Məhkəmə qərarları › İş №e-2(012)-1129/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1129/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1129/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi əsasında yaranmış borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi əsasında yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2574 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 45,74 manat məbləği, ümumilikdə 2619,74 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Məhsulun nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında ********* saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə dəyəri 4.074 (dörd min yetmiş dörd) manat məbləğində Türkiyə, Antalyaya 3-nəfərlik 6 günlük (09.07.23-14.07.23 il tarixədək) Vata-**********926 Tur paketi (bilet,otel, transfer, sığorta – AYDİNBEY QUEENS PALACE 5* Belek) 9 ay müddətinə hissə-hissə ödənilməklə satılmışdır. Cavabdeh tərəfindən ilkin ödəniş kimi 1500 manat ödənilmiş, qalan məbləğ hər ayın 05-də (2023-cü ilin avqust ayından başlayaraq) 286 manat ödənilməklə hissələrə bölünmüşdür. Nəticədə cavabdeh 9 ay müddətində 2574 manat ödəməli idi. Lakin, cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir. Hal-hazırda cavabdehin borcu 2574 manat təşkiledir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli ********* saylı məhsulların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilədən və ona edilən əlavələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi qiyməti 4074 manat olan Vata-**********926 Tur paketi almış, buna görə 1500 manat ilkin ödəniş etməklə, qalan məbləği isə 9 ay ödəniş cədvəli üzrə hər ay 286 manat olmaqla, cəmi 2574 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx-2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 2574 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə pretenziyanı göndərərək sözügedən müqaviləyə birtərəfli qaydada xitam verilməsini bildirmiş və iddiaçıya olan 2574 manat məbləğində borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia ərizəsinin verilməsi üçün 45,74 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də Cavabdeh 2574 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 45,74 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 45,74 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2574 manat əsas borc və ödənilmiş dövlət rüsumu üçün 45,74 manat məbləğində pul vəsaiti, ümumilikdə 2619,74 manat pul tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli İş № e-2(012)-1129/2024 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Abşeron Rayon Məhkəməsi 25 yanvar 2024-cü il Xırdalan şəhəri Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi əsasında yaranmış borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hakim mülki iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət başladı. Sədrlik edən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qətnamə qəbul edir. Prosessual hərəkət qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar