Məhkəmə qərarları › İş №e-2(012)-1130/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1130/2024

19.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1130/2024 19.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1410,79 manat borcun tutularaq **********000 saylı abonent koduna və 34,11 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, iddiaçı "Azərsu” ASC ilə Cavabdeh arasında su təchizatı və çirkab sularının axıdılması xidmətlərinə görə xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış, cavabdehin adına abonent kodu açılmışdır. Su sərfiyyatının ölçülməsi məqsədilə "Azərsu” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su sayğacı quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 1410,79 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 19111949 nömrəli, C227921 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh 2021-ci il üzrə 340,07 manat məbləğində sərfiyyatı olmuş, cavabdeh isə həmin borca görə 1 manat ödəniş etmişdir. Cavabdeh 2016-cı ildən sonrakı dövr üçün cəmi 1771 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh yaranmış borc üzrə müəyyən məbləğdə ödənişlər etmiş, hazırda iddiaçı təşkilat cavabdehdən 1411,79 manat borcun ödənilməsini tələb edir. ünvan 1 ünvanında sayğac quraşdırıldığı tarixə qədərki, yəni xx.xx.2020-ci il tarixə qədərki sərfiyyat Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi normativ qaydalara uyğun hesablanmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddianı qismən qəbul edir. Əvvəllər ünvan 1 ünvanında yaşayış olmamışdır, daha sonra o, həmin ünvanda ev tikdirmişdir, hazırda onun həyətində iki fərdi yaşayış evi vardır.Onun tərəfindən müəyyən ödənişlər aparılmış, İddiaçı ASC tərəfindən onun adına hesablanmış qalan məbləği isə hissə-hissə ödəniş edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 1410,79 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 1411,79 manat borcu vardır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı "Azərsu” ASC ilə Cavabdeh arasında su təchizatı və çirkab sularının axıdılması xidmətlərinə görə xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış, cavabdehin adına abonent kodu açılmış, "Azərsu” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin kartından göründüyü kimi Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 2016-cı il tarixdən sonrakı dövr üzrə 1411,79 manat borcu vardır. Cavabdeh ötən müddət ərzində xx.xx.2021ci il tarixdə 1 manat; xx.xx.2023-cü il tarixdə 200 manat; xx.xx.2023-cü il tarixdə 50 manat; xx.xx.2023-cü il tarixdə 20 manat; xx.xx.2023-cü il tarixdə 30 manat; xx.xx.2024-cü il tarixdə 50 manat və xx.xx.2024-cü il tarixdə 30 manat olmaqla, ümumilikdə 381 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sayğac quraşdırıldığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən iddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixədək, yəni xx.xx.2023-cü il tarixədək hesablanmış borca görə pul tutulmalı, 2020-ci il üzrə 165 manat, 2021-ci il üzrə 339,07 manat, 2022-ci il üzrə 312 manat, 2023-cü il üzrə 24 manat olmaqla, 2020-2023-cü illər üzrə hesablanmış cəmi 840,07 manat pul cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən,Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011 -ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,34,11 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021 -cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,34,11 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 34,11 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu:**********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 840,07 manat borc və 34,11 manat dövlət rüsumu üzrə xərclər tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar