydada hesablanmışdır: 5000 manat (sığorta məbləği) : 9015 manat ümumi zərər məbləği (5985 + 3030) = 0.**********7 0.**********7 x 5985 = 3319.47 manat 0.**********7 x 3030 = 1680.53 manat İddiaçı xx.xx.2021-ci il tarixində 1680.53 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X9 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3319.47 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1500 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X4 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1500 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 750 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, işə iddia tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı “"xxxx" ASC ilə sığortalanan-onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta 1 müqaviləsinin şərtlərinin pozulması və eyni zamanda, sığortaçı "xxxx" ASC ilə müqaviləsi ilə əsaslandırılmış 8750 (səkkiz min yeddi yüz əlli ) manat əsas borcun, 107.50 (bir yüz yeddi manat, əlli qəpik) manat dövlət rüsumu, ümumilikdə 8857.50 (səkkiz min səkkiz yüz əlli yeddi manat, əlli qəpik ) manat pulun tutularq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti- “sığortaçı” və o - “sığortalanan” olmaqla, bağlanmış OPEL VECTRA" markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən 30.08.202 l-ci ilədək "xxxx" ASC-də İcbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta 1 illik müqavilə bağlanılmışdır. İş materiallarına əlavə edilmiş sığorta müqaviləsindən göründüyü kimi müqavilə “OPEL VECTRA" markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən 30.08.202l-ci ilədək "xxxx" ASC-de İcbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta 1 illik müqaviləsi bağlanılmışdır. 30 avqust 2020-ci il tarixədək 12 ay müddətinə bağlanmışdır və onun icra müddəti 30 avqust 2021-ci ildə başa çatmışdır. Belə ki, müqavilənin icra müddətinin 30 avqust 2021-ci ildə başa çatması nəzərə alsınsa, hazırkı sığorta borcun tələb edilməsi üzrə iddia müddəti 30 avqust 2024cü ildə başa çatmışdır. Sığorta borcun ödənilməsi ilə yanaşı müqavilə üzrə öhdəliyin icrasının tələb edilməsi üçün iddia müddətinin ötürülməsi də bu iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi 04 dekabr 2024-ci il tarixli iddia ərizəsi və ona əlavə edilmişdir. Sənədlər Abşeron rayon məhkəməsinə daxil olmuşdur. 30 avqust 2021-ci ildə başa çatmasını nəzərə alsaq hazırkı sığorta borcun tələb edilməsi üzrə iddia müddəti 30 avqust 2024-cü ildə başa çatmışdır. Abşeron rayon məhkəməsinə iddia ərizəsi 97 gün gec daxil olunmuş müddətin buraxılmasi barədə heç bir üzrlü səbəb göstərilməmişdir. “Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyətinin müqavilənin icra müddətinin 30 avqust 2021-ci ildə başa çatmasını nəzərə alsaq hazırkı sığorta borcun tələb edilməsi üzrə iddia müddəti 30 avqust 2024-cü ildə başa çatmışdır. İddiaçının Abşeron rayon məhkəməsinə Mülki Məcəllənin göstərilən müddəti nəzərə almaqla müraciətin sonuncu günü 30 avqust 2024-ci il olmaliydi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci yə 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə ahı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hazırkı mübahisəyə üç illik iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun iştirakı olmadan keçirilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsinə əsasən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış-Cavabdeh idarə etdiyi “OPEL VECTRA” markalı, 90–BG–386 dövlət nömrə nişanlı avtomobillə 2021-ci il iyulun 25-də Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində “MERCEDES BENZ 200” markalı, 10–TP–924 dövlət nömrə nişanlı və “OPEL ASTRA” markalı, 10–SH–264 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində X6 AZ AĞİR, X7 YÜNGÜL, X8 AZ AĞİR dərəcəli xəsarətlər almışdır. -"xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2021-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubdan görünür ki, ASC tərəfindən 8750 manat sığorta ödənişinin 7 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Abşeron RPİ-nin DYPŞ-in xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 327.2-ci və 3237.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. -Abşeron RPİ-nin DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 327.2-ci və 3237.8-ci maddələri ilə təqsirli bilnmişdir. -Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli qüsur aktlarından görünür ki, "OPEL ASTRA" markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobilə 3030 manat, "MERCEDES BENZ 200" markalı, **-TP-*** dövlət nömrə nişanlı avtomobilə 5985 manat zərər dəymişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -X5 MMC-nin xx.xx.2025-ci il tarixli 180 saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qüsur aktlarına əsasən "OPEL ASTRA" markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə - 2,220.75 manat, "MERCEDES BENZ 200" markalı, **-TP-*** dövlət nömrə nişanlı avtomobillərə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə - 3,650.50 manat olaraq müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, sığorta aktına əsasən, "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış-Cavabdeh idarə etdiyi “OPEL VECTRA” markalı, 90–BG–386 dövlət nömrə nişanlı avtomobillə 2021ci il iyulun 25-də Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində “MERCEDES BENZ 200” markalı, 10–TP–924 dövlət nömrə nişanlı və “OPEL ASTRA” markalı, 10–SH– 264 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində X6 AZ AĞİR, X7 YÜNGÜL, X8 AZ AĞİR dərəcəli xəsarətlər almışdır. İddiaçının təqdim etdiyi Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli qüsur aktlarından göründüyü kimi "OPEL ASTRA" markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomobilə 3030 manat, "MERCEDES BENZ 200" markalı, **-TP-*** dövlət nömrə nişanlı avtomobilə 5985 manat zərər dəymişdir. Cavabdeh inzibati xətayla təqsirli bilinmiş və ona inzibati tənbeh verilmişdir. Göstərilənlərə əsasən iddiaçı məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 8750 manat məbləğində vurulmuş zərər və 107,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 8857,50 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən qüsur aktına əsasən 3030 və 5985 manat dəymiş zərər hesablanmışdır. Lakin ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 2220,75 və 3650,50 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində göstərilən dəymiş zərər məbləğlərini daha ədalətli və düzgün hesab edir. Bu səbəbdən dəymiş zərər məbləği ümumilikdə 5871,25 manat olaraq qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 47.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.4-cü maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs az ağır və ya ağır xəsarət aldıqda 30 faiz nisbətində ödənilir (5000 manat x 30 faiz = 1500 manat). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs yüngül xəsarət aldıqda 15 faiz nisbətində ödənilir (5000 manat x 15 faiz = 750 manat). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Beləliklə də məhkəmə hesab edir ki, sığorta ödənişi aşağıdakı sadə riyazi üsulla qaydada hesablanmalıdır: 5000 manat (sığorta məbləği) : ekspert rəyinə uyğun olaraq 5871,25 manat ümumi zərər məbləği (2220,75 + 3650,50) = 0,851607; 0,851607 x 3650,50 = 3108,70 manat; 0,851607 x 2220,75 = 1891,21 manat; 3108,79 + 1891,21 =5000. Bundan əlavə iddiaçının xx.xx.2021-ci il tarixində 1500 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X4, 1500 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 və 750 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə ödənilmiş 3750 manat (1500+1500+750=3750) pul vəsaiti və avtomobillərə görə ödənilmiş ümumilikdə 5000 manat məbləği olmaqla, cəmi 8750 manat (5000+3750=8750) pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan əlavə məhkəmə Cavabdeh tərəfindən ünvanlanmış iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arşında müqavilə öhdəlikləri yoxdur. Cavabdehə qarşı tələb müqavilə öhdəliklərindən irəli gəlmir, sığorta tərəfi deyil 3-cü şəxsdən zərər tələbindən irəli gəlir. Ona görə də, iddia müddətinə 10 illik iddia müddəti tədbiq edilir. Mülki Məcəllənin; 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə qanunun tələblərini nəzərə alaraq hesab edir ki, iddia müddəti ötürülmədiyindən cavabdehin ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq); 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 107,50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 8750 (səkkiz min səkkiz yüz əlli) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 107,50 (yüz yeddi mant əlli qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar